Ömrün ikinci əsri - FOTOLAR
Oçerk
Ömür suya bənzər. Axar, gedər. Yolu hamar, maneəsiz olanda su öz yatağından on illərlə həzin-həzin, sakit-sakit axıb getdiyi kimi, insan ömrü də belədir, yolunu tapdısa, bu yolda keşməkeşlərlə rastlaşmadısa, ötər, gedər: sakit-sakit, həzin-həzin. Və yaxud, su axarkən qarşıdakı məneə onu ətrafa dağıtdığı, daşa, qayaya çırpdığı kimi, ömür yolunun da keçilməzlikləri onu bəzən yarıda qoyur, nakam insan taleyinə çevirir. Elə bu cəhətlərdən də su yolu ilə insan ömrünü bir-birinə oxşadırıq. Maneələrlə rastlaşan su yolunun “ömrü” qədər qısa da, özünə yol tapan su yolu qədər uzunömürlü də olur insan ömrü.
Həyat yolunun uzunömürlülük zirvəsinə çatan insanlardan biri-Şahbuz rayonunun Şahbuz şəhərində yaşayan 110 yaşlı Ceyran nənə haqqında danışmaq istəyirəm. Onunla görüşə gedəndə evinin həyətində ahəstə-ahəstə gəzişirdi. Ömrünün bir əsrini tarixə verib, ikinci əsrinin şahidliyinə başlayan anaya yaxınlaşıram. Qarşımda qadınlığın ən uca zirvəsi-sanki ana “abidəsi” dayanıb. Əlini alıram əllərimin içinə, sığal çəkirəm. Bu sığal hamar getmir, bir əsrin bəxşişi olan qırışları təmas edir əllərimə. Bu qırışlar mənə nələr deyir… Qarşımdakı evin hər daşında, suvağında, həyətdəki hər cür meyvə ağaclarında, göz oxşayan gül kollarında bu əlləri görürəm. Ceyran nənənin 84 yaşında vəfat edən həyat yoldaşının ona əmanət etdiyi 8 övladının- altı qızının, iki oğlunun hər birinin simasında, saçlarındakı sığalda bu əlləri görürəm. Ceyran nənənin söhbətləri məni onun gənclik illərinə də aparır. Arxa cəbhə veteranı olan bu məğrur qadının 1941-1945-ci illərdə-İkinci Cahan Müharibəsinin ağrılı-acılı günlərində çiyinlərini elə müharibə qədər ağır işlərin altına verdiyini, qadınlarla birlikdə səngər qazdıqlarını, səhərin sübhündən axşamadək əkin-biçinlə məşğul olduqlarını xəyalımda canlandıranda bu əllərin qırışları sanki dilə gəlir, aid olduğu insanın zəhmətkeşliyindən, cəfakeşliyindən bir də o “söhbət” açır.
Ceyran nənə uzunömürlülüyün səbəbini belə açıqlayır:- Uzunömürlülükdə üç şərt var. Bunlardan birincisi insanın yaşadığı mühitdir. Şahbuz dağ rayonudur. Burada hava çox təmiz, sular saf, günəş boldur. Bu torpaqlarda bitənlərin hamısı cana dərman, məlhəmdir. Süfrəmdə həm də bu dağların, dərələrin yetirdiyi-bitirdiyi nemətləri bol eləmişəm. Biz bu mühitdə dünyaya göz açmışıq, ona görə də bu təbiətin bəxş etdiyi nemətlərlə qidalanmaq sağlam, uzun ömür yaşamağımıza səbəbdir.
İkincisi həyat tərzidir ki, insan gərək hərəkətli, işgüzar, zəhmətkeş olsun. Çalışdığı yerdə də, evində də gördüyü işə can yandırsın, onu sevsin. Uzunömürlülüyün sirri inanın ki, işləməkdədir. Həyət-bacanda özünə dirrik eləməlisən. Bununla həm bazardan aldıqlarına gedən pul özünə qalır, həm də hərəkətlilik insanı bir çox xəstəliklərdən qoruyur.
Üçüncüsü isə ailədir. Ailədə bir-birinin hörmətini saxlayan, sadiq, mehriban həyat yoldaşı, valideyni əzizləyən, ona qayğı, nəvaziş bəsləyən övladlar varsa, deməli burada xoşbəxt, sakit bir həyat var. Belə həyat isə təbii ki, insanın ömrünü uzadar.
Ceyran nənə deyir ki, təbii qidalara üstünlük verməsi, fiziki işlə çox məşğul olması, bir də ki, gözəl ailəsi-qızları, oğlanları, 17 nəvəsinin hər birinin dünyaya gəlişindəki sevinci, 22 nəticəsinin nəvədən də şirin pay olması hissini duyması və nəhayət, 1 kötücəsi ilə həyatının ikinci baharını yaşaması onun bir əsri tamamlayıb, ömrünün ikinci əsrinə qədəm qoymasına səbəb olan amillərdir. Ceyran nənə övladlarından ağızdolusu danışır, bir-birinin ardınca alqışlar yağdırır, “Bu ahıl çağımda onlarsız nə edərdim?”,- deyir. Həqiqətən Ceyran nənənin övladlarından bu qədər razılıqla danışmasına haqqı var. Çünki onun nəvazişi, verdiyi tərbiyə ilə böyüyən bu övladlar rayonda sayılıb seçilən ziyalı, ictimaiyyətçi, gözəl ailə başçılarıdırlar. Bu övladların 6-nın qız olması isə Məhəmməd Peyğənbərin bir kəlamını xatırladır:-Kim iki qıza baxıb yetkinlik çağına qədər onları yetişdirirsə, Qiyamət günündə o, mənimlə belə olar. Peyğəmbər, belə deyib barmaqlarını bir-birinə keçirmişdir.
Uzun ömür yaşayıb, ölkəsinin əsarət altında yaşadığının da, müstəqilliyinin də şahidi olan, yaşadığı dövrlə ötənləri müqayisə edən ahıl qadın bu günlərin qədrini bilməyi nəsihət edir. Ceyran nənə dövlətinin ona daim göstərdiyi diqqət və qayğını da yüksək dəyərləndirir, ağızdolusu razılıq edir.
Bəli, Azərbaycan Respublikası Prezidentinin “Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı” və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən “Naxçıvan Muxtar Respublikasında ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı”nın icrasına əsasən 2009-cu ildə Ceyran nənənin evində onun 100 illik yubileyinin qeyd olunması özü və övladları tərəfindən minnətdarlıqla qarşılanıb. Şəkərli diabetdən əziyyət çəkən ahıl qadına dərman preparatlarının vaxtlı-vaxtında çatdırılması, rayon əhalisinin sosial müdafiəsi mərkəzinin kollektivi tərəfindən tez-tez həyətində iməciliklərin keçirilməsi isə muxtar respublikamızda sosial müdafiəyə ehtiyacı olan insanlara göstərilən xüsusi diqqət və qayğının təzahürüdür.
Bax beləcə, söhbətimiz get-gedə daha da şirinləşir. Ceyran nənənin oğlunun, nəvələrinin, gəlininin 110 yaşlı gözəl ana, mehriban nənə, səmimi qayınana haqqında söylədikləri xoş sözlər, şirin xatirələr sanki onun gözlərində ötən illərin hər birini ayrı-ayrılıqda əks etdirir, o gözlərdə həm sevinc, həm də ki, kədər bir-birini əvəz edir. Həm dövlətimizin, həm də övladlarının qayğısı ilə məğrur görünüşlü, üzündən-gözündən nur tökülən, şirin dilli, şirin söhbətli bu nənənin ömrünün ikinci əsri də həyat dolaylarından su kimi sakit-sakit, həzin-həzin, ahəstəcə axıb keçməkdədir…