Şagirdlər hərbi texnika ilə tanış olublar - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Döyüş Şöhrəti Muzeyində “Vətənpərvərlik” mövzusunda növbəti açıq dərs keçirilib.
Açıq dərsdə Naxçıvan şəhər 5, 7, 8 nömrəli və Babək rayon Didivar, Şıxmahmud kənd tam orta məktəblərinin hər birindən 20 olmaqla 100 nəfər IX-X sinif şagirdi iştirak edib.
Vətənpərvərlik mövzusunda çıxış edən məktəb hərbi rəhbərləri peşəkar hərbçi kadrların formalaşdırılmasında vətənpərvər nəslin yetişdirilməsinin əhəmiyyətindən danışıb, ümumtəhsil məktəblərində bu işin yüksək səviyyədə həyata keçirildiyini qeyd ediblər.
Şagirdlərə məlumat verilib ki, ümumi sahəsi 13 min kvadratmetr olan muzeydə müxtəlif illərdə döyüş növbətçiliyinə qəbul edilmiş silah, texnika və eləcə də müxtəlif hərbi təyinatlı avtomobillər nümayiş olunur.
Təlim-Tədris Mərkəzində isə şagirdlər bura ilə bağlı dolğun təəssürata yiyələnməklə yanaşı, həm də müxtəlif silah və döyüş maşınlarından istifadə qaydalarıyla tanış olublar.
Sonda şagirdlər üçün əsgər mətbəxi təşkil edilib.
Yaqub İsayev