Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə, komitədə Naxçıvan Dövlət Universitetinin hamiliyə verilmiş Torpaqşünaslıq və aqrokimya, Geodeziya və xəritəçəkmə mühəndisliyi ixtisaslarında təhsil alan tələbələrlə innovativ ideyaların müzakirəsi keçirilib. “İdeyadan başlanğıca” devizi altında yeni ideyaların üzə çıxarılması, yaradıcı düşüncənin inkişaf etdirilməsi üçün bu cür görüşlərin müntəzəm keçiriləcəyi qeyd edilib. Hamiliyə verilmiş ixtisaslarda təhsil alan tələbələrin bacarıqlı mütəxəssis kimi formalaşmasında Komitə tərəfindən görüləcək işlər tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Görüş zamanı tələbələrə startap komandalarının yaradılması, layihə təqdimatının düzgün hazırlanması ilə bağlı tövsiyələr verilib. İnnovativ ideyalar dinlənilib, müzakirələr aparılıb. Tələbələri maraqlandıran suallar cavablandırılıb.
Sonda tələbələr Komitənin fəaliyyəti və iş prosesi ilə yaxından tanış olublar.