Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) velosipedçilərə müraciət edib.
BDYPİ-dən NUHÇIXAN-a verilən məlumata görə, velosipeddən istifadə edənlər də yol hərəkətinin digər iştirakçıları kimi müəyyən edilmiş qaydalara riayət etməli, özlərinin və digər hərəkət iştirakçılarının təhlükəsizliyinə məsuliyyətlə yanaşmalıdırlar.
“Müşahidələr göstərir ki, bəzi hallarda velosipedçilər tərəfindən yol hərəkəti qaydalarının pozulması təhlükəli vəziyyətlərin yaranmasına səbəb olur. Bu cür hallar müxtəlif dərəcəli xəsarətlərlə, hətta insan həyatı üçün ağır nəticələrlə yekunlaşa bilər”, - deyə BDYPİ-dən bildirilib.
Müraciət zamanı Baş Dövlət Yol Polisi İdarəsi velosiped idarə edən şəxslərə bir sıra vacib məqamları xatırladıb: “Velosiped sürərkən mobil telefondan istifadə etmək, xüsusilə əlləri sükandan çəkərək telefonla danışmaq yolverilməzdir. Bu cür davranış diqqətin yayınmasına və velosiped üzərində nəzarətin itirilməsinə səbəb olmaqla qəza riskini artırır. İstiqaməti dəyişərkən və yolayrıclarında dönərkən qəfil manevrlərdən çəkinilməli, nəzərdə tutulan manevr barədə digər hərəkət iştirakçıları əvvəlcədən müvafiq qaydada xəbərdar edilməlidir. Xüsusi velosiped yollarının və zolaqlarının mövcud olduğu ərazilərdə həmin yol və zolaqlardan istifadə edilməli, belə imkan olmadıqda isə yol hərəkəti qaydalarının tələblərinə uyğun olaraq yolun sağ kənarı ilə hərəkət edilməlidir”.
