Hüquq mühafizə orqanları arasında keçirilən peyntbol yarışının qalibi müəyyənləşib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, hüquq mühafizə orqanları arasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş “Heydər Əliyev kuboku” uğrunda peyntbol üzrə Naxçıvan Muxtar Respublika birinciliyi keçirilib.
Yarış Atıcılıq Mərkəzinin peyntbol meydançasında reallaşıb. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Atıcılıq Federasiyasının birgə təşkil etdikləri birincilikdə 10 komanda mübarizə aparıb. Olimpiya sisteminə əsasən qalibin müəyyənləşdiyi birincilikdə Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin komandaları finala adlayıb. Həlledici qarşılaşmada Daxili İşlər Nazirliyi daha sərrast oyun nümayiş etdirərək qələbə qazanıb. Dövlət Təhlükəsizliyi Xidmətinin komandası ikinci yerdə qərarlaşıb. Ədliyə Nazirliyinin Pentensiar Xidmətinin təmsilçiləri üçüncü olublar.
Mükafatlandırma mərasimində çıxış edən Atıcılıq Federasiyasının sədri Səhət Həbibbəyli və Gənclər və İdman nazirinin müavini Mirməcid Seyidov Naxçıvan Muxtar Respublikasında idmana göstərilən xüsusi diqqət və qayğıdan danışıblar. Qeyd edilib ki, birinciliyin keçirilməsində məqsəd peyntbol idman növünün təbliğ edilməsi və ən yaxşı idmançıları seçib, yığma komandanın tərkibini müəyyənləşdirməkdir.
Sonra ilk üçlükdə yer tutan komandalara diplom və hədiyyələr təqdim olunub. Birinci yerə çıxan komanda kubokla təltif edilib.
Elvin Quliyev