Tələbə Elmi Cəmiyyətinin XIX Konfransı - FOTOLAR
Naxçıvan Müəllimlər İnstitutunun Mətbuat və ictimaiyyətlə əlaqələr xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə, təhsil ocağında Tələbə Elmi Cəmiyyətinin XIX Konfransı keçirilib.
Gənc tədqiqatçı tələbələrin qatıldığı konfransda İnstitutun rektoru Elbrus İsayev Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamının təhsilin müasir və beynəlxalq standartlar səviyyəsinə uyğunlaşmasına imkan yaratdığını qeyd edib.
Vurğulanıb ki, bu il muxtar respublikada fəaliyyət göstərən ali təhsil müəssisələri arasında ilk dəfə Naxçıvan Müəllimlər İnstitutunda “Elm aylığı” planlaşdırılıb və uğurla həyata keçirilib. Aylıq çərçivəsində görülən işlər sadalanıb. Bildirilib ki, müasir ali məktəbdə yüksək ixtisaslı, rəqabət qabiliyyətli pedaqoji kadr hazırlığında tədris, tədqiqat və innovasiyaların vəhdəti prinsipi əsas götürülür. “Tədris, tədqiqat və innovasiya” devizi altında magistrant və gənc doktorantların I Regional Elmi Konfransına son hazırlıq işləri aparılır.
Konfransın plenar iclasından sonra yekun iclası toplanıb. Bölmə rəhbərləri, həmsədrlik edən tələbələr uyğun bölmələrin işinin yekunlarına dair məlumat veriblər. Bütün bölmələrdə iclaslar mütəşəkkil və diskussiya şəraitində keçirilib.
Seyfur Hacımuradov