Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NUHÇIXAN-a verilən məlumata görə təhsil ocağında “Azərbaycan ədəbiyyatşünaslığının akademik Məmməd Cəfər Cəfərov zirvəsi” adlı elmi-praktik konfrans keçirilib.
Universitetin rektoru, AMEA- nın müxbir üzvü Saleh Məhərrəmov ölkə Prezidentinin sərəncamı ilə akademik Məmməd Cəfər Cəfərovun 110 illiyinin geniş şəkildə qeyd edilməsindən danışıb.
Tədbirdə professor Hüseyn Həşimli və Filologiya üzrə fəlsəfə doktoru İman Cəfərov akademikin həyatı və ədəbi fəaliyyəti ilə bağlı çıxış ediblər. Vurğulanıb ki, ömrünün 60 ilə yaxın bir dövrünü ölkədə ədəbi-nəzəri fikrin inkişafına həsr edən akademik ədəbiyyatın tarixi və nəzəriyyəsi, ədəbi əlaqələr və eləcə də, estetikanın aktual məsələlərinə dair fundamental araşdırmaları ilə Azərbaycan ədəbiyyatşünaslığını əhəmiyyətli dərəcədə zənginləşdirib.
Azərbaycan ədəbiyyatında romantizm cərəyanının təşəkkülü və inkişafının ilk müfəssəl tədqiqinin Məmməd Cəfər Cəfərovun adı ilə bağlı olduğu diqqətə çatdırılıb. Akademikin geniş əhatəli elmi irsində Cəlil Məmmədquluzadə, Nizami Gəncəvi, Mirzə Fətəli Axundzadə kimi qüdrətli söz ustalarının yaradıcılıqları xüsusi yer tutub.
Badəm Məmmədova