Bu gün “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin təsis edilməsindən üç il ötür. Üç il əvvəl Birlik təsis edilərkən qarşıya qoyulan əsas məqsəd Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini yaşatmaq, onların ailələrinin yanında olmaq, şəhid övladlarına diqqət və qayğı göstərmək, şəhid ailələrinin problemlərinin və ehtiyaclarının ictimaiyyətə çatdırılmasına, onların hüquq və mənafelərinin müdafiəsinə töhfə vermək olub. Geridə qalan üç il ərzində bu məqsədlər istiqamətində çoxsaylı tədbirlər, layihələr və sosial təşəbbüslər həyata keçirilib.
Şəhidlərimizin doğum və anım günlərinin qeyd olunması, məzarlarının ziyarət edilməsi, onların həyat və döyüş yollarının ictimaiyyətə çatdırılması Birliyin fəaliyyətində əsas istiqamətlərdən birinə çevrilib. Naxçıvan Dövlət Televiziyası ilə əməkdaşlıq çərçivəsində doğum günü olan şəhidlərimizin həyat və döyüş yolunu əks etdirən videoçarxların monitorlarda nümayişi təşkil olunub.
Əlamətdar günlərlə bağlı tədbirlərin keçirilməsi də artıq ənənə halını alıb. 20 Yanvar – Ümumxalq Hüzn Günü, Aprel döyüşləri və Sədərək döyüşlərinin ildönümləri ilə bağlı anım tədbirləri təşkil olunub, şəhidlərimizin qəhrəmanlıq yolu yad edilib. Aprel döyüşlərinin ildönümü münasibətilə Naxçıvan Dövlət Universiteti ilə birgə “Aprel döyüşləri – Böyük zəfərin başlanğıcı” adlı tədbir keçirilib. Universitetdə ilk dərs günlərində şəhid valideynlərinin iştirakı ilə açıq dərslər təşkil olunub. Bu görüşlər tələbələrin şəhidlərimizin həyat və mübarizə yolu ilə daha yaxından tanış olmasına xidmət edib.
Sədərək döyüşlərinin ildönümü münasibətilə silsilə anım tədbirləri keçirilib. Şərur və Sədərək rayonlarının Şəhidlər xiyabanları ziyarət olunub, döyüşlərdə şəhid olan qəhrəmanlarımızın xatirəsi ehtiramla yad edilib. Müxtəlif rayonlarda təşkil olunan tədbirlərdə Sədərək döyüşlərinin tariximizdəki yeri və şəhidlərimizin qəhrəmanlığı bir daha diqqətə çatdırılıb.
Şəhid ailələri və övladları üçün bayram və istirahət proqramlarının təşkili də Birliyin fəaliyyətində ənənəvi xarakter alıb. Novruz bayramı münasibətilə şəhid övladları üçün bayram şənlikləri keçirilib, onların sevincinə şərik olunub. Şəhid övladlarının asudə vaxtlarının səmərəli təşkili məqsədilə Ağbulaq İstirahət Mərkəzinə iki günlük səfər, eləcə də Ərəfsədə yerləşən “Aquamar” istirahət mərkəzinə birgünlük tur təşkil olunub.
Şəhid ailələri və övladlarının Azərbaycanın tarixi Zəfər məkanları ilə tanışlığına da diqqət göstərilib. 70 nəfər şəhid ailəsi və övladının Şuşa şəhərinə səfəri təşkil olunub. Qarabağın incisi Şuşaya səfər iştirakçılar üçün həm mənəvi, həm də tarixi baxımdan yaddaqalan olub.
Əlahiddə Ümumqoşun Ordusu ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində bir sıra birgə tədbirlər keçirilib. Şəhid ailələri və övladlarının hərbçilərlə görüşləri təşkil olunub, onların hərbi həyatla tanışlığına və vətənpərvərlik ruhunun gücləndirilməsinə imkan yaradılıb.
İctimai Birliyin təsisçisi və sədri tərəfindən Birliyin tərkibində fəaliyyət göstərən gənclər təşkilatının sədrinin təşkilatçılığı ilə gənclərlə mütəmadi görüşlər keçirilib. Görüşlərdə şəhidlərimizin həyat və mübarizə yolu, vətənpərvərlik və milli-mənəvi dəyərlər barədə fikir mübadiləsi aparılıb. Könüllü gənclərin Birliyin keçirdiyi tədbirlərdə fəal iştirakı təmin edilib.
Azərbaycan-Türkiyə qardaşlığının şəhid ailələri və qazilər səviyyəsində möhkəmləndirilməsi istiqamətində də mühüm addım atılıb. “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin təşkilatçılığı ilə Naxçıvandan olan şəhid ailələri və qazilərin Türkiyənin İğdır əyalətində türkiyəli şəhid ailələri və qazilərlə görüşü təşkil olunub. Görüşdə qarşılıqlı fikir və təcrübə mübadiləsi aparılıb, qardaş ölkələrin şəhid ailələri və qaziləri arasında əlaqələrin möhkəmləndirilməsinə töhfə verilib.
2026-cı ildə də Birliyin fəaliyyəti əvvəlki illərdə olduğu kimi, müxtəlif istiqamətlər üzrə davam etdirilib. Yanvar ayında əlamətdar günlərlə bağlı tədbirlər keçirilib, şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub. Mart ayında Novruz bayramı ərəfəsində şəhid övladları üçün bayram şənliyi təşkil edilib. Bayram sevinci şəhid ailələri ilə bölüşülüb, uşaqlar üçün yaddaqalan anlar yaradılıb.
May və iyun aylarında Azərbaycanın mədəniyyət və incəsənət nümayəndələrinin Naxçıvana səfərləri zamanı onların müraciəti əsasında şəhid ailələri ilə görüşləri təşkil olunub. Görüşlərdə şəhid ailələri ilə səmimi fikir mübadiləsi aparılıb, qəhrəmanlarımızın həyat və döyüş yolu barədə söhbətlər edilib.
İyul ayında isə şəhid övladlarının intellektual və sosial inkişafına yönəlmiş “Şəhid övladlarının intellektual inkişaf proqramı” layihəsi çərçivəsində Ağbulaq İstirahət Mərkəzində iki günlük yay düşərgəsi təşkil olunub. Düşərgədə şəhid övladları və şəhid xanımları üçün intellektual və yaradıcı fəaliyyətlər, komanda oyunları, idman yarışları, maarifləndirici görüşlər və müxtəlif istirahət proqramları keçirilib. “Şəhid övladları ilə gələcəyə baxış” mövzusunda görüş təşkil olunub, onların təhsili, gələcək hədəfləri və şəxsi inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb. Layihə çərçivəsində Batabat Astrofizika Rəsədxanasına və Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkına ekskursiyalar da təşkil olunub.
Üç il ərzində həyata keçirilən tədbir və layihələr Birliyin fəaliyyətinin yalnız bir hissəsidir. Bu fəaliyyətin arxasında dayanan əsas məqsəd isə dəyişməyib: şəhidlərimizin adını və əziz xatirəsini yaşatmaq, şəhid ailələrinin yanında olmaq, onların övladlarına diqqət və qayğı göstərmək.
Birliyin mətbuat katibi kimi fəaliyyətin ictimaiyyətə çatdırılması, şəhidlərimizin həyat və döyüş yollarının işıqlandırılması, keçirilən tədbirlərin geniş auditoriyaya təqdim olunması istiqamətində görülən işlər də bu fəaliyyətin mühüm tərkib hissəsinə çevrilib.
Geridə qalan üç il göstərib ki, şəhid ailələrinin yanında olmaq yalnız müəyyən günlərdə onları xatırlamaq deyil, daim davam edən mənəvi məsuliyyətdir. Bu məsuliyyət şəhid ailələrinin sevincinə şərik olmaqdan, övladlarının inkişafına dəstək göstərməkdən və onların hər zaman diqqətdə saxlanılmasından keçir.
Bu gün üç illik fəaliyyətə nəzər salarkən qarşıda daha böyük məsuliyyət və yeni işlərin dayandığını aydın görürük. “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyi bundan sonra da şəhidlərimizin əziz xatirəsinin yaşadılması, şəhid ailələrinin diqqət və qayğı ilə əhatə olunması, onların övladlarının inkişafına dəstək göstərilməsi istiqamətində fəaliyyətini əzmlə davam etdirəcək.
Bəxtiyar ƏLİYEV
“Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin mətbuat katibi
