Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən muxtar respublikada mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və elektron kadastr məlumat bazasının təkmilləşdirilməsi aprel ayında da diqqətdə saxlanılıb.
Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, ötən ay 27 ailə təsərrüfatına məxsus qeyri-yaşayış obyekti, həyətyanı təsərrüfat binaları və təsərrüfat fəaliyyəti ilə əlaqədar icarəyə götürülmüş torpaq sahələri üzərində hüquqlar dövlət qeydiyyatına alınıb, Culfa, Kəngərli və Sədərək rayonlarında ailə təsərrüfatlarında əkin atlaslarına uyğun əkinlərin aparılması ilə bağlı maarifləndirici tədbirlər keçirilib. Şərur rayonunun Yuxarı Daşarx, Xanlıqlar və Siyaqut kəndlərində planaalma işləri başa çatdırılmış, 2054 daşınmaz əmlak obyekti plana alınıb. Şahbuz rayonunun Külüs və Keçili bələdiyyələrinin sərhəd xəritələrinə dair müvafiq yerquruluşu sənədləri elektron variantda hazırlanmış və torpaqların növləri üzrə uçotu aparılıb, 30-a yaxın müxtəlif məzmunlu plan və xəritələr hazırlanaraq aidiyyəti üzrə təhvil verilib. Culfa-Ordubad avtomobil yolunun tikintisi aparılan ərazilərdə monitorinqlər keçirilmiş, yol kənarında kənd təsərrüfatına yararlı torpaq sahələrinin münbit qatının korlanması halları qeydə alınmayıb. Aprel ayında 484 daşınmaz əmlak obyekti dövlət qeydiyyatına alınmış, 425 texniki sənəd hazırlanmış, yeni yaranmış 72 daşınmaz əmlak obyektinə ünvan verilib. 72 torpaq sahəsinin plan-ölçüsü dövlət kadastr kitablarında qeydiyyata alınıb. Naxçıvan şəhərində daşınmaz əmlak obyektləri ünvanlarının dəqiqləşdirilməsi davam etdirilib. Komitənin səyyar xidmət qrupu tərəfindən muxtar respublika üzrə 8 yaşayış məntəqəsində 76 vətəndaşın müraciətinə baxılmış, 42 vətəndaşa elektron xidmətlər göstərilib. Naxçıvan Dövlət Universitetində komitənin hamiliyinə verilmiş ixtisaslarda təhsil alan tələbələrə “İnnovasiyalar və onların idarə edilməsi” mövzusunda təlim keçirilib.