Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ektradisiya edilib

A- A A+

Baş Prokurorluq tərəfindən Qazaxıstanın səlahiyyətli orqanlarına ünvanlanan ekstradisiya sorğusu, habelə beynəlxalq prosedurlara uyğun tələb olunan sənədlərin təqdim edilməsindən sonra aparılmış danışıqlar nəticəsində Azərbaycan vətəndaşı Tahir Aydın oğlu Əskərovun ölkəmizə ekstradisiyası ilə bağlı razılıq əldə olunub.

Bu barədə NUHÇIXAN-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsində ibtidai istintaqı aparılan cinayət işi üzrə toplanmış materiallara əsasən, Tahir Əskərovun qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə külli miqdarda narkotik vasitəni ölkəmizin gömrük sərhədindən bəyan etmədən qaçaqmalçılıq yolu ilə keçirməsinə dair əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında bu il fevralın 2-də onun barəsində Cinayət-Prosessual Məcəlləyə uyğun olaraq Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən qaçaqmalçılıq, satış məqsədilə külli miqdarda narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanılması və daşınması) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair qərar qəbul olunub. İstintaqdan yayındığı üçün barəsində həbs qətimkan tədbiri seçilərək Bakı şəhərində İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarış elan edilib.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs Qazaxıstan ərazisində müəyyən edilərək saxlanılıb.

Ekstradisiya prosedurları başa çatdırılaraq həmin şəxs Ədliyyə Nazirliyinin Penitensiar xidməti tərəfindən Azərbaycana gətirilib və istintaq orqanına təhvil verilib.

“Baş Prokurorluq beynəlxalq axtarışda olan şəxslərin müəyyən edilərək Azərbaycana ekstradisiya olunması istiqamətində xarici tərəfdaş qurumlar, o cümlədən İnterpol ilə sıx əməkdaşlığı bundan sonra da davam etdirəcək”, - deyə məlumatda vurğulanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: