NUHÇIXAN xəbər verir ki, muxtar respublika ərazisində ölkədə ilk “Haçadağ” Geoloji Parkının yaradılması ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində işçi qrupunun ilk iclası keçirilib.
Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin sədri akademik İsmayıl Hacıyev bildirib ki, bu təşəbbüs Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən irəli sürülüb. Bununla bağlı muxtar respublika ərazisində olan akademiyanın işçi qrupu yerlər müəyyənləşdirib. Qərara alınıb ki, geoloji park Ordubad, Culfa və Şahbuz rayonları ərazisində yaradılsın. Bununla bağlı bölmədə aidiyyatı nazirliklərin və bölmənin əməkdaşlarından ibarət işçi qrupu da yaradılıb.
Azərbaycan Milli Elmlər Akademiyasının Geoloji və Geofizika İnstitutunun bölmə müdiri Tələt Kəngərli bildirib ki, geoparklar geoloji və təbii gözəllikləri saxlanıldığı və onların gələcək nəsillərə ötürülməsi bu sahələrdə geoturizm marşrutlarının yaradılması baxımından bu gün Avropada geniş yayılıb.
Qeyd olunub ki, ölkədə ilk geoloji parkın muxtar respublika ərazisində yaradılmasını stimullaşdıran səbəb buradakı mineral bulaqların, təbii mağaraların, tarixi abidələrin çoxluğu, son dövrlərdə bu abidələrdə aparılan bərpa işləri, həmçinin ən ucqar kəndlərdə müasir infrastrukturun yaradılmasıdır. Vurğulanıb ki, geoloji parkın yaradılması gələcəkdə muxtar respublikaya turist axınını daha da sürətləndirəcək. Geoparkın ərazisinə geoturizm marşrutları da salınacaq. Geoloji park yaradıldıqdan sonra onun YUNESKO səviyyəsində tanıdılması da nəzərdə tutulub.
İclasda geoloji parkın salınması ilə bağlı müzakirələr aparılıb, görüləcək işlər müəyyənləşdirilib.
Novruz Məmmədov