Naxçıvanda Uşaq Səfirlər Məclisinin nümayəndələri ilə görüş keçirilib - FOTOLAR
19 avqust 2026-cı il tarixində Naxçıvan Muxtar Respublikasında Uşaq Səfirlər Məclisinin nümayəndələri ilə görüş keçirilib. Görüşdə şəhər və rayonlar üzrə yerli icra hakimiyyəti orqanlarının Məclisə təhkim olunmuş əməkdaşları, eləcə də Uşaq Səfirlər Məclisinin Naxçıvan Muxtar Respublikasının şəhər və rayonlarını təmsil edən nümayəndələri iştirak ediblər. Görüşdə açılış nitqi ilə çıxış edən Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova Uşaq Səfirlər Məclisinin fəaliyyətinin uşaqların hüquq və maraqlarının müdafiəsi, onların ictimai fəallığının artırılması, təşəbbüslərinin dəstəklənməsi və qərar qəbuletmə proseslərində iştirakının təşviqi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. Komitə sədri qeyd edib ki, uşaqların hüquqlarının qorunması və onların hərtərəfli inkişafının təmin edilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Uşaqların sosial, hüquqi və ictimai baxımdan fəal vətəndaş kimi formalaşması üçün dövlət tərəfindən müxtəlif proqramlar həyata keçirilir, müvafiq qərarlar qəbul olunur və onların maraqlarının qorunmasına yönəlmiş tədbirlər davamlı şəkildə təşkil edilir. Ramilə Seyidova Uşaq Səfirlər Məclisi üzvlərinin fəaliyyətinin müəyyən edilmiş iş planına uyğun olaraq sistemli və məqsədyönlü şəkildə qurulmasının vacibliyini vurğulayıb, Məclisə seçilən uşaqları təbrik edib və fəaliyyətlərində uğurlar arzulayıb. Görüş zamanı Uşaq Səfirlər Məclisinin fəaliyyəti, uşaqların ictimai həyatda iştirakının artırılması, onların təşəbbüslərinin dəstəklənməsi və uşaq hüquqlarının təşviqi istiqamətində həyata keçiriləcək tədbirlər barədə fikir mübadiləsi aparılıb. Həmçinin şəhər və rayonlar üzrə yerli icra hakimiyyəti orqanlarının Məclisə təhkim olunmuş əməkdaşlarının təklifləri dinlənilib. Daha sonra Naxçıvan Muxtar Respublikası üzrə Uşaq Səfirlər Məclisinin kuratoru Taner Əsgərzadə çıxış edərək bildirib ki, Uşaq Səfirlər Məclisi uşaq hüquqlarının müdafiəsi, uşaqların ictimai həyatda fəal iştirakının təmin edilməsi, öz hüquq və vəzifələrini öyrənərək qərar qəbuletmə prosesində səslərini çatdırmaları məqsədilə yaradılmış Azərbaycanın ilk könüllü uşaq platformasıdır. Qeyd olunub ki, Məclis, eyni zamanda, uşaqların liderlik keyfiyyətlərinin inkişaf etdirilməsinə, onların gələcəyin fəal və məsuliyyətli vətəndaşları kimi formalaşmasına xidmət edən mühüm platformadır. Görüş çərçivəsində Naxçıvan Muxtar Respublikasının şəhər və rayonlarını təmsil edən Uşaq Səfirlər Məclisi nümayəndələrinin qarşıdakı dövr üçün fəaliyyət istiqamətləri və Tədbirlər Planının bəndləri müzakirə edilib. Nümayəndələrin iştirakı ilə həyata keçirilə biləcək layihə və təşəbbüslərlə bağlı fikirlər səsləndirilib. Qeyd edək ki, görüşün sonunda nümayəndələrə Uşaq Səfirlər Məclisinin nişanları və bayraqları təqdim olunub.
Naxçıvan Muxtar Respublikası
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti