Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Babək rayonunda nazirliyin əməkdaşlarının iştirakı ilə “Kənd təsərrüfatında əkilib-becərilən bitkilərin karantin mənşəli xəstəlik, zərərvericilərinə və alaq otlarına qarşı kimyəvi mübarizə tədbirlərinin aparılmasına dövlət dəstəyi” mövzusunda tarla-seminar müşavirəsi keçirilib.
Müşavirədə Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Nihal Məmmədov rayonda əkin sahələrinin və ailə təsərrüfatlarının genişləndirilməsindən, keçirilən tədbirin məqsədi və əhəmiyyətindən danışıb. Qeyd olunub ki, Babək rayonunun muxtar respublikada meyvə və bostan bitkilərinin əkilib-becərilməsində, əhalinin bu məhsullara olan tələbatının ödənilməsində mühüm yeri var.
Nazirliyin şöbə müdiri Əsgər Həsənov əkin sahələrində xəstəlik, zərərvericilər və alaq otlarına qarşı kimyəvi mübarizə tədbirlərinin aparılmasının əhəmiyyətindən danışıb.
Nazirliyin əməkdaşı Səməddin Əsgərov isə xəstəlik və ziyanvericilərə qarşı mübarizə tədbirlərinin aparılması, dərmanların norma və nisbətlə sahələrə verilməsi qaydalarını diqqətə çatdırıb. Torpaq mülkiyyətçilərinin diqqətinə çatdırılıb ki, kimyəvi dərmanlardan istifadə zamanı təhlükəsizlik qaydalarına riayət olunmalı və xüsusi geyimlərdən və qurğulardan istifadə edilməlidir.
Sonda gətirilmiş dərman preparatları Babək Rayon İcra Hakimiyyətinin nümayəndələrinə təhvil verilib. Tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. Mütəxəssislərin hazırladıqları informasiya bukletləri mülkiyyətçilərə paylanılıb.