Ərazisinin 20 faizini meşələr təşkil edən, 27 ildir erməni işğalı altında olan Şuşanın ümumi sahəsi 312 kvadratkilometrdir. Şuşanın ətrafındakı meşə və dərələrdə müxtəlif müalicəvi əhəmiyyətli mineral sular, dərman bitkiləri və çiçəklər geniş yayılıb. Ən iri mineral su bulaqları Turşsu və Şirlandır.
NUHÇIXAN Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi saytına istinadla xəbər verir ki, Şuşa rayonunda təsdiq edilmiş ehtiyatları 1140 min kubmetr olan və işğala qədər istismara cəlb edilən Şuşa üzlük daşı yatağı, ehtiyatları 397 min kubmetr olan Şuşa kərpic gili, ehtiyatları 1234 min ton olan Şuşa əhəng xammalı, istismar ehtiyatları 70 kubmetr/gün olan Turşsu karbonat, istismar ehtiyatları 301 kubmetr/gün olan hidrokarbonatlı mineral su - Yuxarı Şirlan karbonat, istismar ehtiyatları 41 kubmetr/gün olan hidrokarbonatlı - Aşağı Şirlan karbonat, istismar ehtiyatları 50 kubmetr/gün olan Şuşa yeraltı şirin su yataqları var idi.
1981-ci ildə Şuşa və Əsgəran rayonlarının ərazisində nadir təbiət komplekslərini qorumaq üçün təşkil edilən Daşaltı Dövlət Təbiət Yasaqlığı 450 hektar ərazini əhatə edib. 1992-ci ildən Ermənistanın işğalı altında olan yasaqlıq hazırda tamamilə məhv edilib.
Şuşanın “Haça yal” adlanan sahəsində uzun illər əkilərək becərilmiş 1500-2000 palıd ağacı ermənilər tərəfindən doğranaraq aparılıb.
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “İşğal olunmuş Azərbaycan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən (izləyən) operativ mərkəz”i işğaldan sonrakı dövrlərdə rayon ərazisində müxtəlif vasitələrlə aparılmış videoçəkilişlərə baxaraq təbii sərvətlərin ermənilər tərəfindən dağıdılmasına dair Şuşa şəhərində yanacaq kimi Qarabağ meşələrinin nadir çoxillik ağaclarından istifadə olunması, şəhərin yuxarı hissəsində, “Dörd yol” adlanan yerdən yuxarı Laçın küçəsinin solunda, Q.Əsgərov küçəsində 200-ə yaxın müxtəlif növ iridiametrli çoxillik ağacların kəsilməsi, ondan bir qədər irəlidə yolun sağında isə ağacların bütünlüklə qırılması, Zarıslı kəndində bütün ağacların, o cümlədən məktəb həyətində olan dekorativ və meyvə ağaclarının tamamilə məhv edilməsi, Topxana meşəsinin qoruq zonasında, meşənin lap hündür yerində meşə sahəsinin qırılaraq geniş düzənlik açılması və tikililər inşa edilməsi faktlarını aşkarlayıb.
“Azərbaycan Respublikası ərazilərinin Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində itki və tələfatlarının qiymətləndirilməsi üzrə işçi qrup”un qiymətləndirmə işlərinin hazırkı yekunu üzrə, Şuşa rayonunun inzibati yaşayış ərazilərindəki təsərrüfat subyektlərinə, insan faktoruna və fərdi şəxslərin mülkiyyətinə dəymiş birbaşa zərərin ümumi məbləği 50 milyon 843 min manat olduğu müəyyənləşdirilib.
1992-ci il mayın 8-də Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın tarixi şəhəri olan Şuşa işğal olunub. İşğal nəticəsində Şuşa şəhəri və rayonun 30 kəndi dağıdılıb, 195 nəfər dinc sakin həlak olub, 165 nəfər yaralanıb, 58 nəfər itkin düşüb, 24 mindən çox əhali etnik təmizləməyə məruz qalıb.