NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar olaraq “Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin Naxçıvan dövrü” adlı tədbir keçirilib. Tədbirdə Mərkəzin elmi katibi Emin Məmmədov ümummilli lider Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti ilə bağlı geniş məlumat verib. Bildirib ki, sadə, zəhmətkeş bir ailədə dünyaya göz açan, bir çox çətinliklərdən keçərək SSRİ kimi nəhəng bir dövlətin rəhbərlərindən biri səviyyəsinə ucalan H.Əliyev Azərbaycan tarixinə “Qurtuluş mübarizəsinin qalibi” kimi daxil olub. Ömrünü Azərbaycan dövlətçiliyinin bərpası və inkişafına sərf edən Ulu öndərin dövlət siyasətini dərindən bilməsi, mədəniyyət, iqtisadiyyat və elmi idarəetmə sahəsində kifayət qədər təcrübəsi onu zamanın fövqünə çıxarıb, öz dövrünün və dünyanın görkəmli liderlərindən biri edib.
Sonra H.Əliyev Muzeyinin direktoru Ramin Orucəliyevin “Heydər Əliyev və Naxçıvan” və Heydər Əliyev adına tam orta məktəbin direktoru Namiq Məmmədovun “Heydər Əliyev - əbədiyaşar lider” adlı çıxışları dinlənilib.
Vurğulanıb ki, Heydər Əliyevin siyasi fəaliyyətinin mühüm dövrlərindən biri olan 1990-1993-cü illər bilavasitə Naxçıvanla əlaqədardır. Taleyin hökmü ilə muxtar respublika üçün çox mürəkkəb bir dövrdə Naxçıvanda yaşayıb fəaliyyət göstərməli olan ümummilli lider bu torpaqda bütövlükdə Azərbaycan üçün taleyüklü qərarlara imza atıb, müstəqil dövlətçiliyin konseptual istiqamətlərini müəyyənləşdirib. 1990-93-cü illərdə Naxçıvandakı fəaliyyəti haqqında ətraflı məlumat verilib. Qeyd edilib ki, Heydər Əliyev dühası həmin illərdə təkcə muxtar respublikanı məhv olmaqdan, məhrumiyyətlərdən xilas etmədi, eyni zamanda Azərbaycanın dövlət müstəqiliyinin qazanılması istiqamətində ilk ciddi addımlarla tarixə düşdü.
Tədbirin sonunda tədbir iştirakçılarına Naxçıvanşünaslıq Mərkəzinin fondlarında Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən çap nəşrləri haqqında məlumat verilib.