Hami təşkilat ilə təhsil müəssisələri arasında uğurlu əməkdaşlıq

A- A A+

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə Naxçıvan Dövlət Universitetində Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamına uyğun olaraq “İdeyadan başlanğıca” devizi altında növbəti  tədbir keçirilib.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi ilə birgə keçirilən tədbirdə Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov və Naxçıvan Muxtar Respublikası Səhiyyə naziri Niyazi Novruzov çıxış ediblər. Qeyd edilib ki, Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsi və Tibb Kolleci Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinə hamiliyə verilib. Həmin dövrdən Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi ilə bu təhsil müəssisələri arasında əlaqələr daha da genişlənib, yüksək səviyyəli  kadrların hazırlanması üçün lazımi işlər görülüb.

Bu müddətdə tibb müəssisələrində təhsil və praktik təcrübələrin mənimsənilməsi və daha da inkişaf etdirilməsi üçün həkim rezidentlərin əksəriyyəti işlə təmin edilib. Tələbələrin qrafik əsasında növbələrə salınmaqla sərbəst işləmələri təmin olunub. Nazirlikdə tələbələr tərəfindən veriləcək layihələrin dəyərləndirilməsi üçün ekspert qrupu yaradılıb. Səhiyyə müəssisələrində keçirilən çoxsaylı seminar və konfranslarda tələbə və həkim rezidentlərin iştirakı və çıxışları, həmçinin onların Türkiyə Respublikası və Bakı şəhərində müxtəlif klinikalarda kurslara göndərilməsi ardıcıl xarakter alıb.

Naxçıvan Muxtar Respublika Xəstəxanasında “Auditoriyadan xəstəxanaya” devizi altında laporoskopik əməliyyatların birbaşa auditoriyalara verilməsi işi təşkil edilib. Açıq əməliyyatların isə auditoriyalara və onlayn olaraq Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsi və Tibb Kolleci auditoriyalarına verilməsi üçün hazırlıq işləri aparılır. Məqsəd qabaqcıl texnologiyalarla daha da yüksək səviyyədə işləməyi bacaran, innovasiyalardan xəbərdar olan, yaradıcı düşüncəli kadrlar yetişdirməkdir.

Nazir Ali Məclis Sədrinin rəhbərliyi ilə bütün sahələrdə olduğu kimi səhiyyədə də görülən genişmiqyaslı işlərdən danışıb, müvafiq sərəncamlarının icrası məqsədilə tələbələrin daha da yüksək səviyyədə bilik qazanmaları üçün işlərin ardıcıl şəkildə davam  etdiriləcəyini bildirib.

Sonra  Naxçıvan Tibb Kollecinin direktoru Sona Məmmədova, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Kadr, elm və təhsil sektorunun müdiri  Səmayə İbrahimova, Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin dekanı Elsevər Əsədov çıxış edərək muxtar respublikada investisiya mühitini yaxşılaşdırmaq, innovasiyaya və dayanıqlı inkişafa əsaslanan düşüncəni və elmi-texniki  tərəqqinin əks etdirən yeni layihələrin (startapların) həyata keçirilməsinə yardımçı olmaq, “İdeyadan biznesə” layihəsini irəli sürən startap müəllifləri ilə işin təşkilini və icrasını təmin etmək üçün görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıblar.

Sonda  müzakirələr aparılıb, suallar cavablandırılıb.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: