Vətən sizə oğul deyir

A- A A+

Bu gün üzərindən 74 il keçən  1941-1945-ci illər İkinci Dünya müharibəsində Azərbaycan xalqının yüz minlərlə igid oğlu və qızı misilsiz şücaəti, əfsanəvi qəhrəmanlıqları ilə seçilib. Vaxtı ilə dünyanı sarsıdan bu müharibədə Biz qələbə çaldıq. Mən buna bizim-azərbaycanlıların  qələbəsi deyirəm. Hər kəsə məlumdur ki, İkinci Dünya müharibəsini idarə edən hərbi texnikanın 80%-ni Bakı nefti hərəkətə gətirirdi. Bəlkə də Azərbaycanın, doğma Bakımızın nefti olmasaydı bu Dünya savaşında SSRİ-nin qələbəsi sual altında olardı. Mübaliğəsiz demək olar ki, Bakı nefti bu müharibədə faşizm üzərində qələbənin əsas və həlledici amillərindən biri idi. O, dövrdə hər 5 sovet təyyarə və tankından 4-ü məhz yüksək keyfiyyətli Bakı benzini ilə işləyirdi. 

Azərbaycan, onun paytaxtı Bakı müharibə illərində SSRİ-nin əsas cəbhəxanasına çevrilmişdi. Burada müvafiq müəssisələrdə tanklar, ağır toplar, pulemyotlar,  mina atanlar, avtomatlar, bombalar, minalar, müxtəlif təyinatlı patronlar istehsal edilirdi. Bakıda təyyarələr, sualtı qayıqlar, faşistləri dəhşətə gətirən “Katyuşa”ların əsas hissələri yığılırdı. Ümumiyyətlə, Azərbaycanda cəbhə üçün lazım olan 130 adda müxtəlif növ silah və döyüş sursatı istehsal edilirdi. 

Tarixə İkinci Dünya və Böyük Vətən Müharibəsi kimi daxil olmuş 1941-1945-ci illər müharibəsində 600 mindən çox həmyerlimiz iştirak edib.  Onlar həm ümumi ordu hissələrində, həm də milli Azərbaycan diviziyalarında alman faşist ordularına qarşı qəhrəmancasına döyüşüblər. Tarix elmləri doktoru, professor Hacı Hacıyev bu müharibədə xalqımızın misilsiz rolundan bəhs edən tədqiqat əsərində qeyd edir ki, azərbaycanlı döyüşçülər ermənipərsət İttifaq rəhbərlərinin ayrıseçkilik siyasətinə tuş gəlsələr də axıradək öz vətənlərinə, andlarına sadiq qalmış, digər xalqlara örnək ola biləcək igidlik və mərdlik nümayiş etdirmiş, əsil türkçülük qaynaqlarını büruzə vermişlər. 

Doğma diyarımız, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan torpağı da amansız müharibənin ağrı-acısını igid övladlarının qanı və canı bahasına qələbəyə çevirdi. Həmin müharibədə göstərdiyi igidliyə görə 3700 nəfər naxçıvanlı müxtəlif orden və medallarla təltif olunub, 3 həmyerlimizə- Abbas Quliyevə, Nəcəfqulu Rəfiyevə və Qəzənfər Əkbərova Sovet İttifaqı Qəhrəmanı adı verilib. Əfsanəvi qəhrəman Əkbər Ağayev, partizan dəstəsinin komandiri Əli Babayev, 3 şöhrət ordenli igidlərimiz Rəhim Rəhimov, Yusif Qasımov, general-mayor Akim Abbasov, döyüşçü-şair İslam Səfərli, SSRİ Müdafiə Nazirliyini yüksək keyfiyyətli aviabenzin ilə təmin edən komponent kəşf etmiş böyük alim, akademik Yusif Məmmədəliyev də bu qədim diyarın yetirməsidir.

Hər tarixin öz yaddaşı, hər günün öz qəhrəmanı var. Bu gün erməni faşistlərinə qarşı döyüşən, qəhrəmancasına həlak olan igidlərimiz bu hünəri, bu əyilməzliyi kimlərdən miras alıblar? Əlbəttə ki, atalarından, babalarından! Bu yazımda qəhrəman atalarımızdan biri, Sovet İttifaqı Qəhrəmanı Qəzənfər Qulam oğlu Əkbərov haqqında söz aşmaq istəyirəm. 
Qəhrəman eloğlumuz Qəzənfər Əkbərov Babək rayonunun Cəhri kəndində doğulub boya-başa çatıb. İkinci Dünya Müharibəsi başlayanda Cəhri kənd sovetliyindən cəbhəyə gedən 613 nəfərdən  286-sı sağ qayıdıb. Çox təəssüf ki, o günlərin canlı şahidləri olanların heç biri bu gün həyatda yoxdur. 

Qəzənfər Əkbərov Cəhri kəndinin qədim tayfalarından olan Əkbərlilər tayfasına mənsub bir ailədə anadan olub. Döyüş yolu Ukrayna, Belarusiya cəbhələrindən keçən Qəzənfər hələ müharibənin birinci ilində göstərdiyi igidliyə görə “Qırmızı Ulduz” ordeni və “İgidliyə Görə” medalı ilə təltif olunmuşdu.

Baş serjant Qəzənfər Əkbərovun komandalıq etdiyi tankvuran topçu bölüyü Volomin şəhərinin qərbində müdafiədə dayanmışdı. Alman faşistləri çoxlu tank və canlı qüvvə ilə qəflətən hücuma keçdilər. Qeyri-bərabər döyüşdə Azərbaycan xalqının igid oğlu düşmənin 4 tankını 60 nəfərdən çox əsgər və zabitini məhv etdi. O, əsil qəhrəmanlıq göstərərək həlak oldu. Döyüş dostları onu Volomin şəhərində dəfn etdilər.. 

O zaman SSRİ Ali Soveti Rəyasət heyətinin sədri M. İ. Kalinin ailəsinə məktub göndərir.  Məktubda yazılmışdı: “Qəhrəmanın adına yazılmış fəxri fərmanı sizə göndəririk. Onu Qəzənfərin əziz xatirəsi kimi saxlayın. Və əmin olun ki, Sovet xalqı bu qəhrəmanlığı heç vaxt unutmayacaqdır”.

Böyük Vətən Müharibəsi cəbhəsində göstərdiyi misilsiz şücaət və qəhrəmanlığa görə Qəzənfər Qulam oğlu Əkbərova SSRİ Ali Soveti Rəyasət heyətinin 26 oktyabr 1944-cü il fərmanı ilə ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adı verildi. 
Öz canını Vətən uğrunda mübarizədə qurban verən Qəzənfərin igidlikləri haqqında xəbər doğma elinə, Naxçıvana, Cəhri kəndinə çatır. Xatirəsini əbədiləşdirmək üçün həm Volomin şəhərində, həm də doğma Cəhri kəndində qəhrəmanın büstü ucaldılıb. Hər səhər o büstün önündən keçənlər onunla qürur duyur, fəxr edirlər. Vətən uğrunda qəhrəman eloğlumuzun dilindən öz elinə-obasına, bacı-qardaşına bir nida səslənir.

İgid elin başıyam,
Torpağıyam daşıyam.
İndi tək sənin deyil,
Vətənin qardaşıyam.

Sil gözünün yaşını,
Demə ki, gəlməz olur.
Vətən üçün ölənlər,
Əbədi ölməz olur!

Alman faşizminin məhvindən bəşəriyyəti iki qərinədən artıq bir vaxt, 74 il ayırır. Gün yetişəcək ki, erməni faşizmi də məhv olacaq, tarixin arxivinə atılacaq. Təkcə Azərbaycan və Qafqaz regionu deyil, bütün dünya müasir erməni faşizmindən xilas olacaqdır.
Bu gün xalqımızın bir arzusu var. İnanırıq ki, Azərbaycanın Ali Baş Komandanı, ölkə Prezidenti İlham Əliyevin sülhməramlı siyasəti nəticəsində erməni faşizmi üzərində qələbə sevincini tezliklə işğal olunmuş torpaqlarımızda qeyd edəcəyik. Buna bizim həm haqqımız çatır, həm də gücümüz!

Təranə Arifqızı

Naxçıvan Dövlət Televiziya və
Radio Verilişləri Komitəsinin əməkdaşı

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: