NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetində faşizm üzərində qələbənin 74-cü ildönümü münasibətilə tədbir keçirilib. Tədbirdə Universitetin rektoru, Saleh Məhərrəmov bildirib ki, Ulu Öndərin Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra 9 May ölkəmizdə Qələbə Günü kimi rəsmiləşdirilib, dövlət bayramları sırasına daxil edilib, müharibə veteranlarının sosial müdafiəsi gücləndirilib.
Çıxış edən müəllim və tələbələr azərbaycanlıların II Dünya müharibəsində iştirakından və göstərdikləri igidliklərdən danışıblar. Bildirilib ki, azərbaycanlılardan ibarət olan 402-ci diviziya Naxçıvanda formalaşdırılaraq cəbhəyə yola salınıb. Bu dviziyanın tərkibində döyüşən 3 həmyerlimiz göstərdikləri igidliklərə görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, bir nəfər “Şöhrət” ordeninin hər üç dərəcəsi, müharibə iştirakçılarından 600-ə yaxını isə orden və medallarla təltif olunublar.
Sonra fakültənin tədbirlərində fəal iştirak edən bir qrup tələbəyə universitetin Fəxri Fərmanı və Sertifikatı təqdim edilib. Qeyd edək ki, mükafatlandırılan tələbələr fakültənin təşkil etdiyi müxtəlif yazı müsabiqələrində, idman yarışlarında uğur qazananlardır.
İştirakçılar üçün sonda Universitet Televiziyası əməkdaşlarının Qələbə günü münasibətilə hazırladıqları videoçarx nümayiş etdirilib.
Səadət Əliyeva