Fuad Hüseynəliyev: Süni intellektin inkişafı peşəkar jurnalistikaya olan tələbatı azaltmır

A- A A+

Sosial şəbəkələrin və süni intellektin sürətli inkişafına baxmayaraq, cəmiyyətdə jurnalistin səhih və yoxlanılmış məlumat təqdim etməsinə tələbat qalmaqdadır.

NUHÇIXAN-ın məlumatına görə, bunu "Report" İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev Məhəmməd əl-Xarəzmi adına Daşkənd İnformasiya Texnologiyaları Universitetinin tələbələri qarşısında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, rəqəmsal texnologiyalar jurnalistlərin işini əhəmiyyətli dərəcədə dəyişib.

"Peşəkar fəaliyyətimdə mən hər şeyi əllə yazdığımız, daha sonra kasetli diktofonların yarandığı və tədbirlərdən sonra səs yazılarını saatlarla mətnə çevirmək məcburiyyətində qaldığımız bir dövrü görmüşəm. Bu gün müxbirlər süni intellekt sayəsində bunu bir dəqiqə ərzində edirlər", - o qeyd edib.

F.Hüseynəliyev vurğulayıb ki, müasir media ictimaiyyəti üçün ən aktual məsələlərdən biri jurnalistlər, bloqerlər və influenserlər arasındakı sərhəddir.

"Bloqeri jurnalist hesab etmək olarmı? Jurnalist bloqer ola bilərmi? Bu suallar bu gün peşəkar ictimaiyyətimizi narahat edir və düşünürəm ki, bütövlükdə cəmiyyət tərəfindən müzakirə olunmalıdır", - o deyib.

Onun sözlərinə görə, bəzi bloqerlər və influenserlərin sosial şəbəkələrdə iri media strukturlarından daha çox izləyicisi var, lakin onların yaydığı məlumatlar həmişə səhih olmur.

"Bloqerlər yayımladıqları məlumata görə cəmiyyət qarşısında məsuliyyət daşıdıqlarını dərk etməlidirlər. İnsanlar onlara inanır və onların ardınca gedirlər", - "Report"un direktoru qeyd edib.

O, həmçinin vurğulayıb ki, ənənəvi media sosial şəbəkələri, video məzmunu və digər rəqəmsal formatları aktiv şəkildə inkişaf etdirərək media mühitindəki dəyişikliklərə uyğunlaşır.

"Bununla belə, biz hər bir məlumatı yoxlayırıq. Biz öz mənbələrimizə əminik və hansı məlumatı yayımlaya biləcəyimizi və onun nə dərəcədə təsdiqləndiyini anlayırıq. Biz buna görə cəmiyyət qarşısında məsuliyyət daşıyırıq", - F.Hüseynəliyev bildirib.

Onun sözlərinə görə, ictimai proseslərə təsir göstərə biləcək qeyri-səhih məlumatların yayıldığı bir şəraitdə peşəkar jurnalistika xüsusilə vacibdir.

Məlumatın ictimai proseslərə necə təsir göstərə biləcəyinə nümunə kimi o, 10–15 il əvvəl Yaxın Şərqdə baş verən "Ərəb baharı" hadisələrini qeyd edib.

"Bir çox hadisələr xəbərlər və müxtəlif informasiya resursları vasitəsilə yayılırdı. Məlumatın bir hissəsi sonradan öz təsdiqini tapmırdı, lakin ondan ayrı-ayrı ölkələrdə sabitliyi pozmaq üçün istifadə edirdilər. Bu kimi proseslərin qarşısını vaxtında almaq üçün jurnalistlərin və ənənəvi kütləvi informasiya vasitələrinin fəaliyyəti dəqiq və peşəkar olaraq qalmalıdır. Ən əsası odur ki, cəmiyyət yoxlanılmış informasiya mənbələrinə: telekanallara, informasiya agentliklərinə və xəbər portallarına etibar etsin", - o qeyd edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: