İsveçrənin www.zeitung.ch internet portalında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə məqalə dərc olunub.
NUHÇIXAN xəbər verir ki, məqalədə ümummilli lider Heydər Əliyevin həyat və siyasi fəaliyyətinə nəzər salınır, onun Azərbaycanın dövlətçilik tarixində tutduğu önəmli yerdən bəhs olunur. Qeyd edilir ki, 1969-cu ildə Azərbaycanda Mərkəzi Komitənin birinci katibi seçilən Heydər Əliyevin səyləri nəticəsində Azərbaycanda sürətli iqtisadi-sosial tərəqqi əldə olundu, 1982-ci ildə isə Heydər Əliyev Sovet İttifaqında ən yüksək siyasi vəzifələrdən birinə - SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə seçildi. Mərkəzi Komitənin Siyasi Bürosunun üzvlüyünə seçildi. Siyasi Büronun rəhbəri Mixail Qorbaçovun Dağlıq Qarabağla bağlı siyasətindən narazı olan Heydər Əliyev 1987-ci ilin oktyabr ayında vəzifəsindən istefa verdi.
Məqalədə, həmçinin vurğulanır ki, 1990-cı ilin Qanlı Yanvar hadisələri zamanı da Heydər Əliyev haqq səsini ucaldaraq, cinayət əməlini pisləyən çıxış etdi və sovet rəhbərliyindən dinc əhaliyə qarşı törədilmiş bu cinayətin təşkilatçı və iştirakçılarını cəzalandırmağı tələb etdi. 1991-ci ildə sovet hakimiyyətinin Dağlıq Qarabağla bağlı siyasətinə etiraz olaraq Kommunist Partiyasından istefa verən Ulu Öndər 1992-ci ildə yeni təsis olunmuş Yeni Azərbaycan Partiyasının sədri seçildi. Bundan sonra həyatını müstəqil Azərbaycanın inkişafına bağlayan Heydər Əliyev prezidentliyi dövründə respublikamızın müasir inkişafı üçün mühüm addımlar atdı, ölkənin regionda lider dövlətə çevrilməsi üçün uzaqgörən siyasət sayəsində ciddi uğurlar əldə olundu.
Məqalədə Ulu Öndərin siyasi həyatının bütün mühüm mərhələləri əks olunub.