İstedadlı qadınlar əl işlərini sərgiləyiblər - FOTOLAR
Sədərək Rayon Təhsil şöbəsindən NUHÇIXAN-a verilən xəbərə görə, Sədərək kənd 1 nömrəli tam orta məktəbin foyesində rayonun istedadlı qadınlarının əl işlərindən ibarət sərgi təşkil edilib.
Sərginin açılışında Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Həbib İbrahimov Naxçıvan Muxtar Respublikasında qadınların əməyinin qiymətləndirilməsinin daim diqqət mərkəzində olduğunu qeyd edib. Artıq bir neçə ildir, istedadlı qadınların əl işlərinin sərgisi təşkil edilir. Tədbirin təşkilində məqsəd rayondakı qadınların istedad və bacarıqlarını üzə çıxarmaq, milli dəyərlərimizi qorumaq, adət-ənənələrimizi gənclərə aşılamaq, mənəvi irsimizi yaşatmaqdır.
Sonra sərgiyə baxış olub. Sərgidə rayon üzrə 23 istedadlı qadının hazırladığı kulinariya nümunələri, toxuculuq sənəti, gipsdən hazırlanan heykəllər, daş üzərində oymalar və bir-birindən maraqlı dekorativ tətbiqi sənət nümunələrindən ibarət 187 rəsm və əl işlərinin nümayişi təşkil edilib.
Sərgidə Sədərək kənd 1 nömrəli tam orta məktəbin müəllimi Günay Həsənbəyli iştirakçıların gözü qarşısında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin portretini çəkib.
Tədbirdən sonra sərgidə iştirak edən istedadlı qadınlar göstərilən diqqət və qayğıya görə, muxtar respublika rəhbərinə minnətdarlıqlarını bildiriblər.
Sərxan İsmayılov