Naxçıvanda uzunömürlü və nümunəvi ailələrlə görüşlər davam edir - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Ordubad Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ordubad rayonunun Dəstə kəndində yaşayan, evliliklərinin 56-cı ildönümünü qeyd edən uzunömürlü və nümunəvi Məmmədovlar ailəsi ilə görüş keçirilib.
“Ailələrimizi tanıyaq” layihəsi çərçivəsində baş tutan görüşdə Komitənin “Ailə könüllüləri” də iştirak ediblər.Görüş zamanı açılış nitqi ilə çıxış edən Ordubad Rayon İcra Hakimiyyətinin əməkdaşı Tofiq Babayev belə uzunömürlü və nümunəvi ailələrlə keçirilən görüşlərin əhəmiyyətindən danışıb.
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının Ailə, qadın problemləri və gender məsələləri şöbəsinin müdiri Könül Babayeva layihənin mahiyyətindən bəhs edərək qeyd edib ki, yeniyetmə və gənclərin iştirakı ilə ailə dəyərlərinin qorunaraq gənc nəslə çatdırılması, xüsusilə də uzunömürlü və nümunəvi ailələrin həyat və evlilik təcrübələrindən yararlanmaq hər zaman mühüm əhəmiyyət daşıyıb.
Vurğulanıb ki, Azərbaycan ailəsinin əsas dayaqlarından olan qadınlarımız tarix boyu böyük fədakarlıqlar göstərərək ailənin qorunmasında mühüm rol oynayıblar. Sonda “Ailələrimizi tanıyaq” layihəsinin iştirakçıları olan, evliliklərinin 56-cı ildönümünü qeyd edən Qərib Məmmədov və ömür-gün yoldaşı Tovuz Məmmədova öz həyatlarından, ailələrindən, əmək fəaliyyətlərindən və övladlarından danışaraq bildiriblər ki, ailənin uzunömürlü olmasının əsas şərtləri ailədaxili münasibətlərdə qarşılıqlı hörmət, səbir, təmkin və sevginin möhkəm təməl üzərində qurulmasıdır. Ailə üzvləri göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıqlarını bildiriblər.
Sonda evliliklərinin 56-cı ildönümü münasibətilə Məmmədovlar ailəsinə hədiyyə və gül dəstəsi təqdim edilib. Qeyd edək ki, Məmmədovlar ailəsinin 5 övladı, 12 nəvəsi və 10 nəticəsi var.