“Naxçıvan-2019” Beynəlxalq Şahmat Festivalı güclü şahmatçıların gərgin mübarizə meydanına çevrilib - FOTOLAR

A- A A+

Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilən “Naxçıvan-2019” Beynəlxalq Şahmat Festivalında iştirak edən zəka sahiblərinin gərgin mübarizəsi bu gün başa çatacaq.

NUHÇIXAN xəbər verir ki, AZƏRTAC-ın Naxçıvan bürosunun əməkdaşları şahmatçılardan bir neçəsi ilə həmsöhbət olub, onların festival haqqında fikirlərini öyrəniblər.

Azərbaycanlı qrossmeyster Nicat Abasov: Artıq beşinci dəfədir ki, Naxçıvanda keçirilən Beynəlxalq Şahmat Festivalında iştirak edirəm. Təşkilatçılıq çox yüksək səviyyədədir. Deyərdim ki, Avropada keçirilən çox yarışlardan yaxşı təşkil olunub. Naxçıvan şəhərinin isə ayrı bir özəlliyi var: şəhər təmiz, gözəl və sakitdir. Azərbaycanın digər guşələrindən seçilir. Təbii ki, şəhərin özünəməxsusluğu var. Şahmatçılar bu turnirə sevə-sevə gəlirlər, mən də onlardan biriyəm. Bu festivalın təqvimdə xüsusi bir yeri var. Blits-turnirə gəlincə, çox maraqlı və gərgin yarış keçdi. Son tura qədər kimin qalib gələcəyi məlum deyildi. Sonda şans mənim tərəfimdə oldu və blits-turnirin çempionu adını qazandım.

Gürcüstanlı qrossmeyster Tornike Sanikidze: Əvvəllər ölkənizdə bir dəfə olmuşam, lakin Naxçıvana ilk səfərimdir. Turnir barədə digər həmkarlarımdan məlumat aldım və qatılmağa qərar verdim. Etiraf edək ki, festivalda güclü şahmatçılar mübarizə aparırlar. Bu, bizim üçün əlavə stimuldur, çünki rəqiblərin güclü olması turnirin səviyyəsindən xəbər verir. Təşkilatçılıq yüksək səviyyədədir. Şəhərin sakit olması isə şahmat oynamaq üçün əlverişlidir. Deyə bilərəm ki, cəmi bir həftə ərzində burada olsam da, Naxçıvanı çox sevdim.

Rusiyalı FIDE ustası Zaur Həsənov: Naxçıvana ikinci səfərimdir. İlk dəfə qardaşımı müalicə məqsədilə Duzdağ Fizioterapiya Mərkəzinə gətirmişdik. Möcüzəvi duz mağarasındakı müalicənin effektiv təsirini gördük. İndi isə festivalda iştirak etmək üçün Rusiyanın Novorossiysk şəhərindən anamla gəlmişəm. Turnir barədə onu deyə bilərəm ki, burada çox güclü şahmatçılar mübarizə aparırlar. Hər oyun turnir cədvəlindəki mövqe dəyişə bilər. Odur ki, hər bir görüşə yaxşı hazırlaşıram. Naxçıvan şəhəri gözəl və sakitdir. Təşkilatçılıq isə mükəmməldir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: