Həsrətin bitdiyi yoldan Kəlbəcərə - FOTOLAR

A- A A+

Ən böyük arzum idi Zəngəzur dəhlizindən keçərək Kəlbəcərə getmək. Heç olmasa, bu yolun Naxçıvan hissəsinin başladığı məkanı görmək...

Bu gün “Məktəbli qəzeti”nin həvəskar müxbiri kimi arzuma qovuşdum. Mənim üçün bu, adi bir səfər deyildi. Bu, illərdir ürəyimdə yaşatdığım bir arzunun gerçəkləşməsinə atılan ilk addım, böyük bir qovuşmanın başlanğıcı idi.

Zəngəzur yolunun Ordubad rayonunun Kotam kəndi ərazisindən başlayan nöqtəsində dayanaraq doğma ata-baba yurduma gedən yola sanki qucaq açdım. Elə bil ruhum yenidən doğulurdu bu yolun başlanğıcında.

Atam həmişə mənə doğulduğu ata-baba yurdu – Kəlbəcərdən danışardı. Mən də onun söhbətlərini diqqətlə dinləyər, heç görmədiyim o torpaqları öz doğma Naxçıvanım, öz Ordubadım qədər sevərdim. Bəlkə də torpağı sevmək övlada atasından keçir. Çünki ata Vətənin keşiyində dayanaraq övladına öyrədir ki, torpaq sadəcə yaşadığın yer deyil. Torpaq uğrunda canından keçəcəyin, qoruyacağın müqəddəs əmanətdir.

İndi bu yolun başlanğıcında dayanıb düşünürdüm...

Elə həmin anda gözlərim Arazın o tayına çevrildi. Bir zamanlar Cənubi Azərbaycandan keçərək Gəncə şəhərinə getdiyimiz gün yadıma düşdü. Atamın inamla söylədiyi sözlər sanki yenidən qulaqlarımda səsləndi:

“Gün gələcək, Naxçıvandan Kəlbəcərə öz avtomobilimizlə gedəcəyik.”

Öz-özümə pıçıldadım:

“Bu gün həmin günün başlanğıcıdır...”

Gözlərimdən süzülən sevinc yaşlarını günəşin istisi elə üzümdəcə qurudurdu. Mənə tərəf gələn sərhədçinin ayaq səsləri isə bir anda:

“Əyləş maşına”

sözləri ilə əvəz olundu.

Maşına əyləşib Zəngəzur yolunun Salamməlik stansiyasına doğru hərəkət etdik.

Yol boyu gördüklərim məni heyrətləndirirdi. Deyirlər, ən gözəl rəssam təbiətdir. Bəzən 100 dəfə eşitməkdənsə, bir dəfə görmək, 100 dəfə görməkdənsə, bir dəfə hiss etmək daha yaxşıdır.

Sağ tərəfdə sakitcə axan Araz, sol tərəfdə baş-başa verib ucalan boz qayalar...

Arazın sakit axışında mənə çox şey danışan bir sükut vardı. Qayalara baxdıqca düşünürdüm ki, bəlkə də bu qayalar neçə-neçə insanın xatirəsini, həsrətini və yarımçıq qalmış arzularını özündə yaşadır.

Salamməlik stansiyasına yaxınlaşdıqca yolun bərpa işlərinin daha sürətlə davam etdiyini gördüm. “Yol mədəniyyətdir” deyiblər. Amma bu yol mənim üçün sıradan bir yol deyildi. Ağır texnikalar hər daşı götürüb yerinə qoyduqca elə bil mən də arzularıma addım-addım yaxınlaşırdım.

Bu yol mənim arzularımın gerçəyə çevrilməsinin başlanğıcıdır.

Amma bu başlanğıcın arxasında yalnız mənim arzularım dayanmırdı. Bu yolun hər qarışında bir xalqın uzun illər daşıdığı həsrət, şəhidlərimizin müqəddəs qanı və Vətən uğrunda aparılan böyük mübarizə dayanır.

Bu gün biz bu yollara həsrət qalmadan baxa biliriksə, bunu Vətən torpağının azadlığı uğrunda canından keçən şəhidlərimizə borcluyuq. Onlar bizə torpağın sadəcə torpaq olmadığını, Vətən uğrunda ölümün belə müqəddəs olduğunu öz canları ilə göstərdilər.

Bu qələbənin arxasında illər boyu yaşadılan böyük bir ideal da dayanırdı. Ulu Öndər Heydər Əliyevin Azərbaycanın ərazi bütövlüyü və Qarabağın azadlığı ilə bağlı arzusu illər boyu xalqın yaddaşında yaşadı.

Bu gün həmin arzunun gerçəkləşməsində şəhidlərimizin qəhrəmanlığı ilə yanaşı, Prezident İlham Əliyevin Ulu Öndərin siyasi irsinə və ata vəsiyyətinə sadiqliyinin də böyük mənası var. Qarabağın və Şərqi Zəngəzurun azadlığı ilə bu yolun qarşısındakı ən böyük mənəvi maneələrdən biri də aradan qalxdı.

Maşın dayandı.

Sərhədçi asta səslə dedi:

“Bura Salamməlik stansiyasıdır.”

Maşından düşüb kiçik addımlarla köhnə binaya doğru addımladım.

İlk baxışdan onun nə qədər qocaman olduğu hiss olunurdu. Divarlarında ayrılığın izi, hər daşında bir insan nəfəsi vardı sanki. Amma bu köhnəlik onun əzəmətinə heç də kölgə salmırdı. Əksinə, hər daşı bir hekayə, bir xatirə, bir tarix danışırdı...

Mənə elə gəldi ki, bu bina neçə-neçə insanı yazın yağışından, yayın yandırıcı günəşindən, payızın küləyindən, qışın sərt şaxtasından qoruyub. Neçə insan burada dayanıb yol gözləyib, neçə ayrılığa, neçə qovuşmaya şahidlik edib.

İndi isə sanki səssiz-səssiz ona qucaq açacaq insanları gözləyirdi.

Diqqətimi ən çox binanın önündəki tut ağacı çəkdi.

Yarpaqlarının açıq-yaşıl rəngi mənə qəribə bir ümid hissi verdi. Sanki bu ağac da illərdir içində daşıdığı həsrəti və kədəri artıq sevincə çevirməyə hazırlaşırdı.

Bəlkə də vaxtilə bu stansiyadan keçən, burada dayanıb yol gözləyən insanları görmüşdü. İndi həmin insanları görməsə də, yeni nəslin gəlişinə hazırlaşırdı.

Tut ağacına baxıb düşündüm:

Təbiət heç nəyi unutmur. Ağaclar da torpağın yaddaşıdır.

Bəlkə də bu tut ağacı illərdir bir gün yenidən körpə uşaqların səsini eşidəcəyi, insanların bu stansiyaya qayıdacağı günü səbirsizliklə gözləyib.

Külək əsib yarpaqları yellətdikcə mənə elə gəlirdi ki, yarpaqlar pıçıldayır:

“Həsrət bitir, sevincli günlər başlayır...”

Artıq geri dönmək vaxtıdır.

Anamın səsi eşidilir...

Yavaşca maşına əyləşib geri dönürük. Amma mənim düşüncələrim hələ də Salamməlik stansiyasında, o köhnə binanın önündə, tut ağacının altında qalmışdı.

Ürəyimdə pıçıldayıram:

Qoy Araz həmişə belə sakit axsın.
Qoy bu qayalar həmişə öz əzəməti ilə yerində dayansın.
Qoy tut ağacı hər bahar yeni yarpaqları ilə ümidimizi yaşatsın.

Qoy Zəngəzur yolu ayrılıqlara son qoyaraq insanları qovuşdursun!

Yollarımız açıq, sabahlarımız işıqlı, arzularımız gerçək olsun!

 

 

Mehriban Yusibli

Nürgüt kənd tam orta məktəbinin şagirdi

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: