Növbəti köç Şükürbəyli və Horovlu kəndlərinə çatıb - FOTOLAR
İşğaldan azad olunan Cəbrayıl rayonunun Şükürbəyli və Horovlu kəndlərinə növbəti köç prosesi gerçəkləşib, səhər saatlarında yola salınan ailələr doğma yurdlarına qovuşublar.
NUHÇIXAN-ın məlumatına görə, bu gün Şükürbəyli kəndi 15 ailə olmaqla 86 nəfərə, Horovlu kəndi isə 3 ailə olmaqla 12 nəfər qucaq açıb. Ailələr yenidən qurulan kəndə qədəm qoyub və doğma yurdlarında yaradılan gözəlliyi seyr ediblər.
Qeyd edək ki, hər iki kənd yenidən qurulub və sakinlərin rahat yaşayışı üçün bütün zəruri infrastruktur yaradılıb.
Şükürbəyli kəndində hər biri 80 yerlik olmaqla iki körpələr evi-uşaq bağçası, 360 şagird yerlik məktəb binası, həkim məntəqəsi, musiqi məktəbi, klub-icma mərkəzi, həmçinin yerli icra strukturları üçün inzibati bina tikilib. Bununla yanaşı, 35/10 kV-luq elektrik yarımstansiyası inşa olunub, elektrik enerjisi, təbii qaz, içməli su, rabitə, internet və “İP TV” şəbəkələri yaradılıb, kənddaxili yollar asfaltlanıb. İlkin mərhələdə 635 fərdi yaşayış evi istifadəyə verilib. Onlardan 615-i sakinlər, 20-si isə xidməti istifadə üçün ayrılıb. Müasir üslubda inşa olunan evlər 2, 3, 4 və 5 otaqlıdır.
Horovlu kəndinin isə ümumi sahəsi 248 hektardır. Birinci mərhələdə 94 hektar ərazidə 334 fərdi ev inşa edilib. Evlər 2, 3, 4, 5 otaqlıdır və müasir kommunikasiya şəbəkəsi ilə – su, işıq, qaz, Günəş panelləri, yüksəksürətli internetlə təmin olunub. Kənddaxili yollara asfalt döşənib. 624 şagird yerlik məktəb binası, 220 yerlik körpələr evi-uşaq bağçası, ikimərtəbəli inzibati bina, bazar kompleksi, çoxfunksiyalı iaşə obyektləri, tibb məntəqəsi və idman-sağlamlıq mərkəzi tikilib. Kənddə tarixən istifadə olunmuş, işğal dövründə dağıdılmış “Əsgər”, “Şığı”, “Orta”, “Gülqasım” və “Xəlifə” kəhrizləri bərpa edilib. Horovlu kəndində 4,4 hektar ərazidə park kompleksi də inşa olunub. Eyni zamanda, Bayraq meydanından bazar kompleksinə qədər gəzinti yolları salınıb. 3,1 hektar yaşıllıq ərazisində zeytun, çinar və Eldar şamı ağacları əkilib.