Cenevrədə BMT sisteminin əsas müəssisələrinin rəhbərləri iqlim dəyişmələrinə qarşı mübarizə sahəsində tədbirləri razılaşdırıblar. NUHÇIXAN BMT-nin saytına istinadla xəbər verir ki, BMT rəhbərləri ölkələrin qlobal istiləşmənin mənfi nəticələrinin yumşaldılması istiqamətində səylərini dəstəkləyəcəklərini vurğulayaraq, onları daha qətiyyətli tədbirlər görməyə dəvət ediblər.
BMT sistemi rəhbərlərinin Əlaqələndirmə Şurasının üzvlərinin birgə bəyanatında deyilir ki, qurumun üzvü olan ölkələr qlobal temperaturun artmasını sənayeləşmədən əvvəlki dövrlə müqayisədə Selsi ilə 1,5 dərəcə civarında saxlamaq və iqlim dəyişmələrinin nəticələrinə uyğunlaşmaq üçün özlərinə olan tələbləri yüksəltməli, konkret tədbirlər görməli, eyni zamanda insan hüquqlarına riayət edilməsi ilə bağlı öhdəliklərini unutmamalıdırlar.
Onlar dünya liderlərinə xatırladıblar ki, Paris İqlim Sazişinə müvafiq olaraq, parnik qazları tullantıları artıq 2030-cu ilə qədər 45 faiz azaldılmalıdır. Uyğunlaşma tədbirləri ilk növbədə qlobal istiləşmənin mənfi təsirinə daha çox məruz qalan rayonlarda yaşayan əhalinin müdafiəsini nəzərdə tutur.
BMT sisteminin rəhbərləri vurğulayıblar ki, inkişaf etmiş ölkələr inkişaf etməkdə olan ölkələrdə iqlim dəyişmələrinə qarşı mübarizə tədbirlərinin dəstəklənməsi üçün maliyyə vasitələrinin - ildə təqribən 100 milyard dolların səfərbərliyə alınması istiqamətində səylər göstərməlidirlər.
Onlar zəhərli tullantıların azaldılması, “yaşıl” iqtisadiyyata və yeni inkişaf modellərinə keçid zamanı innovasiyaların çox mühüm rol oynadığını qeyd ediblər.
BMT rəhbərləri bildiriblər: “İnnovasiyalar təkcə texnologiyalar deyildir. Onlar, həmçinin uzaq perspektivə tuşlanmış planlar, yeni biznes-modellər, maliyyə vasitələri, innovativ əməkdaşlıq, o cümlədən regional əməkdaşlıq metodlarıdır”.
Onlar, həmçinin vəd ediblər ki, ətraf mühitə mənfi təsirin azaldılması üzrə tədbirlər BMT sisteminin özünə də inteqrasiya olunacaq. Təşkilatın nəzdindəki müəssisələrin çoxu zəhərli tullantıların azaldılması, onların səmərəli təkrar emalı, enerjiyə qənaət edilməsi və bərpa olunan enerji mənbələrinə keçilməsi istiqamətində artıq ilk addımlarını atıblar. Bu ilin iyunundan etibarən BMT-nin Nyu-York qərargahında birdəfəlik plastik qablardan tamamilə imtina olunacaq.
Xatırladaq ki, sentyabr ayında Nyu-Yorkda İqlim Sammiti keçiriləcək. BMT-nin Baş katibi Antonio Quterreş bütün ölkələrin liderlərini sammitə formal çıxışlarla deyil, konkret təkliflərlə gəlməyi çağırıb.