Ağ-qara xatirələrlə dolu 18 illik sənət yolu... - FOTOLAR
“Şərq qapısı”nın ilk peşəkar fotoqrafı Davud Kəngərli ilə müsahibə
...Zəng edib onunla görüşmək istədiyimizi bildirəndə xeyli sevindi. Bu görüşün təsadüfi olmadığını, “Şərq qapısı” qəzeti üçün müsahibə alacağımızı deyəndə xoşbəxtliyi daha da artdı. Çünki o, peşə fəaliyyətinin nə az, nə çox, düz 18 ilini bu qəzetə həsr etmişdi. Səsinin titrəməsindən, ard-arda verdiyi səmimi suallardan sevincini hiss etmək o qədər də deyildi. Müsahibim ömrünün 20 ildən çoxunu doğma torpağından – Naxçıvandan kənarda, paytaxt Bakıda keçirib. İndi ömür nərdivanının 80-ci pilləsində dayanıb və həyat adlı pəncərədən ötən illərə tamaşa etdikcə gözləri qarşısında ağ-qara dünyanın bir-birindən maraqlı və yaddaqalan kadrları canlanır. Uşaqlıq illəri, gəncliyi, sənət yoldaşları ilə keçirdiyi o xoş günlər... Taleyin işinə bax ki, onun sənət dünyası da ağ-qara kadrlardan ibarət olub. İllər boyu insanlar ən xoş anlarını, ən xoşbəxt günlərini onun ağ-qara kadrlarında görüblər. O, bu sənəti ilə yalnız ötüb keçən zamanı əbədiləşdirməyib, həm də Naxçıvanın 20 illik tarixini yaddaşlara köçürüb. Haqqında danışdığımız şəxs “Şərq qapısı”nın ilk peşəkar fotoqraflarından biri olan Davud Kəngərlidir...
Onunla Yusif Məmmədəliyev küçəsində, hazırda yaşadığı mənzildə həmsöhbət olduq. Səmimi qarşılanmadan sonra həyat yoldaşı Nuridə xanımın hazırladığı çay süfrəsi ətrafında müsahibəyə başladıq. Məlumat üçün qeyd edim ki, Davud Kəngərli 1948-ci ildə Naxçıvan şəhərində doğulub. O, Azərbaycan tarixində mühüm yeri və xidmətləri olan Kəngərlilər nəslindəndir.
– Davud müəllim, xoş gördük sizi. Necəsiniz? İllər sonra ata yurdunuzda, bir zamanlar çalışdığınız qəzetə müsahibə vermək necə hissdir?
– Xoş gördük. Necə ola bilərəm? 80 yaşın astanasında olmağıma baxmayaraq, özümü çox yaxşı hiss edirəm. Mən də doğma “Şərq qapısı”nın yaradıcı kollektivini və qəzetin oxucularını salamlayıram. Sağ olun ki, bizi yad etmisiniz... Nə yalan deyim, zəng edib müsahibə üçün görüşmək istədiyinizi deyəndə bir xeyli sevindim. Bir neçə saniyəlik telefon danışığında, sanki o illərə qayıtdım. Bilirsən, yaş irəlilədikcə, illər bir-birini əvəz etdikcə, insan unudulmaqdan qorxur. Deyəsən, qocalığın ilk əlaməti də elə budur – unudulmaq qorxusu.
– Bu illər ərzində çalışdığınız kollektivdən gəlib sizi ziyarət edən olmayıb?
– Mənim arzuladığım, darıxdığım insanlardan gəlib-gedən olmayıb. Sözün düzü, Bakıya köçəndən sonra da Naxçıvanla əlaqəm tamam kəsildi. Paytaxtda məskunlaşandan sonra zəng edib hal-əhval tutanların sayı azaldı, elə qapımızı döyüb bizi yad edənlərin də. Belə vəziyyət çox təsir edir insana. Hətta ötən gün məni yada salan köhnə dostlardan biri ikimizin xatirə fotosunu sosial şəbəkədə paylaşıb. Tanıyanlar şərhlərdə yazıblar ki, Allah Davud əmiyə rəhmət eləsin. Bu hadisə yoldaşımla mənə o qədər pis təsir etdi ki. Məyus halda öz-özümə dedim: “Axı mən ölməmişəm...”
– Davud müəllim, soyadınızdan da məlum olur ki, siz Naxçıvanın tarixi-taleyində mühüm xidmətləri olan Kəngərlilər nəslindənsiniz. Bu nəslə mənsub olmaq da böyük məsuliyyətdir.
– Doğrudur. Ata-babamdan Kəngərlilər nəsli barədə çox eşitmişəm. Bu nəsil bizim üçün sadəcə bir soyad deyil, keçmişdən bu günə gələn bir ad, bir kök və bir ailə bağıdır. Bilirsiniz, Kəngərlilər qədimdən bəri bu torpaqlarda yaşayıb. Əvvəllər bu tayfa Azərbaycanda Kəngərlilər kimi tanınıb, daha sonra Naxçıvanski soyadını götürüblər. Deyilənlərə görə, XVII əsrdə Şah Abbasın əmri ilə Naxçıvan torpağına ayaq basmış, zamanla bu yerlərdə kök salmışıq. Böyüklərimizdən də eşitmişik ki, bu nəslin nümayəndələri hər zaman öz adını, adət-ənənəsini qoruyub saxlayan şəxsiyyətlər olublar...
– Davud müəllim, gəlin, xatirələrlə dolu keçmişə qayıdaq. “Şərq qapısı” qəzeti ilə necə tanış oldunuz?
– Ötən əsrin 60-cı illərindən, daha dəqiq desəm, 1968-ci ildən qəzetdə fəaliyyətə başladım. Yaxşı xatırlayıram. Adi günlərdən biri idi. “Şərq qapısı” qəzeti redaksiyasının yanından keçərkən, birdən pəncərədən qəzetin o illərdəki redaktoru Rəşid Qazıbəyovu gördüm. Qəzetin köhnə redaksiyası indiki şəhər Statistika Komitəsi ilə üz-üzə olan köhnə binada idi. Rəşid müəllim əlini pəncərədən bayıra çıxarıb işarə elədi ki, qəzetə gəl. Getdim. Hal-əhval tutduqdan sonra qarşıma bir vərəq və qələm qoydu. Dedi, yaz. Dedim, ay Rəşid müəllim, nə yazım? Dedi, yaz: “Davud İsgəndər oğlu Kəngərlidən “Şərq qapısı” qəzetinin baş redaktoru Rəşid Qazıbəyov yoldaşa. Yazaraq sizdən xahiş edirəm ki, məni qəzetə fotomüxbir vəzifəsinə qəbul edəsiniz”. Mən də bir söz deməyib yazdım. Ərizəni tamam etdikdən sonra sağollaşdıq. Bu hadisənin üzərindən düz 3 ay keçdi. Həmin vaxt mən Naxçıvan Televiziyasında işləyirdim. Bir gün yenə yolumu redaksiya tərəfdən saldım. Maraq üçün binaya daxil olub, soraqlaşdım ki, yazdığım ərizənin aqibəti necə oldu. Məlumat verdilər ki, mən artıq 3 aydır ki, qəzetin tam ştatlı fotomüxbiriyəm. Həmin vaxt Rəşid müəllimlə də görüşdüm. Dedi ki, artıq neçə müddətdir ki, qəzetin əməkdaşısan. Yaxın günlərdə gəl və işinə başla. Bu xəbərdən sonra televiziyada qalmadım. Öz ərizəm əsasında oradan ayrılıb işimə “Şərq qapısı”nda davam etdim.
– Peşəkar fotomüxbirin olmadığı bir vaxtda televiziyadan ayrılmısınız. Bəs atdığınız bu addım rəhbərlikdə etiraz yaratmadı?
– Yaratdı. Televiziyanın o zamankı sədri Fərman müəllim idi – Fərman Tağıyev. “Şərq qapısı”na getdiyimi eşidib, xeyli acıqlanmışdı. Hətta televiziyanın elan guşəsinə yazıb vurmuşdu ki, guya məni özü işdən qovub. Mən də bu hərəkətə qəti surətdə etiraz etdim. Rəhbərlik səviyyəsində bildirdim ki, mən televiziyadan öz ərizəm əsasında ayrılmış, qəzetə də öz ərizəmlə qəbul edilmişəm...
– Qəzetə alışa bildiniz? Yeni kollektiv, ağır iş şəraiti, cüzi məvacib... Çətin olmadı ki, sizə?
– Çətin olan işimin ağırlığı deyildi. Yəni, iş saatım, gündəlik iş rejimim məni qətiyyən yormurdu. Çətin olan fotoların çəkilməsi, onların peşəkar səviyyədə qəzetə yerləşdirilməsi və problemsiz çapa verilməsində idi. Bütövlükdə götürsək, çətin olan qəzetçilik idi. Ancaq mən azad idim. Yəni, heç kimdən asılılığım yox idi. İşimin nədən ibarət olduğunu bilirdim. Buna görə çox çətinlik çəkmirdim.
– Bəs Davud Kəngərlinin günlük iş rejimi necə idi?
– Olduqca çətin və məsuliyyətli. Bu, tək mənim işimə aid deyildi. Ümumiyyətlə, qəzet, qəzetçilik çox çətin idi. Bir qəzetin ərsəyə gəlməsi çox uzun proseslərdən keçirdi. Foto da onun kimi. Naxçıvan şəhərindən rayonlara – hadisə yerlərinə getmək, operativ şəkildə fotoları çəkməyə çalışmaq asan məsələ deyildi. Fotoların keyfiyyətli çəkilişindən tutmuş, qəzetə vaxtında verilməsinə qədər hər bir məsələyə həssas yanaşmalı idin. Mənim də günlük iş rejimim belə idi; ancaq ayaq üstə, hadisələrlə, insanlarla iç-içə...
– Qəzetin o illərdə çap olunan nömrələrinə baxarkən tənqidi fotoların da olduğunu görürük. Ümumiyyətlə, tənqidi fotoları xüsusi tapşırıq əsasında çəkirdiniz, yoxsa...
– Tapşırıq demək düzgün olmaz. Çünki hər hansı bir ictimai qurumdan və ya muxtar respublika rəhbərliyindən bu barədə tapşırıq gəlmirdi. Belə yazıları və fotoları qəzetdə mütəmadi verirdik. Baş redaktor məni yanına çağırıb deyirdi ki, bu həftə qəzetin “Xalq nəzarəti” səhifəsində tənqidi yazı getməlidir. Bunun üçün maraqlı fotolar çəkilməlidir. Bundan sonra şəhərin müxtəlif ictimai yerlərində olan nöqsanları fotoaparatın yaddaşına köçürürdük. Hətta mən deyərdim ki, mənim 18 illik fotomüxbir fəaliyyətimin ən doğma, ən yaddaqalan xatirələri də tənqidi fotoların çəkilməsi ilə bağlı olurdu.
– Bəs tənqidi fotoların çəkilməsi, ictimai qınaq öz nəticəsini verirdi? Və ən əsası, sizə qarşı təzyiqlər olmurdu ki?
– Əlbəttə, təzyiqlər olurdu. Xüsusən yüksək statusa malik dövlət idarələrindən tənqidi materiallar hazırlayanda aqressiv hallarla rastlaşırdıq. Xatırlayıram ki, bir gün yaxın dostlardan biri mənə dedi ki, Davud, şəhərimizin mərkəzi meydanında fəvvarə quraşdırıblar. Ancaq məsuliyyətsizlik ucbatından işləmir. Bəlkə buna münasibət bildirəsiniz. Onun bu ərkyana xahişindən sonra hadisə yerinə getdim. Həqiqətən də dediyi kimi, fəvvarə istismara verilməsinə baxmayaraq işləmirdi. Çəkdim, qəzetdə buna uyğun münasibət yazısı da dərc olundu. Nəticədə, həmin problem aradan qalxdı. Dost-tanışlar buna görə mənə təşəkkür edirdi. Ümumiyyətlə, o illərdə ziyalı sözünə, tənqidə qiymət verən çox idi...
– Neçə baş redaktorla bir dövrdə işlədiniz?
– 18 illik fəaliyyətim ərzində üç baş redaktorla bir dövrdə işlədim: Rəşid Qazıbəyov, Vahid Bağırov və Sənubər Kərimova.
– Mütləq ki, üç jurnalistdən biri yaddaşınızda daha yaxşı izlər qoyub...
– Hər üçü yaxşı insan idi. Rəşid müəllim əsəbi və tələbkar insan kimi yadımda qalıb. Tez əsəbiləşən, hirsli, qaş-qabaqlı... Vahid Bağırov isə alicənab və kübar şəxsiyyət idi. Sənubər xanım da onun kimi təmkinli, təvazökar insan idi. Rəşid müəllimlə Vahid müəllim haqq dünyasındadır. Sənubər xanım – mənim əmim qızı hazırda həyatdadır. O da Bakıda yaşayır. Dünyasını dəyişənlərə Allahdan rəhmət arzu edirəm, qalanlara isə uzun ömür, can sağlığı diləyirəm...
– Davud müəllim, çəkdiyiniz fotoların, yəni əlinizdə olan arxivlərin aqibəti necə oldu?
– Hamısını Bakıya köçərkən Naxçıvan Arxiv İdarəsinə verdim. Yalnız şəxsi fotoları özümdə saxladım.
– Ümumilikdə, Arxiv İdarəsinə nə qədər foto təqdim etdiniz?
– 20 mindən artıq seçmə foto təqdim etdim. Bu fotoların hamısı Naxçıvan şəhərinin görüntülərini, eləcə də 1960–1980-ci illər arasında muxtar respublikanın ümumi mənzərəsini əks etdirən qiymətli kadrlardan ibarət idi.
– Sözügedən fotoların bir qismi ilə yaxından tanışıq. Hüquqşünas Yunis Xəlilov tərəfindən həmin fotolar mütəmadi olaraq ictimailəşdirilir. Mənim üçün maraqlı olan Naxçıvan şəhərinin yuxarıdan çəkilmiş fotolarıdır. Dronların və peşəkar çəkiliş qurğularının olmadığı bir vaxtda bunu necə bacarırdınız? O dövr üçün 50–60 metr yüksəklikdən şəhərin görüntülərini yaddaşa köçürmək asan iş deyildi axı...
– Söhbətin hansı kadrlardan getdiyini bilirəm. Şəhərimizin yüksəklikdən çəkilən fotoları o illərdə xüsusi icazə əsasında çəkilirdi. Və həmin çəkilişləri etmək üçün dövlət tərəfindən helikopterlər ayrılırdı. Yaxşı yadımdadır. Muxtar Respublikanın yaranmasının 50 illik yubileyində Bakıdan Hüseyn Hüseynzadə adında fotomüxbir gəlmişdi. Muxtariyyətin 50 illiyinə töhfə kimi şəhərin maraqlı fotoları çəkiləcəkdi və həmin fotolardan ibarət jurnal hazırlanacaqdı. Bu işə Bakıdan Hüseyn Hüseynzadəni, Naxçıvandan isə məni ayırmışdılar. İkimiz də hərbidən alınan helikopterlə Naxçıvanın səmadan maraqlı fotolarını çəkdik. Həmin fotolar da hazırda arxiv idarəsində qorunub saxlanılır. O fotolar mənə çox doğmadır.
– Peşə fəaliyyətinizdə Azərbaycan SSR-yə Ulu Öndər Heydər Əliyev rəhbərlik edirdi. Maraqlıdır, dövlət xadiminin həmin illərdə Naxçıvana səfərlərində də fotoları siz çəkirdiniz?
– Naxçıvan üçün fotoları mən çəkirdim. Ancaq Ümummilli lider Bakıdan Naxçıvana gələrkən onunla bərabər bir fotoqraf da gəlirdi. Həmin illərdə dövlət xadiminin Naxçıvan səfərlərini Yaşar Xəlilov çəkirdi. Çox yaxşı insan və işinin peşəkarı idi. Bakıdan gələn fotomüxbirləri gəzdirmək, hadisə yerlərinə aparmaq da mənim öhdəliyimdə idi. Onlar Naxçıvanı yaxşı tanımırdılar deyə, qrupa mən bələdçilik edirdim.
– Davud müəllim, maraqlıdır, texnikanın, fotoaparatların təkmilləşmədiyi bir vaxtda ani kadrları necə çəkirdiniz? Çətin olmurdu?
– Çox çətin olurdu. Xüsusən də dövlət tədbirlərində keçirilən görüşlər və mükafatlandırma mərasimləri zamanı çox əziyyət çəkirdik. Çünki aparatlarımız zəif idi, ani çəkilişlər apara bilmirdik. Bəzən elə olurdu ki, görüş zamanı fotonu vaxtında çəkməyə çatdırmırdıq və buna görə də problemlər yaşayırdıq. Fotoqrafların bir çoxu bu məsələdən narazı idi. Hətta bir nüansı da qeyd edim. Görüşlər zamanı fotokameranın obyektivinə baxaraq gülümsəmək, çəkiliş zamanı səmimi atmosfer yaratmaq ənənəsini də sənətimizə Heydər Əliyev gətirdi. Fotoqraflar dəfələrlə dövlət xadiminə bu barədə şikayət etmiş, bəzi məsul vəzifəli şəxslərin fotomüxbirlərlə işləyə bilmədiklərini söyləmişdilər. O da bu məsələyə şəxsən diqqət yetirirdi. Fotokameranın obyektivinə baxır, fotoqrafı gözləyir, onun rahat işləməsinə şərait yaradırdı. Beləliklə, bu, bir ənənəyə çevrildi. Onun bu addımından sonra digər vəzifəli şəxslər də fotomüxbirlə işləməyin qaydasını öyrəndilər. Bununla da ani kadrları çəkmək xeyli asanlaşdı.
– Mənə elə gəlir ki, fotoaparatın obyektivindən görünən dünya ilə real dünya bir-birindən tamamilə fərqlənir. Siz bir fotoqraf kimi Heydər Əliyevin yaradıcı insanlara olan münasibətindən danışdınız. Bəs vətəndaş kimi bu barədə nə deyə bilərsiniz? Fotoaparatın obyektivindən kənarda gördüyünüz Heydər Əliyev necə insan idi?
– Ümumiyyətlə, Heydər Əliyev çox mədəni və alicənab şəxsiyyət idi. İş fəaliyyəti çox gərgin olsa da, xalqla daim iç-içə olurdu. Naxçıvana gələndə bütün bölgələri gəzirdi, insanların qayğıları ilə maraqlanırdı. Gənclərə və uşaqlara xüsusi sevgisi var idi. İstərdim bir xatirəmi də sizinlə bölüşüm. Bu hadisənin hansı ildə baş verdiyi dəqiq yadımda deyil. Culfa rayonunun Yaycı kəndində idik. Ulu Öndərin sakinlərlə görüşü zamanı balaca uşaqlar ön sıralara çıxıb səs-küy saldılar. O illərdə Naxçıvanın Daxili İşlər naziri olmuş şəxs uşaqlara acıqlandı və dedi ki, siz burada nə gəzirsiniz, səs-küy salmayın. Onun uşaqlara qarşı bu rəftarı Heydər Əliyevin nəzərindən qaçmadı. Hamının gözü qarşısında nazirə irad bildirdi. Dedi: “Sən nə etdiyinin fərqindəsən? O uşaqlar bizim gələcəyimizdir. İstəyirsən ki, onların xatirəsində pis insan kimi qalaq?” Onun bu iradından sonra uşaqları gətirib rəhbərin gözü qarşısında ön sıralarda yerləşdirdilər. Bu da onun uşaqlara olan münasibətini göstərən yaddaqalan hadisələrdən biri idi. Ümumiyyətlə Heydər Əliyev çox kübar, diqqətcil və alicənab şəxsiyyət idi.
– Davud müəllim, bildiyim qədərilə Naxçıvanda ilk rəngli foto yerini də siz açmısınız?
– Doğrudur, Naxçıvanda ilk rəngli foto yerini – foto “Ayşə”ni 80-ci illərdə dostum Rasimlə birgə açmışdıq.
– Bəs həmin foto yeri indi qalırmı?
– Çox təəssüflər olsun ki, qalmır. Fotostudiyanı bütövlükdə buldozerlərin qabağına verdilər. Ümummilli Liderin tarixi görüşləri zamanı çəkdiyim fotoları, öz şəxsi arxivimi, mənim üçün çox dəyərli olan fotolentləri, ilk fotoaparatlarımı... Hamısı məhv oldu getdi. Onların içərisində bu vaxta qədər yayımlanmayan o qədər qiymətli şəkillər vardı ki... Yaxşı ki, arxivimin qiymətli fotolarının böyük bir hissəsni vaxtında arxivə təqdim etmişdim.
– Kim məhv etdi? Bu barədə aidiyyəti yerlərə müraciət etmişdiniz?
– Oranın mənim üçün necə əhəmiyyətli bir yer olduğunu yaxşı bilirdilər... Ancaq indi bu mövzuları danışmağın əhəmiyyəti yoxdur... Olan olub, keçən keçib... Tariximizə, keçmişimizə biganə yanaşan insanların ucbatından mənim dəyərli fotolarım, uzun illər yol yoldaşlığı etdiyim, çörək pulu qazandığım fotoaparatlarım məhv oldu.
- Sizə binanın söküləcəyi ilə bağlı xəbərdarlıq etmədilər?
- Sözdə xəbərdarlıq etdilər. Təsəvvür edin ərazidə tikinti-quruculuq işi aparmaq üçün aylardır plan cızılıb, ancaq mənə bina sökülməmişdən bir gün qabaq məlumat verdilər. Mən də oğlumu göndərdim ki, gedib bu işlə maraqlansın... Möhlət vermədilər... Çadırıb fotostudiyanı tam boşalda bilmədik...
- Həqiqətən də ağrılı hadisədir... Bəs ilk fotoaparatınızın markası nə idi?
- Mən qəzetdə işlədiyim 18 il ərzində ancaq “Kiev”lə çəkiliş etmişəm. O illərdə ən məşhur fotoaparat o idi.
– Davud müəllim, arxivdəki fotolarla tanış olarkən həmin illərdə çəkilən fotolarda sizinlə bərabər fərqli imzalara da rast gəlirik. Məsələn, erməniəsilli fotoqraflar Sergey Torosyan və Aşot Markaryan. Onlar da qəzetin fotomüxbiri idi?
– Xeyr. Onlar qəzetin ştatlı əməkdaşı deyildilər. Sadəcə, həvəskar fotoqraf olduqları üçün Naxçıvanın fotolarını çəkirdilər. Yəni, qəzetlə əlaqələri yalnız kənar müxbir qismində idi. Qəzetin bir peşəkar fotoqrafı var idi. O da mən idim. 1968-ci ildən 1986-cı ilə qədər bu vəzifədə çalışdım. Nə az, nə çox, düz 18 il bu qəzet mənə doğma evim kimi oldu.
- Davud müəllim, məlumat üçün bildirək ki, bu il “Şərq qapısı” qəzeti 105 yaşını qeyd edir. İstərdik qəzetin vizual yaddaşını yaradan bir şəxs kimi sizin də ürək sözlərinizi eşidək.
- 105 il... Deməli, 105 il bundan əvvəl uzun illər çörəyinizi yediyimiz doğma qəzetimiz Naxçıvanımızı öz ziyası ilə nurlandırmağa başlayıb. Sözün həqiqi mənasında əlamətdar hadisədir. “Şərq qapısı” mənim üçün yalnız bir iş yeri deyildi. Bu qəzet yaxşı dostluqların, maraqlı və yaddaqalan xatirələrin ünvanı idi. Qürurluyam ki, 80 illik ömrümün 18 ili bu qəzetdə keçib. Böyük qardaşım Səxavət Kəngərli uzun illər bu qəzetin baş redaktoru olub. Bir sözlə, “Şərq qapısı” adı bütövlükdə Kəngərli ailəsi üçün böyük məna daşıyır. Bu münasibətlə qəzetin rəhbərliyini, yaradıcı kollektivi səmimi-qəlbdən təbrik edirəm. Qələminiz iti, sözünüz kəsərli olsun.
– Təşəkkür edirik, Davud müəllim, göztərdiyiniz qonaqpərvərliyə, maraqlı müsahibəyə və səmimi təbrikə görə sizə minnətdarıq.
Müsahibimlə söhbət apararkən zamanın necə gəlib keçdiyinin fərqində olmursan. O danışdıqca, sanki yaşadığı xatirələrin içində, 18 illik sənət yolunda bir vaxtlar küçələrində addımladığımız, meydanlarında toplandığımız, üzlərini tanıdığımız insanların, hadisələrin, məkanların yaddaşını görürük. Bu, heç də təsadüfi deyil. Çünki fotoaparatının obyektivindən keçən hər görüntü zamanın qarşısında saxlanılmış bir an, unudulmağa qoyulmayan bir xatirədir.
Davud müəllimlə sağollaşarkən bir anlıq onun gözlərinə baxıb düşündüm: Bəlkə də zaman ötdükcə, illər bir-birini əvəz etdikcə, bu ağ-qara kadrlar yalnız keçmişin görüntüləri kimi deyil, bütöv bir tarixi özündə yaşadan dəyərli bir epoxanın yaddaşına çevriləcək. Axı bəzi fotolar sadəcə bir anı əks etdirmir – bir dövrü yaşadır, bir şəhərin yaddaşını qoruyur, insan ömrünü tarixlə qovuşdurur...
MƏCİD RƏŞADƏTOĞLU