NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotu aparılır. Bu torpaqların xəritələri işlənərək elektron kadastr uçotunun informasiya sistemi yaradılır.
Yeni yaradılan sistem torpaqların uçotunun müasir tələblərə uyğun aparılmasına, məkan məlumatları infrastrukturunun formalaşmasına, bu sahədə aparılan işlərin texnoloji cəhətdən modernləşdirilməsinə zəmin yaradır. Məqsəd təyinatından və mülkiyyət növündən asılı olmayaraq muxtar respublika üzrə bütün kateqoriyalı torpaqların elektron kadastr uçotuna alınmasını, ərazilərin rəqəmsal xəritələrinin hazırlanmasını, avtomatlaşdırılmış torpaq kadastr informasiya sisteminin və mükəmməl torpaq bankının yaradılmasını təmin etməkdir.
Məlumatların sistemə işlənməsi ilə bağlı vətəndaşların mülkiyyətində olan torpaqlar barədə məlumatlar toplanaraq vahid formada elektron şəklində yığılıb və arxivləşdirilib.
Bundan başqa bu sahədə mütəxəssislərlə birlikdə digər istiqamətdə də işlər görülür. Son mərhələdə hazır olan bütün məlumatlar torpaqların elektron kadastr uçotu informasiya sisteminə daxil edilməsi üçün saxlanılır.
Naxçıvan Muxtar Respublikasının
Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə
Dövlət Komitəsinin mətbuat xidməti