Avqustun 30-u saat 23:20 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı-Quba-Rusiya Federasiyası sərhədi ödənişli avtomobil yolunun Xaçmaz rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə bağlı çağırış qeydə alınıb.
TƏBİB-dən NUHÇIXAN-a bildirilib ki, çağırış ünvanına cəlb olunan təcili tibbi yardım briqadaları tərəfindən 6 nəfər (kişi) Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, 1 nəfərin bioloji ölüm faktı qeydə alınıb.
Tibb müəssisəsinin müvafiq şöbəsində hazırda 3 nəfərin müalicəsi davam etdirilir, 2 nəfərin vəziyyəti ağır, 1 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir. İki nəfər isə daha ixtisaslı tibbi xidmət almaq üçün Quba Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub. Hazırda onların müalicələri davam etdirilir, vəziyyətləri orta ağır qiymətləndirilir.
Qeyd edək ki, “BMW X7” markalı minik avtomobili idarəetmənin itirilməsi nəticəsində yolun Xaçmaz rayonu ərazisindən keçən hissəsində dərəyə aşıb.
