Vüqar Süleymanov: Azərbaycanda minatəmizləmə sahəsində ən qabaqcıl texnologiyalardan istifadə olunur
İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması birbaşa minatəmizləmə prosesi ilə əlaqəlidir. Yenidənqurma işlərinə başlanmazdan əvvəl həmin ərazilər mina və digər partlayıcı sursatlardan tam təhlükəsiz vəziyyətə gətirilməlidir.
NUHÇIXAN xəbər verir ki, bunu Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, 2020-ci ilin noyabrından etibarən 298 min hektardan çox ərazi mina və digər partlayıcı sursatlardan təmizlənib, 260 mindən çox mina və digər partlayıcı sursat aşkar edilərək zərərsizləşdirilib.
“Azərbaycanda minatəmizləmə sahəsində ən qabaqcıl texnologiyalardan istifadə olunur. Lakin bu texnologiyaların böyük əksəriyyəti ərazilərin tədqiq edilməsi və təhlükəli sahələrin müəyyənləşdirilməsi ilə bağlıdır. Təmizləmə prosesinin əsas hissəsi isə bütün dünyada olduğu kimi, insan əməyi ilə həyata keçirilir”,- deyə İdarə Heyətinin sədri vurğulayıb.
