Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) "Güzəştli mənzil" informasiya sisteminə qanunsuz müdaxilə edilməsi niyyəti və vətəndaşların aldadılması yolu ilə pul vəsaitlərinin ələ keçirilməsi faktları ilə bağlı əməliyyat-texniki tədbirlər həyata keçirilib.
NUHÇIXAN Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) tərəfindən aparılan tədbirlər nəticəsində qeyd edilən qanunsuz əməlləri törətməkdə təqsirli bilinən 33 yaşlı Günay Lətifova və 43 yaşlı Şükufə Mirzəyeva müəyyən edilərək saxlanılıblar.
Araşdırmalarla müəyyən edilib ki, həmin şəxslər müxtəlif süni intellekt proqramlarından istifadə etməklə güzəştli mənzillərin növbədənkənar əldə edilməsini təşkil edə biləcəkləri barədə vətəndaşlarda həqiqətə uyğun olmayan təsəvvür yaradaraq MİDA-nın adından saxta elektron alqı-satqı və ipoteka müqavilələri hazırlayıblar.
Daha sonra həmin saxta sənədləri 1000–9000 manat arasında dəyişən məbləğlər müqabilində vətəndaşlara təqdim edərək onların pul vəsaitlərini ələ keçiriblər. Tədbirlər zamanı Ş.Mirzəyevanın yaşadığı mənzilə baxış keçirilərkən MİDA-nın adından hazırlanmış 472 ədəd saxta güzəştli mənzil alqı-satqısı və ipoteka müqaviləsi aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktlarla bağlı Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. G.Lətifova və Ş.Mirzəyeva təqsirləndirilən şəxs qismində istintaqa cəlb ediliblər. Məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda saxlanılan şəxslərin qanunsuz əməllərindən zərərçəkən digər vətəndaşların müəyyən edilməsi, dəymiş maddi ziyanın ümumi məbləğinin hesablanması, həmçinin cinayət işi üzrə bütün halların araşdırılması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
