ATƏT-in nümayəndəsi: Mina əleyhinə fəaliyyətə ekoloji məsələlərin inteqrasiyası da vacibdir

A- A A+

Mina əleyhinə fəaliyyət və humanitar minatəmizləmə uzun illərdir ATƏT-in bu sahədə həyata keçirdiyi fəaliyyətinin mühüm istiqamətlərindən biridir. Bu məsələ təşkilatın siyasi gündəliyində də xüsusi yer tutur və Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumunda müzakirə olunur.

NUHÇIXAN xəbər verir ki, bunu ATƏT Katibliyi rəhbərinin müavini, Münaqişələrin Qarşısının Alınması Mərkəzinin direktoru Keyt Firon Bakıda keçirilən IV Beynəlxalq Minatəmizləmə Konfransı çərçivəsində təşkil olunan “Mina təhlükəsi ilə üzləşmiş şəhərlərin bərpasına siyasətlərin inteqrasiyası” mövzusunda panel sessiyada çıxışı zamanı deyib.

O bildirib ki, Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumu 57 iştirakçı dövlət arasında təhlükəsizliyin hərbi-siyasi aspektlərini, o cümlədən atıcı silahlar və yüngül silahlarla mübarizə, hərbi şəffaflıq, etimad və təhlükəsizlik quruculuğu tədbirləri kimi məsələləri əhatə edir.

Forum çərçivəsində keçirilən “təhlükəsizlik dialoqları”nda mina əleyhinə fəaliyyət də müntəzəm olaraq gündəmə gətirilir. 2022-ci ildən etibarən bu mövzu üzrə təxminən 6 dialoq keçirilib. Onlardan biri Azərbaycanın 2022-ci ildə Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumuna sədrliyi dövründə təşkil olunub.

Keyt Firon qeyd edib ki, iştirakçı dövlətlər mina əleyhinə fəaliyyəti yalnız texniki proses kimi deyil, həm də etimad və təhlükəsizlik quruculuğu tədbiri, münaqişələrin həlli, yenidənqurma, bərpa və sülh quruculuğu fəaliyyətlərinin mühüm tərkib hissəsi kimi qiymətləndirirlər.

Onun sözlərinə görə, mina əleyhinə fəaliyyət uzunmüddətli təhlükəsizlik, humanitar və inkişaf çağırışıdır və təhlükəsizliyə hərtərəfli yanaşma konsepsiyası ilə birbaşa bağlıdır.

“Bizim üçün əsas sual yalnız daha çox ərazini necə təmizləmək deyil. Əsas məsələ ölkələrə öz prioritetlərinə uyğun olaraq əraziləri dayanıqlı şəkildə istifadəyə qaytarmağa imkan verən milli potensialı necə formalaşdırmaq, ərazilərin istifadəyə qaytarılmasını bərpa prosesi ilə əlaqələndirmək və belə bərpanı təmin edəcək tərəfdaşlıqları necə qurmaqdır”, - deyə o vurğulayıb.

ATƏT-in nümayəndəsi tərəfdaşlığın ilk növbədə milli sahibliyə əsaslandığını diqqətə çatdırıb. Bildirib ki, hökumətlər, milli mina əleyhinə fəaliyyət qurumları, yerli hakimiyyət orqanları, beynəlxalq təşkilatlar, donorlar, əməliyyatçı qurumlar və mina təhlükəsindən zərər çəkmiş icmalar bu prosesə müxtəlif imkanlar və baxışlar gətirirlər.

Onun sözlərinə görə, tərəfdaşlığın səmərəli olması üçün beynəlxalq yardım milli sistemləri və prioritetləri əvəz etməməli, əksinə, onları gücləndirməlidir.

Keyt Firon vurğulayıb ki, tərəfdaşlıq sonda ərazilərin istifadəyə qaytarılmasına və bərpa prosesinə çevrilməlidir. Ərazilərin istifadəyə qaytarılması icmaların yenidən əlaqələndirilməsinə, infrastrukturun bərpasına, iqtisadi və sosial inkişafın irəliləməsinə imkan yaradır. Buna görə minatəmizləmə fəaliyyəti ilkin mərhələdən daha geniş bərpa və inkişaf planlaşdırmasına inteqrasiya edilməlidir.

O qeyd edib ki, ATƏT mina əleyhinə fəaliyyəti çərçivəsində EOD, sualtı minaların təmizlənməsi və ərazilərin istifadəyə qaytarılması üzrə təlim, avadanlıq, beynəlxalq ekspertiza və digər imkanlar vasitəsilə humanitar minatəmizləmə potensialının gücləndirilməsi istiqamətində fəaliyyət göstərir.

ATƏT-in nümayəndəsi mina əleyhinə fəaliyyətə ekoloji məsələlərin inteqrasiyasının da vacibliyini vurğulayıb. Bildirib ki, 2024, 2025 və 2026-cı illərdə ekoloji təhlükəsizlik üzrə 3 təlim proqramına dəstək göstərilib və təxminən 80 mütəxəssis bu sahədə təlim keçib.

O qeyd edib ki, bu fəaliyyət ekoloji məsələləri nəzərə alan və mina fəaliyyəti üzrə təcrübələri beynəlxalq ekoloji standartlarla uyğunlaşdıran milli hüquqi çərçivənin hazırlanmasına və tətbiqinə töhfə verir.

“Bərpa yalnız ərazinin təhlükəsiz vəziyyətə gətirilməsi demək deyil. Söhbət həmin ərazinin istifadəyə yararlı, dayanıqlı və uzunmüddətli perspektivdə icmaların həyatını dəstəkləyə biləcək vəziyyətə gətirilməsindən gedir”, - deyə Keyt Firon bildirib.

O, çıxışının sonunda mina əleyhinə fəaliyyətlə bağlı 3 əsas məqamı diqqətə çatdırıb. Birincisi, milli sahibliyin prosesin mərkəzində olmasıdır. İkincisi, tərəfdaşlıqların davamlı və bir-birini tamamlayan xarakter daşımasıdır. Üçüncüsü isə mina əleyhinə fəaliyyətin daha geniş təhlükəsizlik və bərpa prioritetlərinə inteqrasiya edilməsidir.

“Mina əleyhinə fəaliyyət ən böyük strateji əhəmiyyətini o zaman ortaya qoyur ki, ərazilərin istifadəyə qaytarılması təhlükəsizlik, bərpa və dayanıqlı sülh arasında körpüyə çevrilir. Bu yanaşma ATƏT-in təhlükəsizliyə hərtərəfli yanaşmasını əks etdirir və partlayıcı təhlükələrin aradan qaldırılmasını yalnız fiziki təhlükəsizliklə deyil, həm də iqtisadi bərpa, sosial sabitlik və uzunmüddətli dayanıqlı sülhlə əlaqələndirir”, - deyə ATƏT-in nümayəndəsi əlavə edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: