Tanınmış jurnalist, ictimai ekspert Sahil Tahirli Qərb mediasının Azərbaycana qarşı apardığı riyakar informasiya siyasətini sərt tənqid edib.
Sahil Tahirli NUHÇIXAN-a bildirib ki, Medianın İnkişafı Agentliyinin (MEDİA) yaydığı son bəyanat bəzi xarici media resurslarının Azərbaycanla bağlı materiallarında müşahidə olunan birtərəfli və qərəzli yanaşmanı bir daha ortaya qoyur.
O vurğulayıb ki, mənzil-qərargahı Polşada yerləşən "Nexta" kanalının Goranboy rayonunda baş vermiş yanğın hadisəsini təsdiqlənməmiş mülahizələr əsasında siyasi kontekstdə təqdim etməsi obyektiv jurnalistika prinsiplərinə uyğun deyil.
MEDİA-nın bəyanatında vurğulandığı kimi, özünü müstəqil və obyektiv media kimi təqdim edən qurumların faktları tam araşdırmadan Azərbaycanla bağlı birtərəfli məlumatlar yayması ciddi suallar doğurur. ‘The Guardian’, ‘The Independent’, BBC, CNN, ‘Le Monde’ qəzetində, Polşanın TVP telekanalı və digər media resurslarının ayrı-ayrı materiallarında da oxşar yanaşmalar müşahidə olunur, – deyə ekspert qeyd edib.
Sahil Tahirli bildirib ki, Azərbaycan Qərbin və onun mediasının “üç meymun” siyasətini yeni görmür. Onun sözlərinə görə, Azərbaycanın torpaqları 30 il işğal altında saxlanılarkən, şəhər və kəndlər dağıdılarkən də, 44 günlük Vətən müharibəsi zamanı da, ondan sonrakı dövrdə də bu yanaşmanın şahidi olmuşuq.
“Görünən dağa bələdçi lazım olmadığı kimi, Günəşin də ləkə götürmədiyini yaxşı bilirik. Haradansa səs gələ bilər, müxtəlif iddialar səsləndirilə bilər, amma bu, karvanı yolundan eləmir. Azərbaycan öz yolunu müəyyən edib və heç bir qərəzli informasiya kampaniyası ölkəmizin əldə etdiyi reallıqları dəyişə bilməz”, – deyə Sahil Tahirli fikrini tamamlayıb.
