Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Ənvər Tağıyevin ölkəmizə ekstradisiya edilməsi barədə razılıq əldə olunub.
Bu barədə NUHÇIXAN-a Azərbaycan Respublikası Baş Prokurorluğunun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, bu qərar Baş Prokurorluğun Ukrayna tərəfinə ünvanladığı müraciət, beynəlxalq prosedurlara uyğun sənədlərin təqdim edilməsi və aparılan danışıqlar nəticəsində qəbul edilib. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ibtidai istintaqı aparılan cinayət işi üzrə Ənvər Həsən oğlu Tağıyevin qaçaqmalçılıq törətməsinə, habelə aksiz markası ilə markalanmalı olan yükü belə markalanma olmadan satış məqsədilə saxlamasına əsaslı şübhələr müəyyən edilib. O, təqsirləndirilən şəxs qismində cəlb olunsa da, istintaqdan yayınaraq gizləndiyi üçün barəsində İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarış elan edilmişdi.
Keçirilmiş birgə tədbirlər nəticəsində Ə.Tağıyevin Ukrayna ərazisində yeri müəyyən olunaraq saxlanılması təmin edilib.
Hazırda onun Azərbaycan Respublikasına gətirilməsi istiqamətində zəruri prosedurlar davam etdirilir. Baş Prokurorluq axtarışda olan şəxslərin müəyyən edilərək ölkəyə gətirilməsi məqsədilə xarici dövlətlərin aidiyyəti qurumları, o cümlədən İnterpol ilə əməkdaşlığı bundan sonra da qətiyyətlə davam etdirəcək.
