NUHÇIXAN xəbər verir ki, bu gün 2006-cı ildən beynəlxalq səviyyədə qeyd edilən məlumatlandırma kampaniyası və ekoloji bayram kimi qeyd olunur. Beynəlxalq Köçəri Quşlar Günü ildə iki dəfə - mayın və oktyabrın ikinci şənbə günü qeyd edilir. Bir çox ölkələrdə, həmçinin Kanada və ABŞ-da hər il mayın 10-11-də keçirilir. Amerikalı ornitoloqlar tərəfindən 1993-cü ildən etibarən bu gün bayram edilir. 1906-cı ildə isə “Köçəri quşlar haqqında beynəlxalq Konvensiya” qəbul olunub.
Günün əsas məqsədi dünya ölkələrinin diqqətini qlobal ekoloji problemlərdən biri olan köçəri quşların yay və qış aylarında köçü zamanı onların sərbəstliyini və təhlükəsizliyini təmin etməkdir.
Bu il Beynəlxalq Köçəri Quşlar Gününün şüarı “Quşları qoruyun: plastik çirklənmə probleminin həllində iştirak edin!”dir.
Azərbaycan Ornitoloji Cəmiyyətinin direktoru, biologiya üzrə fəlsəfə doktoru Elçin Sultanov bildirib ki, ölkəmizdə 400-dən çox quş növü qeydə alınıb. Qeydə alınan növlər 18 dəstə və 61 fəsiləyə mənsubdur. Bunların 40 faizi oturaq növ olmaqla, respublika ərazisində ilboyu müşahidə edilirlər, 27 faizi qışlayan və 10 faizdən çoxu isə köç vaxtı qeydə alınan növlərdir. Avrasiyadakı ən böyük miqrasiya yollarından biri Azərbaycan ərazisindən keçir. Şərqi Avropa və Qərbi Sibirdən cənuba və Şərqi Afrikaya, Cənub-Qərbi Asiyaya və əksinə milyonlarla quş köç edir. Hər il Azərbaycan ərazisindən təqribən 20 milyon təkcə su-bataqlıq quşu keçir, istirahət və yemlənmək üçün dayanacaq kimi buradan istifadə edir. Avropada qışlayan quşların ən çox olduğu yerlərdən biri olan ölkəmizdə 1-1,5 milyon su quşu qışlayır. Digər qışlayan quşlardan isə bəzgəklərin sayına görə ölkəmiz dünyada birinci yerdədir. Belə ki, 100-200 min arasında bəzgək respublika ərazisində qışlayır.