Naxçıvan qarnizonu qoşunlarında gənc əsgərlər and içib - FOTOLAR
Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan qarnizonu qoşunlarında aprel ayı ərzində həqiqi hərbi xidmətə çağırılmış gənc əsgərlərin andiçmə mərasimləri keçirilib.
Andiçmə mərasimində Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Gənc əsgərlər komandirlərinin və valideynlərinin iştirakı ilə Vətənə sədaqət andı içərək Vətənimizin müdafiəsində ayıq-sayıq dayanacaqlarına söz veriblər.
Tədbirdə çıxış edənlər gənc əsgərləri hərbi andı qəbul etmələri münasibətilə təbrik ediblər.
Çıxışların ardından Əlahiddə Ümumqoşun Ordu komandanının müavini general-mayor Elman Orucov Naxçıvan Qarnizonunun rəisi, general-leytenant Kərəm Mustafayevin təbrikini şəxsi heyətə çatdırıb. Bildirilib ki, beş minillik tarixə malik olan Naxçıvan muxtariyyətinin 95-ci ilində uğurla inkişaf edir, yeni-yeni nailiyyətlər qazanır. Ötən il Əlahiddə Ümumqoşun Ordunun hərb tariximizə qızıl hərflərlə yazdığı Günnüt zəfəri muxtar respublikamızın iqtisadi inkişafından və müdafiə qüdrətindən xəbər verir. Təbii ki, bütün bunlar da ümummilli lider Heydər Əliyev yoluna sədaqətin, muxtar respublikamızın hərtərəfli inkişafının və xalq-ordu birliyinin təntənəsidir.
Təbrik oxunduqdan sonra şəxsi heyətin tribunanın önündən təntənəli keçidi olub.
Nəriman Nəcəfov