Əshabi-Kəhfin sirrləri - FOTOLAR
“Qurani Kərim”in 18-ci “Kəhf” surəsində məlumat verilən Əshabi Kəhf mağarası haqqında bir-birindən fərqli fikirlər var. Bu mağara ilə bağlı rəvayətlər oxşar olsa da, harada, hansı ölkədə olması bəzən mübahisə mövzusuna çevrilir. Çünki dünyanın bir çox ölkələrində “Əshai-Kəhflər” var və hər kəs də öz ölkəsində olanı məhz Qurani Kərimdə adı çəkilən mağara kimi qəbul edir.
Sevindirici və qürurverici haldır ki, Əshabi-Kəhf adlanan ziyarətgah doğma Naxçıvanda da var. Əfsuslar olsun ki, 70 il ömür sürən sovet hakimiyyəti illərində ziyarətgaha getmək heç də yaxşı qəbul olunmur, hətta bura gedənlər təqib edilir, mənəvi repressiyaya məruz qalırdılar. Dırnaqarası alimlərimiz isə öz cızmaqarası ilə Əshabi Kəhf ziyarətgahını gözdən salmağa çalışırdılar. 1988-ci ildə “Elm və həyat” jurnalında adını unutduğum müəllif yazdığı məqalədə əsl Əshabi-Kəhfin İordaniyada, Amman şəhərinin 12 kilometrliyində olduğunu sübut etmək üçün dəridən-qabıqdan çıxırdı. Hələ o zaman biz Əshabi-Kəhf ziyarətgahına qadağa qoymaq əvəzinə, oranı bərpa edib, təbliğatını aparmaq, sərhədləri bağlı olan SSRİ-də olan müsəlman respublikalarından, Rusiya Federasiyası tərkibində yaşayan müsəlmanlardan Naxçıvana turist axınını təşkil etməyin mümkün olduğunu bildirmişdik.
Ölkəmiz müstəqillik əldə etdikdən sonra ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə dini ziyarətgaha münasibət dəyişdi. Müxtəlif tədqiqatçılar ziyarətgah haqqında məqalələr, kitablar yazdılar və həqiqi ziyarətgahın, Qurani Kərimdə adı çəkilən Əshabi-Kəhfin məhz Naxçıvanda olduğunu sübut etdilər.
Qurani Kərimin Kəhf surəsinin 17-ci ayəsində deyilir: “Və günəş çıxan zaman onu onların mağaralarından sağ tərəfə meyl edən, batanda isə onların sol tərəfindən kəsərək əyilən görərsən.Və onlar həmin mağaranın geniş bir yerində idilər. Bu, Allahın nişanə və möcüzələrindəndir. Allah kimi hidayət etsə, o, həqiqi yolu tapmışdır və kimi öz zəlalətində boşlasa, onda onun üçün əsla doğru yol göstərən bir köməkçi və başçı tapmazsan”.
Göründüyü kimi, müqəddəs kitabımızda yazılan əlamətlər (koordinatlar) Naxçıvanda olan Əshabi-Kəhfdəki əlamətlərlə eynidir.
Əshabi-Kəhfdə aparılan geniş miqyaslı quruculuq işləri, onun təbliğinin təşkili, bizim 30 il qabaq arzuladığımız kimi, buranın əsl turizm məkanına çevrilməsinə səbəb olub.
Uzun illər müxtəlif istiqmətlərdə araşdırmalar, arxeoloji qazıntılar aparılsa da, bu müqəddəs diyarın sirləri, bizcə, hələ də tam açılmayıb. Məşhur internet portalı olan Google-Map-ın axtarış səhifəsində Əshabi-Kəhfin yüksəkdən görünüşü çoxdan diqqətimizi çəkmişdi. Buradan baxanda digər hamar dağların fonunda Əshabi-Kəhfin ərazisində fərqli landşaft və relyef diqqəti çəkir. Kilometrlərlə sahədə sanki ərəb əlifbası ilə hansısa bir yazıya oxşayan xətləri hamı görür. Düzdür, bu “yazını” Əshabi-Kəhf mağarasını ziyarət edənlər görə bilmir. Çünki yalnız üstdən (fəzadan) baxanda qaranlıq (kölgə) dərələr, həmin şaxələnən kanyonlar yazını təşkil edir. Bu məsələyə bir qədər aydınlıq gətirmək üçün “Əshabi Kəhf ziyarətgahı” Dini-mədəni abidə kompleksinin direktor müavini, ilahiyyatçı Əli Orucovla da görüşdük. Əli müəllim orada internet görüntüsündə Əshabi-Kəhfdə bu cür maraqlı və diqqəti çəkən məqamların çox olduğunu qeyd etdi.
Əslində belə bir nəticəyə gəlmək olur ki, Əshabi Kəhf mağarası bir neçə yerə şaxələnən, qranit daşlardan ibarət dar kanyonlardan ibarətdir. Əhali arasında “Yeddi kimsənə” adlanan yerə qalxan pilləkəndən sağ tərəfə ayrılan dərə ziyarətgaha aid hesab edilmir. Kanyonun kənarları xeyli dik, uzun və nisbətən yaşıllıqdan ibarət olsa da giriş hissədə sel sularının gətirdiyi selintilərin qarşısını almaq üçün tikilən bənd turistlərin də həmin hissəyə keçməsinə mane olur. Lakin Əshabi Kəhf kompleksinin möcüzəsinin yaranmasında bu kanyonun və ziyarətgahdan aralı yarğan və dərələrin də xüsusi rolu vardır.
İlk piləkəni qalxanda, sol tərəfdə “Yeddi kimsənə” adlanan qayaaltı sığınacaqda daşda insan bədəninin “izləri” bilinir. Üçüncüdən sonra sayları dəqiqləşdirmək mümkün deyil. İnsanlar bu hissəni ziyarət edir, burada namaz qılırlar.
Kəhf surəsinin 25-ci ayəsində: “ Və mağaralarında üç yüz il qaldılar və doqquz il artırdılar”. Təbii ki, burada söhbət rəvayətə görə mağaraya sığınan gənclərdən gedir.
Gənclərin mağarada neçə nəfər olması və nə qədər müddətə mağarada yatmaları bəzən mübahisə doğurur. Bu mövzu hələ orta əsr mənbələrində də öz əksini tapıb. Eldənizlər dövlətinin saray şairi Əbu Bəkir ibn Xosrov əl-Ustadi “Yeddi yeniyetmə mağara sakini, Dəqyanus (Dağyunus) və onlar arasında baş verənlər” haqqında rəvayət (Munisnamə əsəri) də yazır ki, adamlar Təmleyxagilə deyir ki, Dağyunusun çarlığından 309 il keçib. Biz İncildə uca Allah tərəfindən bu barədə, “Dağyunusdan qaçan altı gənc” haqqında oxumuşuq.
Əsərdə göstərilir ki, Dağyunusun (Dəqyanusun) ölümündən sonra şahlığa Qasım adlı biri gəlir və cəmisi iki il şahlıq edir. Bundan sonra hakimiyyət rumların əlinə keçir. Onlar dörd il hakimiyyətdə olurlar.
“Naxçıvan tarixi” kitabında isə göstərilir ki, eradan əvvəl I - bizim eranın II əsrlərində Naxçıvan Atropotena, Parfiya və Romanın döyüş meydanına çevrilmişdi. (Göründüyü kimi, rəvayətlə tarixdə uyğunluq vardır) Əbu Bəkir ibn Xosrov əl-Ustadinin Mağara sakinləri rəvayətində yenə qeyd edilir ki, Dağyunususun ölümündən 20 il sonra Zəkəriyyə peyğəmbər zühur edir. İsa peyğəmbərin dövründə isə möcüzəli hadisələr baş verir, 309 ildən sonra mağarada yatanlar oyanırlar.
Rəvayətdə Dəqyanusun zülmündən, əslində küfründən, 6 nəfər və bir çobanın “Qıtmır” adlı iti ilə qaçdığı göstərilir.
Kəhf surəsinin 14-cü ayəsində deyilir: “Onlar qiyam edib “bizim Rəbbimiz göylərin və yerin Rəbbidir, biz Ondan savayı əsla başqa bir məbud çağırmayacayıq ki, onda həddi aşmış bir söz söyləmiş olarıq” deyən zaman onların qəlblərini möhkəmləndirdik”.
Əshabi- Kəhfdə “Yeddi kimsənə” adlanan kiçik mağarada neçə nəfərin yatdığı bəzən mübahisə doğurur. Lakin kəhf surəsinin 22-ci ayəsində deyilir: “Tezliklə deyəcəklər: “Onlar üç nəfərdirlər, dördüncüsü itləridir”. Və deyəcəklər:” Yeddi nəfərdirlər və səkkizincisi itləridir” De: “ Mənim Rəbbim onların sayını daha yaxşı bilir”.
Naxçıvanda dolaşan rəvayətə görə “Qıtmır”in Əshabi-Kəhf mağarasına 500 metr qalmış təpənin üzərində öldürüldüyü və çobanın çomağının isə qəbrin üzərinə taxıldığını, sonradan çomağın göyərib qol-budaq açmasını söyləyirlər. Ziyarətçilərin bəziləri indi də ziyarətgaha çatmamış yolun solunda bir daş yığınını guya “Qitmir”in qəbrinin olduğunu deyirlər. Hətta ora gedib bu daş kələyinin üzərin bir daş da atırlar. Əvvəllər burada dağdağan ağacı da vardı. Amma bizə elə gəlir ki, təpənin üzərində ziyarət edilən qəbrin “Qitmir”ə heç bir aidiyyəti yoxdur. Çünki Qurani Kərimin Kəhf surəsinin 18-ci ayəsində: “Onların iti hər iki pəncəsini mağaranın kandarına uzatmışdır”- deyilir.
“Yeddi kimsənə”dən sonra mağara sola və sağa şaxələnir. Sol tərəfə kanyon davam etsə də insan gedişi mümkün deyil. Amma buradakı qayaaltı sığınacaqda köhnə tikili qalıqları mövcuddur. Tikililərdən birinin uzunluğu 2 m, hündürlüyü 0.5 m-ə yaxındır. Tikinti üçün xüsusi narın qumlu gildən istifadə edilib. Gil sarımtıl rəngdədir. İkinci tikinti qalığı ondan bir qədər altda uzunluğu 1.5 m, hündürlüyü isə 0.4-0.5 m-dir. Nisbətən ağ rəngli, narınqumlu gillə hörülüb. Bələdçimiz Əli Orucovun dediyinə görə, tikintidən nümunələr analiz edilib və eramızın III əsrinə aid olduğu qənaətinə gəlinib.
Sağ yoldan isə dalğavari olmaqla bir daha sağ tərəfdə “Cənnət bağı”na qol ayrılır.
Əvvəldə də qeyd etdiyimiz kimi bu yazını yazmağımıza səbəb Google-Map-ın axtarış səhifəsində Əshabi-Kəhfin yüksəkdən maraqlı görünüşü idi. Əslində bu yazının dini inancala nə dərəcədə əlaqəsinin olub-olmadığını deyə bilmərik. Amma ərəb əlifbasının hərflərinə oxşar dağ yarğanları, qayaların təsviri, o cümlədən Əshabi–Kəhf ziyarətgahı özü də Naxçıvan torpağının müqəddəsliyinə bir işarədir. Buranın qədim tarixi, insanların tanrıya sonsuz inancı və vətənpərvərliyi onların qəlbində inamla yanaşı torpaq sevgisini də formalaşdırıb. Hər bir Naxçıvan insanı üçün o sevgi Tanrıya olan sevgi qədər müqəddəsdir.
Zaleh Novruzov