Qadın baş geyimlərimiz

A- A A+

Hər bir xalqı digər xalqlardan fərqləndirən amillər sırasında milli dəyərlər xüsusi əhəmiyyət daşıyır. Bu cəhətdən Azərbaycan xalqına məxsus olan dəyərlər öz milli-mənəvi, estetik, bədii məna tutumu ilə fərqlənir. Min illər boyu cilalana-cilalana dövrümüzə qədər gəlib çatan bu əvəzsiz sərvət xalqımızın bir növ kimliyi sayıla bilər. Zəngin adət-ənənələrimizi özündə ehtiva edən dəyərlərimiz xalqımızın mənəvi dünyasının formalaşmasında mühüm rol oynamış və bu gün də həmin vəzifə yerinə yetirilir. Onların yaşadılması, gələcək nəsillərə ötürülməsi hər bir dövrdə yaşayan insanların vətəndaşlıq borcudur. Bu gün qürur hissi keçiririk ki, milli dəyərlərimiz miras kimi qorunub saxlanılır.

XIV əsrdə Azərbaycan Yaxın Şərqin ən böyük ipəkçilik mərkəzlərindən biri idi. Burada istehsal edilən ipək sap və ipək parçalar öz zərifliyi, naxış xüsusiyyətləri ilə həm ölkədə, həm də onun hüdudlarından kənarda böyük şöhrət qazanmışdı. Azərbaycanda çoxlu miqdarda ucuz xammal mənbəyinin olması burada ipək parça istehsalı sənətkarlığının inkişafı üçün lazımi şərait yaratmışdı. Olduqca zərif, nadir və zövqoxşayan parçalar, ipəkdən qadın baş örtükləri və digər geyimlər hazırlanırdı. Parçaların naxışı və rəngləri bir xalqı başqasından ayırmağa, həm də eyni xalqın içərisində müxtəlif zümrələrin nümayəndələrini fərqləndirməyə imkan verirdi. Azərbaycanda əhali arasında qanovuz, darayı, mov, xara, atlas, məxmər, tirmə və başqa parçalardan geniş istifadə olunurdu. İpək parçalardan hazırlanan geyimlər içərisində qədim baş örtükləri daha gözəl, rəngarəng görünürdü. Bunlara ipək çalmalar, naz-nazı, təsək, ləçək, örpək daxil idi. Baş örtüklərinin içərisində daha geniş yayılmış ipək yaylıq, kəlağayı daha məşhur idi. Kəlağayı ipək sapdan toxunmuş dördkünc formalı qadın baş örtüyüdür. Azərbaycanın qərb zonasında buna “çarqat”da deyilir. Kəlağayı istehsalı Azərbaycanda qədimdən məlumdur. Bu baş örtüyü Azərbaycanın Təbriz, Şəki, Gəncə, Şamaxı, Naxçıvan kimi məşhur ipəkçilik mərkəzlərində istehsal edilirdi.

Sənətkarlar kəlağayını hazırlayarkən təkcə ipək parçanı naxışlamaqla kifayətlənmir, onun əlvan, rəngarəng görünməsi üçün əlavə rənglərlə də boyayırdılar. Parçanı boyayarkən naxışların üzəri bulaşmasın deyə mumla örtür və rəngli məhlulun içərisinə salırdılar. Parça boyanıb qurtardıqdan sonra mum örtükdən götürülür və beləliklə, parça üzərində rəngbərəng bəzəklər əmələ gəlirdi.

Qeyd edək ki, kəlağayının örtülməsində yaş və sosial fərqlər mövcud idi. Adətən yaşlı qadınlar tünd, geniş ölçülü, gənc qadınlar isə ağ və əlvan rəngli kiçik ölçülü kəlağayılar örtürdülər. Yəni, qadınlar bir neçə cür örtükdən istifadə edirdilər. Saçı bir yerə yığmaq üçün cuna və kətandan istifadə olunurdu. Cuna ağ rəngli pambıq parçadan, carqat isə narıncı, ağ, çəhrayı rəngdə və bəzən də saçaqlı olurdu.

Tarixən xalq yaradıcılığının çoxsaylı sahələrinin inkşaf etdirildiyi qədim Naxçıvan diyarında da kəlağayı qadınlarımızın istifadə etdiyi milli baş geyimlərindən olub. İpəkçiliyin inkişafı burada kəlağayının baş örtüyü kimi daha geniş yayılmasına imkan verib.

Onu da qeyd edək ki, milli dəyərlərimizin qorunmasına yüksək diqqət və qayğı göstərilən ölkəmizdə kəlağayı sənətinin inkişafı da diqqət mərkəzindədir. Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti nəticəsində kəlağayı sənətinin Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində və adət-ənənələrimizdə ən mühüm mədəniyyət nümunəsi olduğu beynəlxalq səviyyədə öz təsdiqini tapıb. Belə ki, 2014-cü ildə Azərbaycan kəlağayı sənəti “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə YUNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.

Unutmaq olmaz ki, geyim həm də mədəniyyətdir. Çalışaq yaşı zəngin tariximizlə ölçülən bu mədəniyyətimizin hər bir parçasını qoruyaq və yaşadaq.

“Yeni həyat” qəzeti

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: