Təhlükəsizliyin təmin olunması, risklərin əvvəlcədən müəyyənləşdirilməsi və insanların təhlükələr barədə vaxtında məlumatlandırılması müxtəlif sahələri birləşdirən ümumi yanaşmadır. Bu gün dünyada təhlükələrin xarakteri dəyişir və daha mürəkkəb forma alır. İqlim dəyişikliyi nəticəsində daşqınlar, sel, torpaq sürüşmələri, quraqlıq, meşə yanğınları və digər təbii fəlakətlərin intensivliyi artır.
NUHÇIXAN xəbər verir ki, bu sözləri “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” (BCAW2026) çərçivəsində keçirilən “Çoxmühitli erkən xəbərdarlıq sistemlərinə AI inteqrasiyasının üstünlükləri və çətinlikləri” mövzulu panel sessiyada Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.
O qeyd edib ki, münaqişələrdən sonra qalan mina və digər partlayıcı sursat təhlükəsi əhalinin təhlükəsizliyinə, infrastruktur layihələrinə, kənd təsərrüfatına, şəhərsalma prosesinə və insanların öz doğma yurdlarına qayıdışına ciddi maneələr yaradır.
“Məlum olduğu kimi, Azərbaycan dünyada minalarla ən çox çirklənmiş ölkələr sırasındadır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ilkin qiymətləndirmələrə əsasən, bir milyondan çox mina ilə çirkləndirilib. Bu, minimum hesablama ilə zərərli maddələrlə çirklənmiş 480 ton plastik kütlə deməkdir.
Lakin mina təhlükəsinin miqyası yalnız mina və partlayıcı qurğuların sayı ilə ölçülmür. Mina təhlükəsi torpağın, suyun, biomüxtəlifliyin və bütövlükdə ekosistemin təhlükəsizliyinə təsir edən problemdir”, - deyə ANAMA-nın İdarə Heyətinin sədri vurğulayıb.
