İdarə Heyətinin sədri: Vətən müharibəsindən sonra 261 min 705 mina və digər partlayıcı sursat zərərsizləşdirilib
Minaların dağıdıcı təsiri nəticəsində insanlar həyatlarını itirir və ya ciddi xəsarətlər alırlar. Vətən müharibəsi başa çatandan bu günədək 438 insan partlayıcı sursatların qurbanına çevrilib, onlardan 73-ü həyatını itirib.
NUHÇIXAN xəbər verir ki, bunu “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” çərçivəsində “Çoxmühitli erkən xəbərdarlıq sistemlərinə AI inteqrasiyasının üstünlükləri və çətinlikləri” mövzusunda keçirilən panel sessiyada Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.
O qeyd edib ki, risklərin idarəolunmasında əsas məqsəd təhlükəni əvvəlcədən müəyyən etmək, düzgün qiymətləndirmək, aidiyyəti qurumları vaxtında məlumatlandırmaq və insanların həyatını qorumaq üçün qabaqlayıcı tədbirlər görməkdir.
“Vətən müharibəsindən sonra ANAMA və humanitar minatəmizləmə fəaliyyətinə cəlb olunmuş digər qurumlar tərəfindən 300 min 565 hektar ərazi təmizlənib, 261 min 705 mina və digər partlayıcı sursat zərərsizləşdirilib. Ekoloji qiymətləndirmə layihələrini əks etdirən meşə fondunun bərpası, Dostluq meşəsi, Bəsitçay Dövlət Təbiət Qoruğu kimi milli parklar, dövlət təbiət yasaqlıqları, çayətrafı ərazilər, su hövzələrinin bərpası, geoloji kəşfiyyat işləri, qeyri-filiz faydalı qazıntı yataqlarının axtarış əraziləri, eləcə də erkən xəbərdarlıq sistemlərinin quraşdırılması üçün 31 min 37, həmçinin kənd təsərrüfatı üçün 132 min 447, yaşayış infrastrukturun inkişafı üçün 71 min 202, energetika infrastrukturu üçün 12 min 443, meliorasiya və su təsərrüfatı layihələri üçün isə 8 min 447 hektar ərazi partlayıcı sursatlardan təmizlənib. Qeyd edim ki, işğaldan azad edilmiş ərazilərə təhlükəsiz və dayanıqlı qayıdışın təminatı məqsədilə minatəmizləmə prosesi ilə yanaşı, mina və digər partlayıcı sursatlarla yüksək səviyyədə çirklənmiş ərazilər konservasiya edilərək çəpərlənir”, - deyə Vüqar Süleymanov diqqətə çatdırıb.
