Dünəndən bu günə gələn yolda muxtariyyət illərimiz - FOTOLAR
Görkəmli ədəbiyyatşünas alim Firudin bəy Köçərli Ordubad haqqında yazırdı: “Ordubadın ab-havası möhtəbildir. Özü də bağat içində basəfa yerdə vaqe olubdur. Ordubadin meyvələri və məhsulları az yerdə tapılır.” Bu sözlərdə olan böyük həqiqəti tarix elmləri doktoru, professor Teymur Bünyadov “Gözəlliklər məskəni” adlı məqaləsində bir daha təsdiqləyir. “Ordubadda gözəlliklərdən doymursan, öz-özünə deyirsən: Ordubadı görməyən nə Vətən görüb, nə vətənpərvərlik bilib, nə gözəllik görüb, nə də gözəllik duyub”.
Ordubadın qədim tarixinə gözucu belə baxsaq, bu yurd yeri barədə cildlərə sığmayan qürurverici məqamlarla tanış ola bilərik. Bunu isə, təbii ki, olduğu kimi bir qəzet yazısına sığışdırmaq mümkün deyil. Fikrimizcə, bu tarixi muxtariyyətəqədərki dövrə ümumi baxış və muxtariyyət dövrü kimi iki mərhələdə araşdırmaq ən optimal variant ola bilər.
Tarixi minilliklərə sığmayan, hər daşında, qayasında ulu babalarımızın izləri yaşayan doğma odlar yurdumuzun xəritəsində kiçik bir yer tutur Ordubad-Naxçıvan adlı sevgi.
Kiçik Qafqaz sıra dağlarının ən yüksək zirvəsi olan Qapıcığı, həmçinin Böyük Soyuğu, Təkə qalasını, Salabin təpəsini qoynuna alan yurd yeri ecazkar Ordubad.
İlkin yaşayış məskənlərimizdən biri Ordubaddadır. Bu, Nuhun ayağı dəydiyi torpaqdır-Gəmiqaya.
XVII əsr tarixçisi İsgəndər Münşi bu qədim yurd yeri haqqında yazırdı: “Günəş Ordubadın ulduzudur. O, behiştə verilən tərifə layiqdir. Huri-mələklərin gözünü onun Nəzərə dağı işıqlandırır”.
Ulduzu günəş olan, tərifi behiştin tərifi ilə yanaşı tutulan bu qədim torpağın tarixini öyrənmək üçün ən etibarlı qaynaq bu şəhərin, bu rayonun tarixi-memarlıq abidələridir. Bu gün iki böyük şəhərin izləri yaşayır Ordubadda-Gilan və Azad şəhərlərinin. Onlar özlərində saxladığı izlərlə tariximizi bizə danışır-bugünkü nəsillərə söyləyir, bu salnaməni qorumağa, yaşatmağa çağırır. Elə bu tarixi özündə hifz edən abidələrə əsasən Ordubad şəhərinin ilkin qurulmasının V-VI əsrlərə aid olması güman edilir. Tarixi mənbələrdə isə adı ilk dəfə VII əsrdə çəkilir.
Ordubad şəhərinin qədim məhəllələrini gəzərkən özünü sanki içəri şəhərdə hiss edirsən. Sırf bu yurd yerinə məxsus arxitektura üslubunda tikilmiş evlər səni nağıllar dünyasına aparır, insan təfəkkürünün gücünə heyran qalmaya bilmirsən.
Soyuq, Əcnövür, Bəlgə, Fələkbaba, Nəzərə dağlarının hərəsi yağı düşmənə baş əyməyən bir sipərdir. Zorxanası, Buzxanası bu günümüzlə dünənimiz arasında körpüdür.
Bu dövrün özünü də iki mərhələyə ayıra bilərik. 1924-cü ildən 1995-ci ilə qədərki dövr və həmin vaxtdan bu günədək olan qısa bir zaman kəsiyi. Muxtariyyət əldə etdikdən sonra digər bölgələrimiz kimi, bu qədim yurd da yeni bir yola qədəm qoyub. 1969-cu ildən sonra isə tikinti-quruculuq işləri genişləndirilib, rayon mərkəzində və kənd yaşayış məntəqələrində müxtəlif təyinatlı obyektlər həyata vəsiqə alıb. Bu gün Ordubad şəhərindəki bütün ictimai yaşayış binaları, bir neçə inzibati obyekt muxtariyyət illərinin yadigarlarıdır. Bu illərdə sənayenin, kənd təsərrüfatının inkişafı istiqamətində də tədbirlər həyata keçirilib. 1926-cı ildə Ordubadda barama toxumu istehsal edən zavod və corab-kəlağayı fabriki fəaliyyətə başlayıb. Hələ 19-cu əsrin sonlarından rayonda ipəkçilik inkişaf etdirilməyə başlayıb. XX əsrin əvvəllərində artıq Ordubadda güclü ipəkçilər yetişmişdi. Onların istifadə etdikləri texnoloji avadanlıqlar burada yüksək keyfiyyətli ipək istehsalına imkan verirdi. 1924-1940-cı illərdə bölgədə xam ipək istehsalı 2 min tondan 17 min tona çatdırıldı. Bu qiymətli məhsullar 13 dəfə qızıl medala layiq görüldü. Rayon mərkəzindəki baramaaçan fabriki iki növbədə işləməklə burada yüzlərlə ordubadlı özünə iş yeri tapmışdı.
Naxçıvanda yeyinti sənayesinin bünövrəsi də Ordubadda qoyulub. Belə ki, 1928-ci ildə Ordubadda meyvə-konserv zavodunun fəaliyyətə başlaması burada yeni iş yerlərinin yaradılmasına və bölgədə yetişdirilən dadlı-tamlı meyvələrdən istifadə edərək müxtəlif konservlər hazırlanmasına imkan verirdi. Zavodda cəviz, tut, alma, heyva, armud, şaftalı, gilənar, gilas, qızılgül mürəbbələri, kompotlar hazırlanaraq SSRİ-nin müxtəlif respublikaları ilə yanaşı xarici ölkələrə də göndərilirdi. Burada yetişdirilən meyvələr dəfələrlə dünya sərgilərinə çıxarılıb, 9 qızıl medal almışdı.
Rayonda yaradılmış ictimai təsərrüfatlarda torpaqlardan səmərəli istifadə olunur, üzümçülük və heyvandarlıq inkişaf etdirilir, istehsal edilən məhsullar rayon iqtisadiyyatının gücləndirilməsinə, ordubadlıların maddi-rifah halının yaxşılaşdırılmasına öz təsirini göstərir.
400-dən yuxarı alim yetişdirən Ordubadda təhsilin, səhiyyənin, mədəniyyətin inkişafı istiqamətində də gözəçarpan nailiyyətlər əldə edilib. Ötən əsrin 70-80-ci illərində Ordubad şəhərində, Dəstə, Gənzə, Vənənd, Nüsnüs, Sabirkənd və başqa yaşayış məntəqələrində təhsil, səhiyyə və mədəniyyət müəssisələri üçün yeni binalar inşa olunub. Bir neçə muzey yaradılıb. Azərbaycan Elmlər Akademiyasının Ordubad şəhərində 2 xüsusi elmi-texniki konstruktor bürosu fəaliyyət göstərib.
Ordubad şəhərinin qoruq şəhəri statusu alması da muxtariyyətin bu bölgəyə verdiyi töhfədir.
Sovet dönəminin son illərində bütün bölgələrimiz kimi, Ordubad rayonu da baş verən hadisələrdən sığortalana bilmədi. Ölkədə tüğyan edən anarxiya, xaos, özbaşınalıq Ordubadın da qaynar həyatını pozdu. Bəzi idarə və müəssisələr fəaliyyətini müvəqqəti olaraq dayandırdı. XX əsrin 70-80-ci illərində yaradılmış emal və istehsal müəssisələri iflic vəziyyətə düşdü. Bərəkətli torpaq sahələri əkilməmiş qaldı. Çətinliklər ordubadlıları sıxsa da, onlar doğma yurd yerindən üz döndərmədilər. Vətən, torpaq təəssübü hər şeyə üstün gəldi. Cünki onlar hər qaranlıq gecənin bir işıqlı gündüzü olacağına inanırdılar. Və bu inamlarında yanılmırdılar. Bu işıq xalqımızın ümummilli lideri Heydər Əliyev idi. Ulu öndər Moskvadan Naxçıvana qayıdan günün sabahı Ordubad rayonuna gəldi. Rayon mərkəzindəki böyük meydanda ordubadlıların Ulu öndərimizi necə qarşılanması hamının yaxşı yadındadır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrdə Ulu öndər bu bölgənin əvvəlki həyat ritminə qayıtması üçün bir sıra işlər görülməsinə nail oldu. Bu isə bu gün də davam etdirilən tədbirlərin təməlidir. Həmin dövrdən ötən qısa zaman kəsiyində Ordubadda baş verən yeniliklər barədə də geniş danışmaq imkanlarımız xaricindədir. Yaxşı olar ki, bir neçə statistik rəqəmlə o dövrə ekskursiya edək. Böyük inkişaf və yeni tərəqqi müstəvisində olan Ordubadda son illər ərzində həyatın bütün sahələrində güclü yeniləşmə diqqəti çəkir. Bu dövrdə rayonda yeni məktəb binaları inşa olunub, kənd mərkəzləri istifadəyə verilib. Kənd mərkəzlərinin yerləşdikləri yaşayış məntəqələrində fəaliyyət göstərən, klub, mədəniyyət evi, kitabxana, ATS, rabitə evi, polis. Həkim-ambulator və baytarlıq məntəqələri üçün müasir iş şəraiti yaradılıb. Parağa kəndində 18, Bistdə 5, Ələhidə 1, Nəsirvazda 4, Ordubad şəhərində 2 olmaqla 30 qaçqın ailəsi üçün bütün məişət şəraiti olan mənzillər inşa edilib. Doqquz Qarabağ əlili, 5 şəhid, 1 əlil ailəsi də belə qayğıdan yararlanıb. Təkcə bir faktı qeyd edək ki, 2017-ci ilin fevral ayının 24-dən 25-nə keçən gecə torpaqlarımızı müdafiə edərkən qəhrəmanlıqla şəhid olmuş Tural Haşımlının ailə üzvlərinə bu günlərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri tərəfindən Ordubad şəhərində ikiotaqlı mənzil verilib. Eləcə də qədim maddi və mənəvi sərvətimiz olan tarixi–memarlıq abidələrindən Qeysəriyyəyə, Mingis məscidinə, Ordubad hamamına, Məbədə, 2 yeraltı abidəyə, Buzxanaya, akademik Yusif Məmmədəliyevin, tarixi romanlar müəllifi Məmməd Səid Ordubadinin və gorkəmli maarifçi-pedaqoq Məhəmməd Tağı Sidqinin ev-muzeylərinə ilkinliyi saxlanılmaqla yeni həyat verilib, 50-yə yaxın çeşmə-bulağımız muxtar respublika rəhbərinin diqqət-qayğısı sayəsində təmir-bərpa edilib.
Rayonda həyata keçirilən quruculuq tədbirlərinin bir qolunu da xidmət mərkəzləri təşkil edir. Bu cəhətdən də Ordubad rayonu öndə gedən bölgələr sırasındadır. Ordubadlıların sağlamlığı keşiyində dayanmaq məqsədilə 20-dən artıq səhiyyə ocağı yeni binada fəaliyyətini davam etdirir. Ötən dövrdə rayondaxili yollarda cari və əsaslı təmir işləri aparılıb, Düylün-Məzrə yolu və Dəstə kəndinin daxili yolu yenidən qurulub, hazırda da bu tədbirlər davam etdirilir, Culfa-Ordubad magistral avtomobil yolu isə yenidən qurulur.
Ordubadda builki quruculuq ünvanlarindan söhbət açmaq istəsək, ilin əvvəlində Dəstə kəndində istifadəyə verilmiş 900 şagird yerlik məktəb binasını, kənd mərkəzini, həkim ambulatoriyasını, xidmət mərkəzini, mərasim evini, əsaslı surətdə yenidən qurularaq asfaltlaşdırılmış kənddaxili avtomobil yolunu misal göstərə bilərik. Hazırda isə Ordubad şəhərində Rayon İcra Hakimiyyəti və şəhər icra nümayəndəliyinin binalarında son tamamlama işləri aparılır, 28 mənzilli çoxmərtəbəli yaşayiş binasının tikintisində inşaat işlər sürətlə aparılır. Vənənd kəndində isə kompleks quruculuq işlərinə start verilib. Bu yaşayış məntəqəsində məktəb binasi yenidən qurulur, kənd mərkəzi, xidmət mərkəzi və musiqi məktəbi üçün isə yeni binalar inşa olunmaqdadır. Ümumiyyətlə 2019-cu ilin birinci rübündə Ordubad rayonunda tikinti-quraşdırma işlərində istifadə olunmuş investisiyaların dəyəri 5 milyon 879 min 500 manat olmaqla əsas kapitala yönəldilmiş investisiyaların 96 faizini təşkil edib.
Bu dövrdə aqrar sahənin inkişafına xüsusi önəm verilib. Torpaq kənd adamlarının daimi iş yerinə çevrilib. Torpaq mülkiyyətçilərinin bu qiymətli sərvətdən səmərəli istifadəsi üçün meliorasiya və irriqasiya tədbirlərinin aparılması, onların müasir kənd təsərrüfatı texnikaları ilə təchizatı, kredit və yardımlarla təmin olunmaları diqqət mərkəzində saxlanılıb. Rayonda güclü sahibkarlıq mühiti yaradılıb. Rayon mərkəzi ilə yanaşı kənd yaşayış məntəqələrində yeni emal və istehsal müəssisələri fəaliyyətə başlayıb. Bütün bunlar isə əhalinin həyat səviyyəsini yüksəldir. Elə bunun nəticəsidir ki, təkcə bu ilin ötən üç ayı ərzində rayonda 3 milyon 486 min 600 manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,2 faiz çoxdur.
Bu bölgə haqqında qeydlərimizi oxuyanlar yazımızın əvvəlində Ordubad haqqında deyilən qürurverici fikirlərə nə isə əlavə etmək istəyində ola bilərlər. Çünki, saatbasaat dəyişən, gözəlləşən Ordubad bu gün ayrı büsatdadır. Bu büsatın təməlində muxtariyyətimiz, muxtar respublikanın bütün bölgələrinə göstərilən dövlət qayğısı durur. Qədim yurd yeri belə qayğı işığında daha gözəl sabahlara addımlayır.
Addımların möhkəm olsun.
“El həyatı” qəzeti