Heç kəsə sirr deyil ki, gənclik bir millətin yaşaması, inkişafı üçün təməl daşıdır. Bir millətin mövcud olması üçün onun sağlam gəncliyinin olması vacib şərtdir. Çünki hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı gənclərdir.
Bu gün gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün ölkə gəncləri bütün sahələrdə özlərini doğruldurlar.
Ümummilli liderimiz Heydər Əliyev öz siyasətində daima gənclərə qayğı göstərib, onların bir fərd kimi yetişməsinə xüsusi önəm verib. Ulu öndər çıxışlarının birində bu barədə deyib: “Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir”.
Gənclərimiz bizim tariximizə yaxşı bələd olmalı, dilimizi yaxşı bilməlidir. Hər bir gənc vətənpərvər olmalıdır, vətənpərvərlik böyük bir məfhumdur. Bu, təkcə milli orduda xidmət etmək deyil, vətənə sadiq olmaq, vətəni sevmək, torpağa bağlı olmaq-budur vətənpərvərlik.
Azərbaycan gəncliyi dünyanı heyrətə gətirməyi bacaran gənclikdir. Onun sədası sərhədlər aşır, ölkələr dolaşır. Əfsanəvi qəhrəman Mübariz İbrahimov bir anda nəinki öz adını, həm də Azərbaycanın adını tarixə yazdı. Budur Azərbaycan gəncliyi.
I Avropa oyunlarında vətənimin himni dəfələrlə səsləndirildi, bayrağı qaldırıldı. Bütün bunların müəllifi Azərbaycan gəncliyidir.
Azərbaycan gənci sabaha daha inamla, ümidlə gedir. Bilir və inanır ki, hələ qarşıda çoxlu qələbələr var. O qələbələrin yaradıcısı, sahibi daim qalibiyyət kürsüsündə olmağa adət etmiş Azərbaycan gəncliyidir.
Tarixdən də şahidi olmuşuq ki, istər müstəqillik əldə etmək istəyəndə, istərsə də torpaqlarımızın müdafiəsində, ölkəmizi idman sahəsində, musiqi sahəsində, digər ölkələr arasında layiqincə tanıtmaq sahəsində gənclərimizin rolu əvəzsiz və danılmazdır.
Biz bunun hələ 1918-ci ildə Azərbaycanda Demokratik Respublika qurulanda şahidi olduq. O zaman gənclərimiz Şərqdə ilk dəfə Demokratik Respublikanın qurulmasına nail oldular. Mübariz gənclərimiz öz adlarını Azərbaycan tarixinə qızıl hərflə yazdıra bildilər.
Sonralar biz bunu yetmiş bir il sovet hakimiyyətinin buxovları altında qalan, lakin əzilməyən xalqımızın yenidən müstəqil Azərbaycan yaratmaq əzmində də gördük.
20 Yanvar hadisələrində qorxmadan, çəkinmədən düşmənin tankı altında, gülləsi qabağında özünü fəda edən məgər əliyalın Azərbaycan gəncliyi deyildirmi? O gəncliyin hiddətindən, qəzəbindən və cəsarətindən qorxan imperiya qoşunları geri çəkildi. Azərbaycan gəncliyi bir daha şanlı tarixə öz adını həkk etdirdi.
Ordubadımızın şəhidi Tural Haşımlı və yüzlərlə onun kimi igid oğlumuz ömrünün bahar çağında, gəncliyinin çılğın illərində heç nəyi düşünmədən torpaqlarımız düşmən tapdağı altında əzilməsin deyə öz canını fəda etdilər. Budur, Azərbaycan gəncliyi.
Bu gün mən məktəbliyəm. İstər tanıdığım gənclər arasında olarkən, istərsə də digər uğurlu gəncləri görəndə düşünürəm ki, bir vaxt mən də Azərbaycan gənci kimi bu ölkənin yükü çiyinlərimə almaqdan qürur hissi keçirəcəyəm. Bu məsuliyyətli işi layiqincə yerinə yetirməm üçün tariximi, ədəbiyyatımı, coğrafiyamı, keçmişimi və gələcəyimi mükəmməl öyrənməli, hansı sahədə olursa-olsun Azərbaycanımı layiqli şəkildə tanıtdırmağa çalışmalıyam.
Xuraman Məmmədtağıyeva,
M.T.Sidqi adına I nömrəli tam orta məktəbin X sinif şagirdi
“El həyatı” qəzeti