Hər bir xalq fenoloji müşahidələr əsasında təbiətdə baş verən dəyişikliyi izləyir. Köçəri quşların qayıtması, yuva qurması, heyvanların həyatında baş verən dəyişikliklər, bitkilərin cücərib çiçəkləməsi və bunların az fərqlə hər il eyni vaxtda təkrarlanmasının şahidi olurlar. Məhz bu dəyişikliyə uyğun olaraq təsərrüfat işlərini planlaşdırıblar. Bu baxımdan may ayında təsərrüfat sahələrində görülən işlər xalq təqvimində xüsusi yerə malikdir.
Göycə dövrü – Bəzən əhali ata-babadan uzun illər boyu miras qalan təsərrüfat sahələrində dəyişiklik aparır, yeni fəaliyyət növləri məişətimizə daxil edilir. Naxçıvan əhalisinin əsas təsərrüfat fəaliyyətinə yeni daxil olan sahələrdən biri də göycə əkinləridir. Bu mənada Naxçıvanda may ayında xalq təqviminin müəyyən dövrünü göycə dövrü də adlandıra bilərik. Doğrudur, xalq təqvimində belə bir dövr yoxdur, amma son illər muxtar respublikada göycə əkinlərinə geniş yer verilməsi, göycənin təbliği ilə bağlı görülən işlər, daha dəqiq desək, ənənəvi göycə festivallarının keçirilməsi, bazar-dükanlarımızda bu nemətin bolluğu may ayında yeni bir dövrün – göycə dövrünün formalaşmasına zəmin yaradıb. Naxçıvan ərazisi elədir ki, yaxın məsafələrdə yerləşən aran kəndlərinin belə iqlim təzadı çoxdur. Naxçıvan şəhəri ilə ondan 2-3 kilometr aralıda yerləşən kənd arasında 12-15 gün iqlim fərqi vardır. Bu isə Naxçıvan bazarına mərhələli şəkildə məhsul çıxarılmasına səbəb olur. Bazarda 15-20 gün əsas ticarət məhsulu göycə olur. Bazara növrəs əriyin çıxması göycə satışının zəifləməsinə səbəb olur. Onu da qeyd edək ki, göycə “Naxçıvan brendi” nə çevrilib və bu məhsul muxtar respublikadan kənara göndəriləndə xüsusi rəğbətlə qarşılanır. May ayının əvvəllərindən bazarda əsasən, Naxçıvanın “Çuxur məhəlləsi” adlanan hissəsindən gətirilən göycələr satılır. Ümumiyyətlə, Naxçıvanda da “Çuxur məhəllə” göycəsi adla deyilir. Naxçıvan şəhəri ilə yanaşı Babək ərazisində də qədimdə geniş şəkildə göycə ağacı əkilib-becərilib. May ayının əvvəlindən başlayaraq 20-25-nə, bəzən ayın axırına qədər bazarın əsas alqı-satqı məhsulu göycə olur.
Beçə dövrü – Arıçılıqda may ayı “beçə ayı”, “beçə dövrü”, “pətək ayı” kimi adlanır. Naxçıvanın aran və orta dağlıqda yerləşən yaşayış məntəqələrində may ayından başlayaraq çiçəklər yetişib şirələnməyə, arılar artıq çiçək tozundan (güləm) çox şirə, nektar gətirməyə başlayır. Təcrübəli arıçılar söyləyirlər ki, may ayında arılar alaqaranlıqdan hava qızana qədər güləm, hava qızdıqdan sonra isə şirə gətirir. Müşahidələr göstərir ki, bir çox çiçəklər günəş çıxandan sonra yumulur, bir də axşamçağı açılır. Lalə və başqa çiçəklər səhər üzü açılır, günəş çıxandan sonra ləçəklərini tökür. Görünür, arı da işini təbiətə uyğun planlayır.
Çiçəklərdən toplanan şirə daşınanda arı yeni pətək toxumağa başlayır. Çünki dibdəki pətəklərdən anbar kimi istifadə edir. Topladığı ruzini bura doldurduğu üçün bala (qurd) qoymaqdan ötrü yeni pətəklərə ehtiyac olur. Məlumat üçün deyək ki, arı pətək toxumağa başlamamış “beçə” verməz. Ona görə də bəzən arıçılar deyir ki, “bu il beçə ili deyil”. Hər ailədə bir ədəd olan ana arı pətəyin gözcüklərinə bala (qurd) qoyur. Bu qurdların içərisində yekə gözcüklərdən erkək arılar, normal gözcüklərdən isə işçi arılar çıxır. Daha böyük bir neçə göz olur ki, bunlardan da ana arılar çıxır. Təcrübəli arıçılar qoyulan ana gözlərə baxanda bəzən deyirlər ki, “arı ana dəyişir”, yəni, ailədə olan ana arı ya qocalıb, ya da hansısa səbəbdənsə az məhsuldardır. Ona görə də yeni ana arı çıxanda əvvəlki arını öldürürlər. Yeni çıxan ana arılar özü ilə bir dəstə arı götürərək yeşikdən çıxır ki, buna “beçə” deyirlər. Bir beçə dəstəsində 4-5 ana arı olur. Sonradan arılar seçib birini saxlayır, qalanını öldürürlər. Yeşikdən çıxan beçə yaxınlıqdakı ağac, kolun üstünə düşür. Bir-iki saat ərzində beçə tutulub pətəyə, səbətə salınmazsa, uçub hara gəldi gedəcək. Bəzən elə olur ki, beçə yaxınlıqda olan, hətta kənarda digər arıçıların qoyduğu boş pətəklərə girib məskən
salır. Arı ailəsindən beçənin çıxması arı ailəsini zəiflədir. Vaxtilə arılar səbətdə saxlanılmadığı üçün arı ailəsinə nəzarət etmək olmurdu. İndi isə arı ailəsi pətəklərdə (yeşiklərdə) olduğu üçün nəzarət asandır. Bəzi arıçılar beçənin çıxmasını, arı ailəsini nəzarətdə saxlayır, qoyulan ana gözləri doğrayıb tökürlər. Bu cür xidmət çox zəhmət tələb edir.
Bəzən arı ailəsində olan ana gözlər fərqli böyüdüyünə görə, bir və ya bir neçə gün ərzində eyni ailədən bir neçə kiçik dəstələrlə beçə ayrılır. Belə dəstələrə arıçılar bəzən “milçək” deyirlər. Beçə tutulub ayrı yeşiyə yerləşdirilir. Yeşiyə bir neçə çərçivə və mümkünsə, bir ədəd bal olan çərçivə qoyulur. Ballı çərçivə olmadıqda beçəyə bir neçə gün şirə (şərbət) verilir ki, özünü toplasın. Bəzi arıçılar beçənin çıxmasını, arı ailəsinin zəif düşməsini istəmədikdə beçə dəstəsini ağ parçanın üstünə çırpır, ana arıları seçib öldürürlər. Bu zaman beçədə olan arılar ayrılıb çıxdığı ailəyə qayıdır. Yağıntılı illərdə gül-çiçək çox olduğu üçün arı üç dəfə beçə verə bilir. Onlar sırası ilə “şahbeçə”, “ortabeçə” və “xorabeçə” adlanır. Yalnız arı ailəsinin sayını artırmaq istəyən arıçı bir neçə dəfə beçə
çıxarmasını arzulayır.
Naxçıvanda may ayının əvvəllərindən üzüm bağlarını qazmağa başlayırlar. Bu zaman həm də üzüm tənəklərinin yarpaqlarının yığılma vaxtıdır. Bağdan yalnız öz ehtiyacı üçün yarpaq toplayan ailələr qazmanı bir qədər ləngidir ki, sonradan qazılmış bağ yarpaq dərərkən ayaqlanmasın. Yarpağı satış məqsədi üçün toplayan ailələr isə yarpaq qartalana, yəni qalınlaşana, uc yarpaqlar inkişafdan düşənə qədər yarpaqları toplayırlar. Təbii ki, üzüm yarpağından bişirilən dolma əvəzsizdir. Ona görə də yarpaqlar təzə halda yeyildiyi kimi, şorabaya qoyulur, quru halda duzlanır, soyuducunun dondurmasına qoyulub qışa saxlanılır.
May ayı heyvandarlıqda da görüləcək bəzi işlərin də əsas vaxtı hesab olunur. Qoyunların qırxımı bu ayda aparılır ki, istidən və müxtəlif həşəratlardan əziyyət çəkməsinlər. Aranda ayın əvvəlindən subay heyvanlar, 15-dən sonra isə sağmal qoyunlar qırxılmağa başlanılır. Qoyunlar elə qırxılır ki, mayın axırı və yaxud, iyun ayının əvvəli sürülər yaylağa qalxanda heyvanların bədəninə bir qədər tük gəlsin. Xalq inancına görə, sağmal qoyunlar qırxılanda südünü azaldır.
Qızılgül dövrü–May ayının 15-dən sonra qızılgüllər açılmağa başlayır. Naxçıvan bağlarında qızılgül daim yetişdirilib. Qızılgüldən alınan gülab, gül mürəbbəsi, gülqənd, gülməşəkər hər bir ailədə hazırlanıb qış azuqəsinə çevrilmişdir. Bu gün qızılgülün satışından gəlir götürən yaxşı ailə təsərrüfatları formalaşıb. 2019-cu ilin muxtar respublikada “Ailə təsərrüfatları ili” elan olunması ilə əlaqədar Tədbirlər Planı təsdiq edilib. Planda ailə təsərrüfatlarında qızılgül mürəbbəsi və gülab istehsalının artırılmasına nail olmaq üçün qızılgül bitkisinin əkin sahəsinin genişləndirilməsi də nəzərdə tutulub. Bu şəraitdən yararlanan ailə təsərrüfatı rəhbərləri qızılgül istehsalına geniş yer verməklə daha çox gəlir götürmək imkanına malikdirlər. Qızılgül əkinlərinə geniş yer verilməsi digər bir tərəfdən xalqımıza məxsus olan qədim əkinçilik ənənələrinin yaşadılması deməkdir.
May ayında dağlarımızda bitən və qış şorabasının əsasını təşkil edən, daim yüksək qiymətləndirilən bolu, çaşır, baldırqan, sobu, çöl kəvəri, cacıq özəyi toplanır. Bir sözlə, zəngin təbiəti, təmiz havası və suyu, ekoloji saf məhsulları olan qədim Naxçıvan torpağı may ayında bar-bəhəri ilə seçilir. Naxçıvan nemətlərinin əksəriyyətini qurudub qış fəslinə saxlayaraq onun satışını təşkil edənlər isə daha çox fayda görür.
Zaleh Novruzov
“Şərqin səhəri” qəzeti