Gənc nəslin tərbiyəsinə ən yaxşı töhfə

A- A A+

Cəmiyyətin inkişafında mühüm bir istiqamətin – təhsilin əsas daşıyıcılarından biri müəllimdir.  Cəmiyyətə yararlı vətəndaşların yetişdirilməsində, təhsil sistemi qarşısında qoyulan vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsində müəllimin rolu böyükdür.  

Ölkədə təhsilin keyfiyyətinin artırılmasına, milli təhsilin dünya təhsil sisteminə inteqrasiyasına imkan yaradan, təhsilalanları informasiya cəmiyyətinin fəal üzvlərinə çevirən təhsil islahatları uğurla davam edir. “Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik” deyən ölkə Prezidenti cənab İlham Əliyev inkişafda təhsilin rolunu yüksək dəyərləndirərək bu vacib sahənin inkişafı üçün ardıcıl qərarlar qəbul edib. Təhsilin səviyyəsinin müasir standartlara uyğunlaşdırılması, tədrisin keyfiyyətinin monitorinqinin aparılması, təhsil sahəsində inkişafyönümlü tədbirlərin həyata keçirilməsi ilə yanaşı, pedaqoji sahədə çap olunan dərsliklərin, elmi keyfiyyəti və mənəvi dəyəri ilə seçilən əsərlərin yaradılması da diqqət mərkəzindədir. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun Sərəncamı ilə təsdiq olunmuş “Oxunması zəruri olan kitabların siyahısı”na daxil edilən kitabların yüksək pedaqoji ideyalar daşımaları ilə fərqlənməsi, xalqımızın milli mənəvi dəyərlər zəminində maariflənməsinə göstərilən dövlət qayğısının bariz nümunəsidir. 

Dövlətin qayğısı ilə “Pedaqoji fikir tarixindən” adlı əsərin on min tirajla nəşr edilməsi və Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən bütün orta və ali təhsil müəssisələrində çalışan bütün müəllimlərə hədiyyə olunması intibahın bəşəri ideyalarındandır. 

Dünya pedaqogika tarixində iz qoymuş Uşinski, Çerniyayevski, Suxomolinski, Maksim Qorki, Cəlil Məmmədquluzadə, Məhəməd  Tağı Sidqi,  Nəriman Nərimanov, Hüseyn Cavid, Eynəlli bəy Sultanov, Məhəmməd Ağa Şahtaxtılı, Məmməd Səid Ordubadi kimi  pedaqoqların maarifçilik ideyaları bədii nümunələrdən çox incə pedaqoji ustalıqla, ali təfəkkürlə seçilib, diqqətlə təhlil edilərək “Pedaqoji fikir tarixindən” kitabında cəmləşdirilib. Kitabın ABŞ-ın 16-cı prezidenti Avraam Linkolnun  oğlunun müəlliminə yazdığı məktubla başlaması təsadüfi deyildir. Bu, müəllifin sadəcə bu gün deyil, gələcək bəşəri ideyaların da məhz müəllim sayəsində gerçəkləşəçəyinə, təhsilin son dərəcə əhəmiyyətli bir vasitə olmasına verdiyi ciddi dəyərdir. Kitabda Reyhan Mirzəzadənin pedaqoji tədqiqatlarının da yer alması böyük maraqla qarşılanır. 

Hüseyn Cavidin  “Naxçıvanda nə gördüm sualına cavab” adlı bədii publisistik əsərindən verilən nümunələrin ideyası bu gün Naxçıvan Muxtar Respublikasında ümumtəhsil məktəblərinin müəllimlərinin fəaliyyət qayəsinə çevrilməlidir. “…Naxçıvan on beş il əvvəl cəhalət uykusundan diksinmək ehtiyacı duydu, maarif dairəsinə girmək istədi. Milli məktəb təsis etdi. Mərhum Sidqi sayəsində çalışıb-çabalamağa həvəsləndi, gündən-günə marş irəli!..” (“Pedaqoji fikir tarixindən” səh. 217) və ya “…Naxçıvani müəllimi yol göstərən, nəsihət verən, rəiyyəti istiqamətləndirməyi bacaran ulu şəxsiyyət kimi qələmə verir və onun əməyindən çox şeyin asılı olduğunu söyləyirdi” ( “Pedaqoji fikir tarixindən” səh. 80) kimi fikirlər Naxçıvanda təhsilin və maarifçiliyin, müəllimə verilən dəyərin tarixi köklərə malik olduğunu ifadə edir. 

Azərbaycan xalqının çoxəsrlik tarixi  gənc nəslin tərbiyəsi ilə  bağlı zəngin pedaqoji fikirlər yaratmış maarifpərvərlərlə zəngindir. Bu mənəvi əxlaqi-pedaqoji sərvətləri öyrənmək, onları pedaqoji təfəkkür süzgəcindən keçirib müasir gəncliyin tərbiyəsində istifadə etmək və məktəb təcrübəsinə gətirərək müəllimləri istiqamətləndirmək  vacib işlərdən biridir. Çünki, yeni pedaqoji fikir keçmişin mütərəqqi irsi ilə orijinal fikirlərin sintezindən yarana bilər. Elə buna görə də “Pedaqoji fikir tarixindən” kitabı müəllimlərimizə təlim və tərbiyənin müdrik kəlamlar vasitəsi ilə, təhsildə ənənəvi üsulla yeni konsepsiyanı, inkişaf tendensiyalarını müəyyənləşdirməklə,  dünya və Azərbaycan pedaqoji irsindəki qabaqcıl ideya və təcrübələrin,  təlim-tərbiyə ilə bağlı fikirlərin tədqiq edilib öyrənilməsində mühüm rol oynaya bilər. 

Alimlər, müəllimlər və tələbələr bu kitabı dərindən öyrənib təhlil etməlidirlər. Şübhəsiz ki, nə qədər təhlil etsələr, o qədər dərinliyə gedəcəklər. 

Pedaqoji irsinin öyrənilməsi tək tarixilik nöqteyi-nəzərindən deyil, həm də bu gün üçün də faydalıdır. Çünki  bu kitabdakı təlim-tərbiyəyə aid fikirlər müasir məktəblərimiz üçün, gənc nəsli nəcib əxlaqi keyfiyyətlər ruhunda tərbiyələndirmək işində xüsusi əhəmiyyətə malikdir. 

Qürur hissi ilə vurğulamalıyıq ki, bu gün  Naxçıvan Muxtar Respublikasında  təhsilin məzmununun tələb edilən səviyyədə müəyyənləşdirilməsi digər bölgələrlə  müqayisədə həm infrastruktur, həm də kadr hazırlığı baxımından xeyli irəli gedir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun rəhbərliyi ilə muxtar respublikadakı təhsil ocaqları daim dövlətin qayğısı ilə əhatə olunub, onların fəaliyyəti üçün zəruri şəraitin yaradılması diqqət mərkəzində saxlanılır.  Müntəzəm diqqət və qayğı  sayəsində  müasir standartlara cavab verən yeni məktəblərin tikintisi ilbəil daha geniş vüsət alır, təhsil müəssisələrinin maddi-texniki, tədris bazası ciddi surətdə möhkəmləndirilir. 

Təhsilin inkişafına dövlətin göstərdiyi yüksək diqqət və qayğı gənc nəslin sağlam ruhlu, yüksək intellektli, xalqımıza və dövlətimizə sədaqətlə xidmət edəcək vətənpərvər şəxsiyyətlər kimi yetişməsinə əminlik yaradır. Hər bir təhsil işçisi təhsilimizin inkişafı naminə hər cür fədakarlığa hazır olmalı, öz bilik və bacarığını sərf edərək gənc nəslin təlim-tərbiyəsi üçün səylə çalışmalıdır. 

“Pedaqoji fikr tarixindən” kitabının  “Oxunması zəruri olan kitabların Siyahısı” na əlavə edilməsi gənc nəslin  maariflənməsinə verilən dəyərin bariz nümunəsidir. 
 

Ruhəngiz Əliyeva 
Naxçıvan Müəllimlər İnstitutu
Kurikulum Mərkəzinin müdiri

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: