Torpaq anamın ilkidir

A- A A+

 

Torpağı anam doğub. O, anamın ilkidir. Gözünün ilk ovudur. Mənim, sənin, onun böyük bacı-qardaşıdır. Anam onu hamımızdan çox sevir, əzizləyir. Görəsən nə üçün? Axı ana övladları arasında ayrı-seçkilik qoymamalıdır. Elə buna qısqanclıq edib ağlayıb-sızlayanda anam  bizlərə deyir:- beş barmağım var, gəl hər birini kəs, gör hansından qan çıxmayacaq? Hələ üstəlik bunu da deyir ki, özün ana olanda görəcəksən ki, övladlar arasında ayrı-seçkilik qoymaq olmur.

Bəs görəsən nə üçün hər dəfə anamın Torpağı bizdən artıq sevdiyini hiss edirəm. Axı bunu hiss etmək o qədər də çətin deyil. Nə olsun ki, anam bunu etiraf etmir. Mən adım kimi əminəm bu məhəbbətə. Axı hər şey göz qabağındadır.  Hər dəfə bir işi görəndə də öz-özünə Torpağı züm-zümə edir anam: “-Canım torpağım, gözüm torpağım, sənsiz elim-günüm olmaz, sənsiz ömrüm-günüm olmaz. Sənsiz vətənim olmaz, qərib olaram, qan ağlaram, xiffət  edərəm, vərəmlərəm. Qara gözlüm, şirin sözlüm...”

Bunları kim öz qulağıyla eşitsə, anamın hamımızdan çox Torpağı sevdiyini zənn   etməz? Kədərlənəndə də Torpaq deyib, durur, şirin-şirin acı bayatılar söyləyir. Qəribədir,  anasını  itirəndə də Torpağı əzizləyirdi; “-Ay qara gözlum, ay sinəsi sərin, ay ulu babalarımın qonaqçısı,  ay evi gen, indi də anamımı qonaq apardın?”

Anamın dodaqaltı belə söyləmələrinin dəfələrlə şahidi oluram. Gözlərinin düz içinə baxıram, sanki hər dəfəki sualıma yenə də cavab axtarırmış kimi: “-Bəs deyirdin, Torpaqla sizin aranızda ayrı-seçkilik qoymuram?”. Anam bu sualı gözlərimdən oxuyurmuş kimi gözəl gözlərinin nəzərlərini gözlərimizən yayındırır. Yox, anamda bir sirr var. Bu sirr məni için-için yeyir. Bu nə sevdadır, bu nə məhəbbətdir Torpağa qarşı. Yenə də hər birimiz qısqanclıq içərisindəyik. Torpaq yanımızda olmayanda bu mövzunu bacılarımla-qardaşlarımla çox müzakirə edirik:-Axı anamın Torpağa qarşı bu qədər sevgisi nə deməkdir. Böyük bacım deyir, mən haradasa oxumuşam ki, bir-birini sevən iki gəncin ilk övladı onların sevgilərinin sinvoludur, bəlkə buna görədir? Böyük qardaşım deyir, mən eşitmişəm ki, qadını ana edən ilk uşaq həmişə sevimli olur. O biri bacım deyir ki, mən də eşitmişəm ki, uşaq ana-ata arasında körpüdür, bəlkə anam atamla arasındakı körpünü tək Torpaqla görür.  Balaca bacım deyir ki, mən sizlərin fikri ilə razı deyiləm, mən sonbeşiyəm, anam məni hamıdan çox sevir. Onun sözünə heç birimiz əhəmiyyət vermirik, könlünü də qırmırıq. O, hələ elə düşünür, amma biz hamımız bu fikirdəyik ki, anamız Torpağı hamımızdan çox sevir.

İllər ötür, böyüyürük. Elə həmin qısqanclıqla, elə həmin tərəddüdlərlə yaşa doluruq. Ana oluruq. Bəli, dərk  edirik ki, insan övladları arasında fərq qoya bilməz. Bir iş görəndə biz  də züm-zümə edirik, eynilə anamız kimi. Bir sıxıntımız olanda biz də laylalar deyirik, eynilə anamız kimi.  Bizim də övladlarımız ilkimizi qısqanır, eynilə biz Torpağı qısqandığımız kimi.

İndi mən anlayıram mənim, sənin, onun qısqanclığının səbəbini. İndi mən anlayıram mənim, sənin, onun anasının Torpaq sevdasını, torpaq sevgisini, torpaq məhəbbətini. Axı mən də anayam. Mənim  də ilkim Torpaqdır. Bəli, böyük bacımın dediyi kimi, ilkim mənim məhəbbətimin sinvoludurr. Böyük qardaşım düz bilirmiş, ailənin ilki ata-ana arasında körpüdür. Tək balaca bacımın söylədiyi fikirlə yenə də razılaşmıram. Çünki sonbeşikdən çox sevilir ilk beşiyə qoyulan. O, da Torpaqdır. Mənim, sənin, onun ilki. İlkimizsiz bir heçik. Elimiz-günümüzdür ilkimiz. Xoşbəxtliyimiz, xoş günümüzdür ilkimiz. Ata-babalarımıza qoynunda yer verib, onları qoruyan dünənimizdir. Bizi vətənli-dili uzun, sözü kəsərli edən bu günümüzdür ilkimiz. Qoynunda daimi bir mənzil tikib uyuyacağımız sabahımızdır ilkimiz. Zaman-zaman hər bir ananın övladı qısqanacaq anasının ilkini. O vaxta qədər ki, özü ana olub, ilkini-Torağını dünyaya gətirə. Beləliklə, sonsuzluqlara uzanan bir sevda yaranır-Torpaq sevdası. Bitib-tükənməyən bir sevda.

Mətanət Məmmədova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: