Bu gün Beynəlxalq Tibb Bacısı Günüdür

A- A A+

Hər il mayın 12-si Beynəlxalq Tibb Bacısı Günü kimi qeyd olunur.

NUHÇIXAN xəbər verir ki, Beynəlxalq Tibb Bacısı Günü Krım müharibəsi zamanı (1853-1856) ilk dəfə şəfqət bacısı xidməti təşkil edən məşhur ingilis Florens Haytingelin ad günü şərəfinə təşkil edilib.

İlkin tibbi təhsil almış şəfqət bacıları müalicə müddətində xəstələrlə ən çox ünsiyyətdə olan, həkim və ya feldşerin göstərişlərini yerinə yetirən peşə sahibləridir.

İlk azərbaycanlı şəfqət bacısı Nigar Hüseyn Əfəndi qızı Şıxlinskaya olub. General Əliağa Şıxlinskinin həyat yoldaşı olan Nigar xanım Birinci Dünya müharibəsi başlayanda, yaralı əsgərlərə tibbi yardım üçün yaradılan Qırmızı Xaç Cəmiyyətinin sədri seçilir. Nigar xanımın başçılıq etdiyi xəstəxana o qədər məşhurlaşır ki, oranı “Şıxlinski xəstəxanası” kimi tanıyırlar. O, həmçinin 1914-cü ildə yaradılan Qadın Xeyriyyə Cəmiyyətinə də rəhbərlik edir. 1920-ci il martın 10-da Əliağa Şıxlinskinin və Fətəli Xan Xoyskinin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti təsis edilir. Nigar Şıxlinskaya Azərbaycan Qızıl Aypara Cəmiyyətinin “Şəfqət xidməti”nin banisi olur.

Hazırda tibb bacıları səhiyyə işçiləri arasında sayca çoxluq təşkil edirlər. Xəstələrin sağalıb şəfa tapması və normal həyata qayıtmağında həkim göstərişlərini yerinə yetirən xidmət işçisi kimi onların üzərinə böyük vəzifə düşür.

Dövlət Statistika Komitəsinin son məlumatına görə, Azərbaycanda 52 min 807 orta tibb işçisi var ki, onların da 37 min 322 nəfəri tibb bacılarıdır. Əhalinin hər on min nəfərinə düşən orta tibb işçilərinin sayı 54, tibb bacılarının sayı isə 38.2-yə bərabərdir.

Ölkəmizdə peşəkar tibb bacılarının hazırlanmasına xüsusi diqqət yetirilir, onların bilik və bacarıqlarının artırılması istiqamətində tədbirlər görülür.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: