Günnüt rəngləri - FOTOLAR
2017-ci il 8 may tarixində Naxçıvan Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına sərgi salonunda ulu öndər Heydər Əliyevin anadan olmasının 94 illiyinə həsr olunmuş "Rənglərdə zamanın təcəssümü" adlı fərdi sərgim Şuşanın işğalı gününə təsadüf etmişdi. Çıxışımın sonunda ən böyük arzumu dilə gətirmişdim: "Bəhruz Kəngərli adına sərgi salonunda növbəti sərgim işğaldan azad olunmuş torpaqlarda etdiyim etüdlərdən ibarət olacaq. O əsərlərdə həmin yerlərin təbiət gözəllikləri, abad şəhərləri, xoş təbəssümlü insanlarının təsviri canlanacaq. Bu arzunun tezliklə gerçəkləşəcəyinə inanıram. Çünki bizim ulu öndər Heydər Əliyev ideyalarının layiqli davamçısı olan Prezidentimiz və tarixən öz igidliyi ilə dünyaya səs salan qəhrəmanlarımız var."
Bu arzu 2018-ci il may ayında doğma ərazimiz olan Günnüt azad edildikdən sonra o yerlərə səfərlə reallaşmağa başladı. Yolçuluq Qələbə Gününə təsadüf edirdi, ailəm, qardaşım rəssam Həbib Allahverdiyev və AMEA-nın Naxçıvan bölməsinin Biologiya İnstitutunun elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Namiq Abbasovla birlikdə yola çıxdıq. Namiq müəllim aparılan tədqiqatlarla bağlı, Günnüt torpağında bitən bitkilər, otlar, çiçəklər haqqında maraqlı məlumatlar verirdi. Həm də qarşımıza çıxan təbiət mənzərələri, maraqlı yerləri görəndə ölməz şairimiz Məmməd Arazın şeirlərindən uyğun misraları xatırlaması bu səfərimizə başqa bir çalar qatdı.
Gözəl, sərin havası, ətri, melodiyası, rəngi doğulduğum kəndi- Külüs dağlarını xatırlatdı mənə. Əslində, Naxçıvanın hər qarışı bizim üçün buna görə doğmadır. Çünki hər yer hansısa bir məqamı-dağı, çayı, çiçəkləri ilə doğulduğumuz məkana bənzəyir. Düşmən nəzarətindən yenicə azad olunan ən yüksək bir zirvədə qərar tuturuq. Yanımızda əsgər və zabitlərimizin keşik çəkdiyi səngər uzanır. Artıq bizim üçün bura Vətəninin ən doğma, əziz, həsrətdən sonra qovuşduğumuz bir yeridir.
Əsgərlərimizin nəzarəti ilə Həbiblə bərabər şəkil çəkmək üçün etüd avadanlıqlarımızı quraşdırırıq. Sanki bu da bizim “silahımızdır”, bu yerlərin gözəlliyini, sona çatan yurd həsrətindən sonra özünü daha şux göstərən bahar təravətini hamıya çatdırmaq üçün istifadə etdiyimiz rəssam “silahı”. Bu da təbii ki, əsgərlərimizin vətənpərvərliyindən irəli gəlir. Çünki hər kəs burada özünü bir əsgər kimi hiss edir.
...Palitranın üzərinə rəngləri sıxıb qarışdıraraq o yerlərin koloritinə uyğun rəngləri tapmaq, o təbiəti əks etdirmək çox qururverici idi. Günnütdə çəkdiyim əsər təbiətin bir lövhəsi olsa da bütün yaşadığım, gördüyüm, hiss etdiklərimin təcəssümü, keçirdiyim hisslərin vəhdəti idi. Bura torpağa qədəm qoymanın, onun ətrini duymanın sevinci, təbiətin gözəl zümzüməsini pozan atəş səsinin, dağıdılmış məzarların və bir az kənarında geniş yaşıllıqlar içərisində tək çiçəyin-bütün gülləri təmsil edən qırmızı rəngli lalənin qələbə müjdəli al rəngi, əsgərlərimizlə görüşümüzün qüruru, gələcək qələbənin inamı da qarışmışdı.
Hər tərəf doğmalaşmışdı, hər şey bizimlə öz doğma dilimizdə danışırdı-rənglər də, təbiət də. Günnüt deyirlər bu il daha gözəldir. Sanki qoynuna qayıdan doğma insanların hənirindən, nəfəsindən bir qədər də şuxlaşıb, dirçəlib, özünün nisgilinə son qoyub.
Sevincli idim. Çünki sənət yoldaşlarım və sənətsevərlər qarşısında verdiyim sözü Azərbaycan Ordusunun qətiyyəti, gücü, qüdrəti ilə yerinə yetirə bilmişdim.
Ümidli idim. Çünki inanıram ki, 9 May Qələbə Günündə Günnüt torpağını öpdüyüm kimi tezliklə azad edilmiş Qarabağ torpaqlarına da yollanacağam, havasını, təbiətini hiss edəcəyəm, gördüyüm yerləri rəssam fırçasıyla əbədiləşdirəcəyəm. O gün mütləq gələcək !
Həbibə Allahverdiyeva
Naxçıvan Muxtar Respublikasının əməkdar rəssamı