Plastiklərlə çirkləndirmələr nəticəsində hər il milyonlarla quş tələf olur

A- A A+

Plastiklərlə çirkləndirmələr nəticəsində hər il milyonlarla quş tələf olur. Quşlar plastik kütlələrin zərrəciklərini qidaya bənzədərək udurlar.

NUHÇIXAN xəbər verir ki, bu barədə BMT-nin xəbər mərkəzinin Beynəlxalq Köçəri Quşlar Gününə həsr edilmiş materialında deyilir. Xatırladaq ki, Köçəri Quşlar Gününün builki mövzusu quşların plastiklərlə çirklənmədən müdafiəsidir. BMT-nin Ətraf Mühit üzrə Proqramında plastiklərlə çirkləndirmələrin köçəri quşlara və onların məskunlaşdığı yerlərə təsiri məsələsinin ictimaiyyətin diqqətinə çatdırılmasına cəhd edirlər.

Hər il bəşəriyyət 300 milyon tondan çox plastik məhsul istehsal edir. Bu, dünyada ən geniş istifadə olunan materialdır. Hər il dünya okeanına 8 milyon ton plastik kütlə düşür.

Təəssüf ki, quşların qanadları onları plastiklərlə çirkləndirmələrlə bağlı ölüm təhlükəsindən qoruya bilmir. Quşlar plastik tullantıları qidaya bənzədərək udurlar. İti künclərə malik plastik hissələri qəbul edən quşlar, xüsusən də bala quşlar tez müddətdə tələf olur. Lakin əksər hallarda quşlar zəiflikdən ölürlər. Çünki plastik tullantılar qida dəyərinə malik olmasına baxmayaraq, dolu mədə təəssüratı yaradır. Həmçinin bu materialın tərkibində olan zəhərli maddələr də əlavə təhlükə yaradır.

Quşlar üçün daha bir təhlükə atılmış balıqçı ipləridir. Suda üzən quşlar bu tora düşərək ya tələf olur, ya da digər heyvanlar üçün asan ova çevrilirlər.

Plastiklərlə çirkləndirmələr nəticəsində hər il milyonlarla dəniz quşu tələf olur və bu rəqəmlər artmaqda davam edir. Alimlərin hesablamalarına görə, dəniz quşlarının 90 faizi plastik kütlələrin hissəciklərini udurlar. Əgər 2050-ci ilədək təcili tədbirlər görülməsə, bu göstərici 99 faizədək arta bilər.

BMT-nin Ətraf Mühit üzrə Proqramında köçəri quşlar və digər heyvanlar üçün bu ölümcül təhlükənin azaldılmasından ötrü bütün səyləri birləşdirməyə çağırırlar. Ekspertlər xatırladırlar ki, plastiklərlə çirkləndirmələrə qarşı mübarizə tədbirləri adətən qısa müddət ərzində müsbət nəticələr verir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: