Şəkidə çaqqal sakinlərə hücum edib: 4 nəfər xəsarət alıb - FOTOLAR
Şəki şəhərinin M.Ə.Rəsulzadə prospektində avtomobilin altında gizlənən çaqqal qəfildən ərazidəki sakinlərə hücum edib.
NUHÇIXAN-ın məlumatına görə, hadisə nəticəsində şəhər sakinləri - 71 yaşlı Oktay Əliyev, 71 yaşlı Töhvə Məmmədova, 61 yaşlı Reyhanə Muxtarova və 36 yaşlı Sənan Əmirli müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar dərhal Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunublar.
Xəstəxanadan verilən məlumata görə, pasiyentlərə bədənin müxtəlif nahiyələrinin açıq yarası diaqnozu qoyulub, quduzluq əleyhinə və zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri orta-stabil qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.