Səhiyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə, ulu öndər Heydər Əliyevin anadan olmasının 96 illiyi Naxçıvan səhiyyəsində humanitar tibbi aksiyalarla qeyd edilib.
Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkim və tibb işçiləri Kəngərli rayonunun Qarabağlar kəndində və Culfa rayonunda təşkil olunmuş humanitar aksiyada 174 nəfəri ambulator tibbi müayinədən keçiriblər. Cərrahi müdaxiləyə ehtiyacı olan 35 xəstə üzərində uğurla hemorroidoektomiya, fimoz, LOR, öd kisəsi və başqa əməliyyatlar aparılıb.
Aksiya iştirakçılarına Naxçıvan Muxtar Respublika Xəstəxanasının ambulator kartları da təqdim olunub. İlk dəfə imza atılan bu yenilik aksiyada iştirak edən hər bir xəstənin səhiyyə müəssisəsinin xidmətlərindən daha rahat şəkildə istifadə etməsinə şərait yaradacaq.
Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkim briqadası isə Məhəmməd Füzuli adına Ordubad şəhər internat tam orta məktəbində ambulator müayinələr aparıblar. Cərrahi müdaxilələrə ehtiyac olan 3 uşaq müalicə məqsədilə Muxtar Respublika Xəstəxanasına dəvət edilib.
Humanitar aksiya çərçivəsində məktəb yataqxanasında yaşayan 40 şagird gündəlik istehlak məhsulları ilə, hər iki valideynini itirmiş 6 şagird geyim dəsti ilə təmin edilib.
Babək Rayon Xəstəxanasında keçirilən humanitar tibbi aksiyada Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin 34 həkim və tibb işçisi iştirak edib. 30 cərrahi müayinə əməliyyatı aparılıb, əhaliyə zəruri tibbi xidmət göstərilib.
Akademik Mirəsədulla Mirqasımov adına Respublika Klinik Xəstəxanasının 28 nəfərdən ibarət həkim briqadası Ordubadda dörd günlük humanitar tibbi aksiya keçirib. Ordubad Rayon Mərkəzi Xəstəxanasında 2 min 208 nəfər ambulator müayinə ilə əhatə olunub.
Aztəminatlı ailələrdən cərrahi müdaxiləyə ehtiyacı olan 114 nəfər üzərində ümumi cərrahi, proktoloji, uroloji, fimoz, burun-qulaq-boğaz və digər əməliyyatlar aparılıb.
Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanası Şahbuz Rayon Mərkəzi Xəstəxanasında humanitar tibbi aksiya keçirib. Cərrahi əməliyyata ehtiyacı olan uşaqların müayinəsi aparılıb və cərrahi əməliyyatlar həyata keçirilib. Aksiya müddətində 20 uşaq üzərində fimoz əməliyyatı aparılıb.
Hüseyn Əsgərov